Uels şahzadəsi Çarlz Böyük Britaniyanın yeni kralı oldu

40

Böyük Britaniyanın Kraliçası II Elizabetin böyük oğlu, Uels şahzadəsi Çarlz anası cümə axşamı 96 yaşında vəfat etdikdən sonra Böyük Britaniyanın yeni monarxı oldu.

Çarlz Britaniya taxtına çıxan ən yaşlı (73 yaş) varisdir. O, anasının ölümündən sonra dərhal kral oldu, çünki ənənəyə görə ölkədə monarxın olmamasına yol verilmir.

Britaniya kralının mətbuat xidməti yeni kralın III Çarlz adını aldığını bildirib. Bəzi monarxların əvvəllər etdiyi kimi, yeni kral özünün digər adlarından birini istifadə edə bilər. Kral Çarlzın tam adı Çarlz Filip Artur Corcdur, ona görə də o, bu adlardan birini kral adı kimi istifadə edə bilərdi.

Kral Çarlz anası kraliça II Elizabetin ölümündən sonra verdiyi açıqlamada bildirib ki, anamın ölümü bütün dünyada dərindən hiss olunacaq: “Sevimli anam ülyahəzrət kraliçanın vəfatı mənim və ailəmin bütün üzvləri üçün ən böyük kədər anıdır. Bilirəm ki, onun itkisi bütün ölkədə, səltənətlərdə və bütün dünyada saysız-hesabsız insanlar tərəfindən dərindən hiss olunacaq. Bu matəm və dəyişiklik dövründə, ailəm və mən kraliçaya insanların bu qədər geniş şəkildə nümayiş etdirdiyi hörmət və dərin məhəbbətini bilməklə təsəlli tapacağıq”.

Milli matəm dövrü 7 gün davam edəcək. Kraliçanın cənazəsi Şotlandiyadakı Balmoral sarayından Bukinqem sarayına aparılacaq və ehtimal ki, beş gün orada qalacaq.