Uels sammiti Ukraynanın NATO-ya üzvlük ümidlərini doğrultmadı

0
420

Ukraynada Rusiya meyilli separatçılarla qızğın döyüşlər getdiyi bir zamanda Uelsin Nyuport şəhərində keçirilən NATO sammitində II Dünya müharibəsindən sonra Avropada yaranan və hərbi strateji önəmi baxımından Qərb üçün ciddi təhlükə hesab edilən Kiyev-Moskva münaqişəsi əsas müzakirə hədəflərindən biri olub.  Rusiyanın dəvət olunmadığı sammitdəki çıxışlar zamanı qeyd edilib ki, Ukraynaya məxsus Krımın Rusiya tərəfindən işğal edilməsi və hazırda adıçəkilən ölkənin cənub-şərqində gedən döyüşlərdə Moskvanın separatçılara canlı hərbi qüvvə və texnika ilə yardım etməsi Avropada yeni və təhlükəli münaqişə ocağının yaranmasına gətirib çıxarıb. Qeyd edilib ki, Rusiyanın yenidən imperiyanı bərpa etmək cəhdləri və bu müstəvidə hərbi təcavüzə əl atmaqdan belə çəkinməməsi Avropanı yenidən qanlı münaqişələrə səhnə olma təhlükəsi ilə üz-üzə qoyub. Bununla bağlı NATO-nun Baş katibi Anders Foq Rasmussenin açıqlaması diqqəti cəlb edib. Rasmussen  açıq şəkildə bəyan edib ki, Krımı işğal etdikdən sonra Rusiya separatçılar pərdəsi altında gizlənərək Ukraynaya qarşı yeni təcavüzə başlayıb. Krımın işğalının tanınmayacağını xüsusi vurğulayan NATO  Baş katibi Rusiyanın Ukraynaya təcavüzünü pisləyərək: “Rusiya dərhal öz qoşunlarını Ukraynadan çıxarmalı və separatçılara hərtərəfli yardımı dayandırmalıdır,”- deyib.

 NATO Ukraynaya hərbi-texniki yardımları artıracaq

Anders Foq Rasmussen Rusiyanın Ukrayna ərazisini işğal etməsinin beynəlxalq aləmdə xoşagəlməz hadisələrə yol açacağını və bundan daha çox qarşı tərəfin zərər görəcəyi barədə Moskvaya sərt xəbərdarlıq edib.

Bu müstəvidə də Rasmussenin sammitdə iştirak edən Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşü də diqqət mərkəzində olub. Rasmussen görüşdən sonra jurnalistlərə verdiyi açıqlamasında deyib ki, NATO səviyyəsində Ukraynanın təhlükəsizliyini təmin edən bəzi addımlar atılacaq. O, bu addımların nədən ibarət olduğunu deməsə də, söhbətin NATO ölkələri tərəfindən Ukraynaya böyük həcmdə hərbi texniki yardımların göstəriləcəyindən getdiyi ehtimal edilir. Hər halda

NATO Baş katibinin Ukraynaya müxtəlif sahələr üzrə yardımlar göstərilməsini nəzərdə tutan tədbirlər paketinin hazırlandığını söyləməsi və müdafiə sahəsində birgə tədbirlərin həyata keçiriləcəyini bəyan etməsini təsadüfi hesab etmək olmaz. NATO ölkələrinin Rusiyadan gələn təhlükəyə qarşı Ukraynaya irimiqyaslı hərbi və hərbi-texniki yardımlar göstərməyə hazırlaşması faktını Ukrayna prezidenti Pyotr Poroşenkonun verdiyi açıqlama da sübut etməkdədir. Poroşenko deyib ki, artıq NATO-ya daxil olan bəzi ölkələr Ukraynanı yüksək dəqiqliyə malik öldürücü silahla təchiz etməyə razılıq verib.

O eyni zamanda bildirib ki, NATO-ya üzv dövlətlərin bir çoxu Rusiyanın təcavüzünə qarşı Ukraynaya hərbi-texniki yardım göstərmək niyyətindədirlər. Poroşenkonun bu açıqlaması onunla NATO-ya üzv aparıcı dövlətlərin rəhbərləri arasında bağlı qapılar arxasında keçirilən görüşdə Ukraynaya yüksək səviyyədə hərbi yardım göstərilməsi barədə hansısa razılığın əldə edildiyini ehtimal etməyə imkan verir. Hələliksə, NATO ölkələri Ukraynaya 15 milyon avro yardım ayırmağı qərara alıblar.

 Buna paralel olaraq döyüşlərdə yaralanan ukraynalı hərbçilərin NATO-ya üzv ölkələrdə müalicə olunması barədə  tərəflər arasında razılığın əldə edilməsi də Qərbin hazırda əsas diqqətinin Ukraynaya və Avropaya Rusiyadan gələn təhlükənin qarşısnın alınmasına yönəldiyini göstərir.

