Uğurların mənbəyi

0
487

Mingəçevir şəhərində öz fəaliyyəti ilə seçilən orta məktəblərdən biri də 4 saylı tam orta məktəbdir. 1980-cı ildə tikilib şagird və müəllimlərin ixtiyarına verilmiş və ötən il əsaslı təmir olunmuş bu təhsil ocağı ötən müddətdə xalqımızın zəngin maarifçilik ənənələrini layiqincə davam etdirir. Onu da qeyd edək ki, bu məktəb təlim-tərbiyə və tədris işinin təşkilində, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsində böyük nailiyyətlər qazanıb. Bu mənada, bu məktəbi uğurlu təhsilin məkanı adlandırsaq, məncə, yanılmarıq.

Bu təhsil ocağında olarkən oradakı səliqə-səhman elə ilk tanışlıqdan adamın diqqətini çəkir. Hər mərtəbədə divar boyu müxtəlif dibçəklərdə düzülmüş güllər isə məktəbə alayı bir görkəm verir. Şagirdlərlə söhbətdən öyrəndik ki, belə səliqə-sahmanın yaradılmasında məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Daşqın İsmayılovun əməyi böyükdür.

…Məktəbin direktoru Azər Qazıyev bizimlə söhbətində bildirdi ki, hər il olduğu kimi, bu il də məktəb ail təhsil ocaqlarına qəbul faizi üzrə yenə öndədir. Azər müəllimin sözlərinə görə, müasir həyatımızda kompüter texnologiyalarından istifadə etmədən keçinmək mümkün deyil. Bu baxımdan tədris zamanı kompüter texnologiyalarından istifadə həm keyfiyyət, həm də dərsin maraqlı olması üçün geniş imkanlar yaradır: “Müasir təhsildə internet və kompüter texnologiyalarından istifadə etmədən irəliləyiş əldə etmək mümkünsüzdür, desək yanılmarıq. Odur ki biz bu vasitərlərə də üstünlük veririk”. Bildirdi ki, istər şagirdlər, istərsə də müəllimlər yalnız məktəbdəki fəaliyyətləri ilə kifayətlənmirlər: “Belə ki onlar bu və ya digər tədbirlərə həvəslə qoşulurlar. Məsələn, məktəbin müəllimi Mustafayeva Natəvan 2016-2017-ci tədris ilində “Elektron təhsil” müsabiqəsinin qalibi olub. Müəllimlərimiz – Əsədov Elxan və Abbasova Aygün “Sabahın alimləri” VI Respublika Müsabiqəsində “Mühəndislik” nominasiyası üzrə 3-cü yer tutaraq bürünc medala layiq görülüblər. Lalə Əliyeva, Turan Nəsrullayev, Nicat Hətəmov, Ramin Hətəmov, Quluzadə Səidə, Mirzalı Məmmədov, Yasin Hacıyev və s. şagirdlərimiz də öz fəallıqları ilə fərqlənirlər. Belə ki, onlar həm inşa yazı müsabiqəsində, həm də Mingəçevir “İstək” liseyinin şəhərin ümumtəhsil məktəbləri arasında keçirdiyi ingilis-dili müsabiqəsinin də qalibi olublar. Məktəbimizin şagirdləri idman yarışlarında da qaliblər sırasındadırlar”. O daha sonra dedi: “Əldə olunmuş bütün bu kimi uğurlarımız müəllimlərimizin və şagirlərimizin bilik və bacarıqlarının bariz nümunəsidir”.

Azər müəllim həmçinin qeyd etdi ki, vaxtaşırı məktəbdaxili imtahanların keçirilməsi də həmişə rəhbərliyin diqqət mərkəzindədir.

Esmira Hidayətova, Mingəçevir