UEFA-nın iki “sarı”sı

Bu ayın 6-da Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda Bakıda keçirilmiş “Qarabağ” — “Dnepr” oyununda elə bir olay baş verib ki, indi hamı, hətta UEFA ondan danışır. Bəri başdan deyim ki, həmin olayın “qəhrəmanları” Tofiq Bəhramov adına Respublika Stadionun media sektorunda yer almış bizim bəzi özlərindənrazı jurnalistlərdir. Nə baş verib? Onlar nə ediblər? Səbiriniz olsun…

Bəli, “Qarabağ”ın rəsmiləri “Qarabağ” — “Dnepr” oyunu zamanı daha bir ilkə imza atmaq istəyiblər. Belə ki, media ilə iş otağında 90 dəqiqə ərzində jurnalistlər su, çay və isti yeməklərlə təmin olunublar. Lakin bizim bəzi jurnalistlər bu addımı layiqincə qiymətlərə bilməyiblər, üstəlik, bundan sui-istifadə ediblər. Daha doğrusu, onlar burada yeyib-içməklə kifayətlənməyərək, klubun əməkdaşlarının etirazlarına baxmayaraq, həmin yemək-içməkdən özləri ilə tribunaya — media sektoruna daşıyıblar və başlayıblar burada bəh-bəhlə həzm-rabedən keçirməyə. Bununla da media sektorunu, UEFA demişkən, piknikə çeviriblər. Bu qeyri-adi mənzərə də UEFA rəsmilərinin gözündən yayınmayıb. Və onlar bu faktı UEFA-nın raportuna salıblar. Üstəlik, raporta həmin piknikdən şəkillər də yerləşdiriblər. Bəli, bu yemək-içməkləri ilə də bizim bəzi jurnalistlər olduqca gözəl təşkil olunmuş bir matça xələl gətiriblər. Əvvəla, onu qeyd edək ki, bu, istər beynəlxalq, istərsə də yerli arenada, doğrudan da xoşagələn bir hal hesab oluna bilməz. Məncə, buna görə bu məsələdə UEFA-nın bizə “sarı kart” göstərməyə müəyyən haqqı var.

Ay mənim yazar qardaşlarım, siz belə hərəkət etməklə nə demək istəyirdiniz axı? Yoxsa özünüzü Avropaya yeyib-içən oğlanlar kimi göstərmək niyyətində idiniz? Onsuz da dünya bizi yeyib-içənlər kimi tanıyır da… Belə olan təqdirdə axı buna nə ehtiyac vardı?

Bir də həmin yazarlar niyə öz günahlarını etiraf etmirlər? Niyə indiyədək onlardan biri ortaya çıxıb demir ki, bəli, bu oyunda qarnımız, həqiqətən də, başımıza bəla oldu, nəfsimizə hakim ola bilmədik, nəticədə oyunun təşkilatçılığına kölgə saldıq. Buna görə üzr istəyirik. Bu o qədər də çətin bir işmidir, cənablar? Bir də sizi ora ona görə dəvət etməmişdilər axı. Dəvət etmişdilər ki, elə oyun gedə-gedə həmin sektordan “Qarabağ” — “Dnepr” oyununu işıqlandırasınız. Siz isə mədənizi “işıqlandımağa” üstünlük verdiniz. Bu işıq da son anda belə gözəl oyuna kölgə saldı. Amma kim nə deyir desin, bu məsələdə klubun bəzi rəsmilərinin də günahı az deyil. Onlar bizim bəzi jurnalistlərin bağca uşaqlarına xas hərəkətlər edə biləcəklərini öncədən ölçüb-biçməli idilər. Yeri gəlmişkən, bir məqama da toxunmaq istəyirəm. Müşahidələrimə əsasən, onu da deyim ki, media sektorunda yer almış bəzi jurnalistlər əksər hallarda adi azarkeşlərdən o qədər də fərqlənmirlər. Məhz onlar da 90 dəqiqə ərzində sektoru tum qabıqları ilə “zənginləşdirir”, siqaret kötüklərini hara gəldi atırlar. Nə qədər qəribə olsa da, həmkarları belə onlara irad tutmurlar. Amma yazı yazarkən azarkeş mədəniyyətinin elə incəliklərinə toxunurlar ki…Bir də bəzən media sektorunda oturanların bəziləri heç media əhli də olmur.

Hə, lap unutmuşdum, bizim bəzi jurnalistlərin komandamıza azarkeşlik etməsi qonaqların — Ukraynadan gəlmiş jurnalistlərin narazılığına səbəb olub. Onlar UEFA nümayəndələrinə irad bildiriblər ki, azərbaycanlı jurnalistlərin tez-tez ayağa qalxmasına görə meydanı görə bilməyiblər, bu da onların peşə faəliyyətinə mane olub. Gözünə döndüyüm UEFA-nın əməkdaşları bunu da nəzərə alıblar. Vallah, buna görə şəxsən mən jurnalistlərimizi qınaya bilmərəm. Hətta onların belə oturub-durmalarını, komandamıza bu şəkildə azarkeşlik etmələrini normal qarşılayıram. Çünki bu, hər şeydən əvvəl, onların “Qarabağ”a sevgisindən irəli gəlir. Bu sevgiyə isə UEFA-nın xələl gətirməsinin heç bir mənəvi haqqı yoxdur. Yəni UEFA-nın buna görə bizə “sarı kart” göstərməsi futbolun heç bir qayda-qanunu ilə uzlaşmır. Yəqin, UEFA bu iki olayı bir daha götür-qoy edərkən ikincini bir kənara qoyacaq və bizə “qırmız kart” göstərməyəcək.

Qvami Məhəbbətoğlu