“Uğur” “Fəal”dan fəal oldu və uğur qazandı

479

Mingəçevir Turizm KollecindəAzərbaycanın dövlət müstəqilliyinin 27-ci il dönümünə həsr olunmuş tədbirlər proqramına uyğun olaraq oktyabrın 15-də “Müstəqilliyimiz qürurumuzdur” mövzusunda bilik yarışı keçirilib. Yarışda ayrı-ayrı tədris qruplarının tələbələrindən təşkil olunmuş “Zəka”, “Uğur”, “Real”, “Düha”, “Elit” və “Fəal” komandaları iştirak edib. Bilik yarışının təşkili ilə bağlı təşkilati məsələlər tarix müəllimi Eldar Dərişov tərəfindən həyata keçirilib. Münsiflər heyətinə isə fənn müəllimləri Şəms Məmmədova və Samir Tağızadə daxil edilib. Müsabiqədə iştirakçılara Azərbaycan tarixindən, xüsusilə də dövlətçilik tariximiz və milli müstəqillik uğrunda mübarizə tarixi mövzusunda suallar təqdim olunub. Müsabiqə 3 mərhələdən ibarət təşkil olunub.

1-ci mərhələdə “Düha” və “Elit” komandaları, 2-ci mərhələdə isə “Zəka” və “Real” komandaları məğlub olaraq mübarizəni tərk edib. “Uğur” və “Fəal” komandaları isə ilk 2 mərhələnin nəticələrinə görə daha çox xal toplayaraq 3-cü mərhələdə iştirak etmək hüququ qazanıb. Bu mərhələdə komandalar  gərgin  mübarizəsi ilə keçib . “Uğur” komandası əlavə sualları vaxtından əvvəl və düzgün cavablandırıb. Beləliklə MUİ-18 qrupu tələbələrindən təşkil olunmuş “Uğur” komandası 18 oktyabr Müstəqillik günü münasibəti ilə kollecdə keçirilən bilik yarışının qalibi adını qazanıb. Qalib komandanın üzvləri həvəsləndirici mükafatla və fəxri fərmanlarla təltif ediləcək.

Esmira Hidayətova, Mingəçevir