“Uğurlarımın arxasında yuxusuz gecələr və ağır zəhmət var”

563
Bu yaxınlarda həmyerlimiz Samir Sadıqov “Hankook” şirkətinin keçirdiyi “Hankook Tyre Design Challenge 2014” müsabiqəsinin qalibi olub.
 Samir gələcək üçün hazırladığı təkərlərə əfsanəvi Dakar ralli-reyd marafonunun adını verib. Adından da göründüyü kimi, bu təkərlər keçilməz yollarda, yəni ekstremal şəraitdə baş tutan yarışlarda zədələnməni minimuma endirmək məqsədi daşıyırlar. Heksaqonal dizaynı sayəsində təkərin protektoru müxtəlif tipli yol səthi ilə maksimum ilişməni təmin etməlidir. Hər bir altıbucaqlı blok məxsusi hava kamerasına malikdir, ona görə də deşilmə zamanı sürücü bütün təkəri deyil, yalnız məhz həmin bloku dəyişəcək, bununla da yarış zamanı vaxt itkisi minimuma enəcək. Konseptual təkərləri həm minik, həm də yük maşınlarına taxmaq olar, yan elementin rəngini isə dəyişmək mümkündür. Qeyd edək ki, Samir Sadıqov hələ 21 yaşı olarkən  “Ferrari 2011 Beynəlxalq Dizayn Müsabiqəsi”nə təqdim etdiyi “Xəzri” adlı idman avtomobilinin dizaynına görə ikinci yerə layiq görülüb. Həmin müsabiqəyə dünyanın 30 ən yaxşı dizayn universitetindən ümumilikdə 600 layihə təqdim olunub. Müsabiqədən sonra “Ferrari” şirkəti Samir Sadıqova iş də təklif edib. Samirin uğurlarını oxucularımızla paylaşmaq məqsədilə onunla əlaqə saxladıq, bizi maraqlandıran sualları ona ünvanladıq.

– Samir bəy, uğurlarınızdan bəhs etməzdən əvvəl istərdik ki, oxucularımız sizi daha yaxından tanısınlar?

– Hal-hazırda 24 yaşım var və Gəncə şəhərində doğulmuşam. Gəncə Özəl Türk Liseyi məzunuyam və özümü şanslı hiss edirəm, o liseyin məzunu olduğu üçün. Məzun olduqdan sonra 2 il İstanbulda yaşadım və o ərəfələrdə İtalyadakı İED-yə (Avropa Dizayn İnstitutu) qəbul oldum dərəcə ilə və rektor mənə işlərimin keyfiyyətindən ötrü birbaşa 2-ci kursdan başlamağı təklif etdi.

– İlk nailiyyətlərinizdən olan “Mənim ölkəm” layihəsi haqqında bizə məlumat verərdiz?

– İED-ə qəbul olmaq üçün təqaüd yarışması var idi. “Mənim Ölkəm” başlığında. Hər fakultəyə uyğun bir layihə hazırlanmalı idi. Nəqliyyat dizaynı fakultəsinə girmək istədiyim üçün mən də bu mövzüda Bakı şəhərinin metro qatarlarının yeni dizaynını hazırlayıb yarışmaya göndərdim. Şükürlər olsun ki, yarışmadan qalib olaraq ayrılmaq nəsib oldu.

– Avropa Dizayn Universitetində mühit necə idi? Bu məktəbi bitirən hər kəs uğur qazana bilirmi?

– Rahatlıqla deyə bilərəm ki, çox sərbəst və qeyri-rəsmi muhit var idi. Bu da bizim kimi incəsənət və dizayn üzrə oxuyan tələbələrə həqiqətən rahatlıq verirdi və istədiyimiz metodla hazırlaşa bilirdik fənnlərə. Təəssüfki qazanılacaq uğuru universitetə ya da, təhsil ocağına bağlaya bilmərəm sadəcə. Çünki onların vəzifəsi sizə bilik verməkdir sadəcə, bunu həzm edib və ortaya nəticəsini qoymaq tamamilə tələbəyə duşən bir məsuliyyətdir. Bunun isə tək yolu var – çox çalışmaq.

– Azərbaycanlı dizayner, Beynəlxalq dizayn müsabiqəsi və Ferrarinin “Xəzri” modeli… Bu barədə nə deyə bilərsiniz?

– Xəzri, qazandığım uğurların ən başında gəlir deyə bilərəm. O uğurun arxa planında, yuxusuz gecələr və ağır zəhmət var. Şükür Allahaki, o zəhməti yerdə qoymadı və dünyanın 30 ən yaxşı incəsənət üniversiteti arasında, 600-dən artıq layihə arasından 2-ci seçildi. Unudulmaz günlər idi mənim üçün. Lakin bununla qalmayacağına inanıb, daha da çox çalışıb millətimi təmsil etməyə çalışacam gücüm çatdığı qədər.

– Samir bəy, uğurlarınız barədə danışarkən bildirirsiz ki, “Hər şey xəyalla başlar”. Bəs bu xəyallar necə gerçək edilməlidir?

– Bəli xəyallar quraraq başlayır hər şey. Onları gerçəkləşdirmək üçün o mövzüda ciddi əzm göstərilməlidir. Nə bahasına olursa olsun, məşru dairədə o xəyalı gerçəkləşdirmək üçün insan əlindən gələnin hamısını etməlidir. Bunun üçün də gecə gündüz o xəyalın gerçəkləşməsi adına çox çalışılmalıdır.

– Gənclərimizə nə tövsiyyə edərdiniz?

– Gənclərimiz, mənim dərdli yerlərimdən biridir. Özümdə bir gənc olaraq görürəm ki millət olaraq nələri edə biləcək gücdəyik. Təəssüfki bunu layiqincə nümayiş etdirmirik. Düşünürəmki bu mövzuda biz gənclərə həqiqətən ciddi məsuliyyət düşür. Bu məsuliyyət həm şəxsi, fərdi çərçəvədə, həm də milli şüur içində olmalıdır. Gənclər olaraq bizdə bunu dərd edinməliyik. Fərqi yoxdur hansı peşə üzrə olursa olsun, o peşədə zirvədəki nöqtə hansıdırsa onu hədəf qoyub, bu hədəf üçün gecə-gündüz çalışmaq lazımdır. Gənclərimiz anlamalıdır ki, dünyadaki böyük nəaliyyətlərə imza atan şəxslərin bizlərdən heç bir artığı yoxdur. Onlar da bizim sahib olduqlarımıza sahibdirlər. Şahidiyəmki Qərb dünyasında insanlar necə canla çalışırlar. Gənclər çalışıb hansı işi sevdiklərini təyin etməlidir. Etdikdən sonra o mövzüda ciddi araşdırmalar aparıb, gediləcək olan yolun bütün xəritəsini artıq bilməlidirlərki hara necə və ən qısa vaxtda getsinlər. Bunun üçün də bir metod var. İxlasla, disiplinlə və əzmlə gecə gündüz ÇALIŞMAQ.

Elvin Əliyev