Uğur xüsusi bir kateqoriya deyil ki…

638

Hər gün müxtəlif insanlarla qarşılaşırıq. Kimisi mehriban, kimisi bədbin, kimisi işgüzar, kimisi gərgin. Qarşılaşdığımız insanlardan həyatda uğur qazananlar da olur, qazanmayanlar da. Amma elə insanlar da var ki, daim gülərüz, daim pozitiv olmağı bacarırlar, uğur qazana bilirlər. Bəs bunun sirri nədir?

“Mənfi şeylər düşünən insanlar daimi pozitiv ola bilməzlər”

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, başqaları haqqında xoş düşüncədə olan insanlar bunu real həyatda da büruzə verirlər: “İnsanlar haqqında müsbət düşüncədə olmaq insanın özünü də daxilən rahatlaşdırır, pozitiv olmasına şərait yaradır”.

Onun dediyinə görə, əksinə, başqaları haqqında daim mənfi fikirdə olanlar daxilən özləri də narahat olmurlar: “Bu insanlar hər şeydən öncə özlərini daxilən gərginləşdirirlər. Tutaq ki, bir insan haqqında mənfi düşüncədəsiniz və onun bundan xəbəri yoxdur. Təbii ki, bu gərginliyi, ilk növbədə, özünüz yaşayırsınız və bu, gündəlik həyatınızda müxtəlif formalarda özünü büruzə verir. Ona görə də ən yaxşısı birincilərdən olmaqdır. Ancaq mənfi şeylər düşünən insanlar daimi pozitiv ola bilməzlər”.

“Ağzımızdan bir sözü qaçırırıq, kiməsə pis təsir edirsə, artıq əhvalımıza təsir eləyir”

Mövzu ilə bağlı suallarımızı cavablandıran sosioloq Cavid İmamoğlu isə məsələni belə şərh etdi: “Bu gün cəmiyyətimizdə ən çox istifadə edilən sözlərdən biridir pozitivlik. Amma əksəriyyət onun mahiyyətinə, fərqinə varmır ki, pozitivlik nə deməkdir. Pozitivizm fəlsəfi cərəyandır. Avropada pozitivizm cərəyanı yarananda məqsəd bu idi ki, qarmaqarışıq Avropanı bir sistemə salsınlar. Pozitivizm özü sistem deməkdir. Yəni ki, insan gərək öz həyatında intizamlı ola. İnsanın mənəvi qidası, yaxud psixoloji, maddi rifahı o vaxt olur ki, sən əmin olursan ki, işlərin qaydasındadır. Ona görə də insan gərək, ilk növbədə, öz şəxsi həyatına düzən versin. Buna deyirlər pozitivizm, buna deyirlər pozitivlik. Həyatına düzən gəlməlidir, nəzarət edə bilməlisən. Yoxsa orda problem, burda problem, ailədə problem, işdə problem, təhsildə problem, maşında problem. Bu problemlər davamlı olaraq səni narahat eləyir və neqativ təsirlərin altında qalırsan, bədgüman olursan. Ona görə də insan gərək, ilk növbədə, işlərini qaydasına salsın, belə deyək, rəftarını, həyatını, əxlaqını qaydasına salsın.

Məsələn, deyilməyən sözə görə biz narahat ola bilmərik, ancaq ağzımızdan hər hansı bir sözü qaçırırıq, bu kiməsə pis təsir edirsə, bu artıq bizim də əhvalımıza təsir eləyir. Ona görə də insan danışığına, yeməyinə, içməyinə, geyim tərzinə, münasibətinə, rəftarına, aldığı geyimə qədər gərək hər şeyə nəzarət eləsin, onu bir çərçivədə saxlamağı bacarsın – buna deyərlər pozitiv həyat. Onda insan, belə deyək, gələcəyə ümidlənər. Təəssüflər olsun ki, bizdə pozitivizmlə şadlanmağı, şənlənməyi səhv salırlar”.

