UEFA Konfrans Liqası: Bu gün final olacaq

43

Bu gün UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olacaq.

İlk dəfə təşkil olunan turnirin final oyununda İtaliyanın “Roma” və Niderlandın “Feyenoord” komandaları üz-üzə gələcəklər. Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

“Canavarlar” 95 illik tarixində ikinci, komandanın baş məşqçisi Joze Mourinyo isə beşinci kubokunu qazana bilər. Paytaxt təmsilçisi avrokuboklarda yeganə uğuruna 1961-ci ildə o vaxtkı adı ilə Yarmarkalar Kubokuna (indiki Avropa Liqası) sahib çıxmaqla imza atıb. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb.

“Feyenoord”a gəlincə, Rotterdam təmsilçisi daha əvvəl 1970-ci ildə Çempionlar Liqasının, 1974 və 2002-ci illərdə isə Avropa Liqasının qalibi olub.