Uğurlarımız ilbəil artır

0
419

Mingəçevir şəhərində fəaliyyət göstərən orta ümumtəhsil məktəbləri qəbul imtahanlarında həmişə yüksək nəticələr göstərib. Belə təhsil ocaqlarından biri də İsmət Qayıbov adına 10 saylı tam orta məktəbdir. Bəri başdan qeyd edim ki, bu məktəb əsaslı təmir olunaraq müasir avadanlıqlarla təmin olunaraq şagird və müəllimlərin ixtiyarına verilib.

Məktəbin direktoru Xumarə Mikayılovanın sözlərinə görə, hər bir ölkənin gələcəyi gənclərdən asılıdır: “Bu il 71 şagirdimiz 11-ci sinifi bitirib ki, onlardan 41 nəfəri alı məktəblərə qəbul olub. Uğurlarımız ilbəil artır. Onu da deyim ki, bu il  ali məktəblərə qəbul olanlardan 8 nəfər 500-dən, 1 nəfər 600-dən yuxarı bal toplayıb”. Ötən tədris ilindən rəhbərlik etdiyi məktəbdə rus bölməsinin də fəaliyyətə başladığını vurğulayan Xumarə xanım həmçinin bildirdi ki, məktəb məzunları Rusiyanın, Türkiyənin, eləcə də dünyanın müxtəlif ölkələrinin ali təhsil ocaqlarına qəbul olunublar.

Daha sonra yeni tədris ilindən söz açan direktor dedi: “Artıq  yeni tədris ilindən məktəbimizdə 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq qrupları açılıb”. Onun sözlərinə görə, bu tədris ilindən etibarən İsmət Qayıbov adına 10 saylı tam orta məktəb təmayüllü məktəblər sırasında fəaliyyət göstərəcək. Belə ki, məktəbdə riyaziyyat, iqtisadiyyat təmayüllü siniflər təşkil olunub. Artıq 20 şagird müsabiqə yolu ilə bu siniflərə seçilib.

Söhbətinin sonunda isə o, belə söylədi: “1976-cı ildən təməli qoyulan bu məktəbin məzunları arasında tanınmış mühəndislər də var, həkimlər də var, hərbiçilər də… Məzunlarımız erməni işğalçılarına qarşı aparılan mübarizədə də fərqləniblər. Onların bir neçəsi şəhidlik zirvəsinə yüksəliblər”.

Esmira Hidayətova