Sosioloq bir maraqlı məqama da diqqət çəkdi: “Biz belə fikirləşirik ki, pozitiv insan qəmlənə bilməz, pozitiv insan hər zaman “hırıldamalıdır”. Belə bir şey yoxdur. Pozitivizm budur ki, sənin bütün hisslərin yerində olsun – qəmlənə də biləsən, kədərlənə də biləsən, xoşbəxtlik məqamı gələndə sevinə də biləsən, ünsiyyət zamanı təbəssüm də edə biləsən. Yəni sənin bütün hisslərin yerində olsun”.

“Pulları var, ancaq uğurlu həyat tərzləri yoxdur”

“Bəs uğur qazanmaq üçün xüsusi bir düstur varmı?” sualımıza müsahibimizin cavabı belə oldu: “Ümumi məqamlar var ki, düşünürəm ona əməl edənləri uğur qazana bilən insanlar saymaq olar. Bu mənada bir neçə məqamı qeyd etmək istərdim. Birincisi, tənbəl olmamaq, mümkün qədər aktiv bir insan olmaq. Geniş mənada həyatın bütün sahələrində – məişət həyatında, maddi həyatda, mənəvi həyatda tənbəllik eləməmək, vaxtın dəyərini bilmək, iş görməkdən qorxmamaq. İkincisi, dözümlü olmaq. Yəni insan gərək çətinliklər qarşısında dözümlü ola bilsin. Çətinlikləri qəbul edib, aşmağa gücü olsun. Üçüncüsü, insanın qəlbində gərək müqavimət gücü olsun. Hansısa hadisələr zamanı öz müqavimət ruhunu ortaya qoysun, reaksiya versin. Dördüncüsü, inam olmalıdır. Uğur əldə etmək üçün bu vacib keyfiyyətlərdən biridir. Beşincisi, yaxşılıq eləməyə adət etməlisən, yaxşılıq sənin gündəlik keyfiyyətlərindən biri olmalıdır. Xeyirxahlıq sənin gündəlik rəftarın olmalıdır. Davamlı olaraq yaxşılıq eləməlisən. Yəni bu gün yaxşılıq etdim – qeyri-adi bir davranış elədim kimi olmamalıdır. Ən əsası isə hörmətcil insan olmalısan. Belə insanlar mənim fikrimcə, uğurlu insanlardır, uğur qazanırlar. Həmin insanlar bəlkə də bir manatın sahibidirlər, bəlkə də milyardların sahibidirlər, ancaq əsas odur uğur qazanıblar artıq. İnsanın gərək maddi və mənəvi rifahı olsun, müdrikliyi olsun. Uğurlu insan gərək hadisələr qarşılığında səbirli olsun.

Bir çox insanlar var ki, pulları var, ancaq uğurlu həyat tərzləri yoxdur, uğurlu ailələri yoxdur, uğurlu övladları yoxdur. Mümkün deyil ki, bir insan tənbəl olmaya, dözümlü ola, çalışqan ola, amma eyni zamanda iqtisadi cəhətdən geriyə düşə. Əksər tənbəllər kasıblardır, dözümlü olan insanlar isə həyatda uğur qazananlardır. Mənəvi cəhətdən uğur tənbəl olmayıb, öz ruhuna, öz mədəniyyətinə fikir verən insanlara aiddir. Onlar pak, əxlaqlı insanlardı. Münasibətlərdə insanlara dəyər verirlər, qarşılıqlı ünsiyyətə meyillidirlər. Ailə, dostlar, cəmiyyət onlar üçün həmişə əhəmiyyətlidir. Uğur xüsusi bir kateqoriya deyil ki, ora çatdın, oldun uğurlu. Hörmət hörmətə bağlıdır prinsipini sən öz həyatında təmin eləyə bilirsənsə, deməli, uğurlu həyat yolu keçirsən, keçmisən. Həyatın müxtəlif vaxtlarında biz uğur əldə edə bilərik. Bunlar da öz yerində, ancaq, ümumiyyətlə, uğurlu həyat üçün bu məsələlərə vərdiş eləməyimiz vacibdir”.