Ukraynanın NATO-ya üzvlük

ümidləri boşa çıxır

NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının Uelsdə keçirilən sammitində Ukraynanın bu quruma üzvlüyü ilə bağlı məsələ müzakirəyə çıxarılmayıb. Buna səbəb isə NATO-ya üzv ölkələr arasında Ukraynanın bu quruma üzvlüyü ilə bağlı fikir ayrılıqlarının olmasıdır. İş orasındadır ki, hələ 2008-ci ildə Rusiyanın  Gürcüstana müdaxiləsi zamanı olduğu kimi, bu dəfə də NATO-ya üzv bəzi ölkələr, xüsusi ilə Almaniya təcavüzə məruz qalmış dövlətlərə münasibətdə belə demək mümkünsə Rusiyanın maraqları çərçivəsindən çıxış edirlər. Almaniyanın dövlət başçısı xanım Angela Merkelin o dövrdə Rusiyanın təcavüzünə məruz qalan Gürcüstanın, indi isə Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxması, bununla bağlı Berlinlə Moskva arasında hansısa gizli razılaşma olduğu barədə çoxsaylı ehtimalların meydana çıxmasına yol açıb.  Merkelin belə bir mövqe nümayiş etdirməsi isə öz növbəsində  NATO-ya üzv ölkələr arasında fikir ayrılıqlarının ortaya çıxmasına səbəb  olub. Təsadüfi deyil ki, adının çəkilməsini istəməyən Fransanın yüksək səviyyəli dövlət rəsmilərindən biri Rusiyanın Avropa üçün yeni təhlükə mənbəyinə çevrilməsində Merkeli günahlandıraraq: “Əgər Merkel 2008-ci ilin sentyabrında Buxarestdə keçirilən NATO sammitində Gürcüstanın NATO-ya üzv qəbul edilməsi barədə ABŞ-ın təklifinə qarşı çıxmasaydı, onda bu gün  Rusiya tərəfindən Krımın işğalı və Ukraynanın cənub-şərqinə təcavüzü də baş verməz, Avropa yeni bir təhlükə qarşısında qalmazdı”,-demişdi.

NATO-nun Uels sammitində Norveç hökumətinin başçısı Erna Sulberq də Ukraynanın NATO-ya üzv olmasına qarşı çıxıb. O deyib ki, hazırda Ukraynanın NATO-ya üzv olması tələsik atılan addımlardan biri olardı. Erna Sulberq: “Ukraynanın NATO-ya üzvlüyü məsələsinə yalnız gələcəkdə baxıla bilər”.

 Çox güman ki, Norveçin bu mövqeyi bu ilin oktyabr ayının 1-də NATO Baş katibi kimi fəaliyyətə başlayacaq norveçli Yens Stoltenberq tərəfindən də davam etdiriləcək.

 Xatırladaq ki, sammit ərəfəsində ABŞ müdafiə naziri Çak Heydel Ukraynanın  Rusiyanın təcavüzü qarşısında tək qoyulması anlamına gələn açıqlama verərək: “Ukraynaya görə ABŞ Rusiya ilə müharibə etməyəcək”,-demişdi.

 Əslində onun bu açıqlaması Rusiyanın Ukraynaya qarşı daha geniş hərbi təcavüzə şirnikləndirilməsi kimi də başa düşülə bilər. Hər halda məntiqi

baxımdan Heydel Rusiyanın Ukraynaya qarşı daha geniş şəkildə təcavüzə şirnikləndirilməsinin qarşısının alınması üçün belə bir açıqlama verməməli idi.

Yeri gəlmişkən onu da deyək ki, sammit ərəfəsi Ukraynada NATO-ya üzvlük barədə qanun layihəsi qəbul edilib və prezident Poroşenko sammitdə ölkəsinin NATO-ya üzv olması ilə bağlı hansısa ilkin sənədin qəbul ediləcəyinə ümid edirdi. Amma Poroşenkonun ölkəsinin NATO-ya üzvlüyünə olan ümidləri hələki özünü doğrultmur. Bu isə faktiki olaraq Ukraynanın Rusiya təcavüzü qarşısında tək qoyulması deməkdir. İş orasındadır ki, son hadisələr Qərb tərəfindən Ukraynaya göstərilməsi nəzərdə tutulan hərbi-texniki yardımların təcavüzün qarşışının alınması üçün yetərli olmayacağını göstərir.

Bununla belə Rusiyanın Ukraynaya təcavüzü  NATO ölkələrinin öz hərbi büdcələrini artırmağa məcbur edib. Bu çərçivədə də dünən ABŞ prezidenti Barak Obama və Britaniyanın baş naziri Devid Kemeronun 28 üzv ölkənin liderləri ilə görüşündə  NATO-ya üzv  dövlətlərin müdafiə xərclərinin yenidən artırılması barədə razılıq əldə edilib.

Yalnız sanksiyalar və Ukrayna ilə həmrəylik

 NATO sammitində Ukrayna üçün yeganə təsəlliverici hadisə ABŞ prezidenti Barak Obama, Ukrayna və Avropa İttifaqına üzv olan bir sıra dövlətlərin başçıları Rusiyaya qarşı əlavə sanksiyaların vacibliyinə dair razılığa gəlmələri hesab edilə bilər.

Belə ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rodsun sözlərinə görə, prezident Obama Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Ukrayna liderləri ilə görüşüb: “Prezident Obama və onun avropalı həmkarları Ukrayna ilə həmrəy olduqlarını ifadə ediblər və bu ölkədə demokratiyanı bundan sonra da dəstəkləyəcəklərini vəd ediblər. Dövlət başçıları bir daha Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün Rusiya tərəfindən pozulmasını pisləyərək Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinin vacibliyinə dair razılığa gəliblər”.

Amma hadisələrin gedişi göstərir ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünün qarşısını sanksiyalarla almaq mümkün olmayacaq.

Qeyd edək ki, dünən sammitdə Ukrayna ilə həmrəylik nümayiş etdirilən və Rusiyanın bu ölkəyə qarşı təcavüzü sərt şəkildə pislənilən   yekun qətnaməsi qəbul edilib. Amma çətin ki, bu yolla Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almaq mümkün olsun. ƏZIZ MUSTAFA

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here