“Üçtərəfli münasibətlərin inkişafı heç bir başqa dövlətə və ya ittifaqa qarşı deyildir”

555

Qərb Universitetində “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Misir, İsrail, Qazaxıstan, Özbəkistan daxil olmaqla, dünyanın 10-dan artıq ölkəsindən nümayəndələr, elmi tədqiqatçılar iştirak ediblər. Konfransda islam ölkələri arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın gücləndirilməsi, xalqların milli özünüdərk və özünütəsdiq məsələləri, Cənubi Qafqaz regionunda etnik münaqişələrin yaradılması və onların milli dövlət quruculuğu prosesinə təsiri, bu münaqişələrin beynəlxalq iqtisadi və mədəni inteqrasiyada əsas təhlükə olması ətrafında mühazirələr oxunub, müzakirələr aparılıb.

Konfransın iştirakçılarından biri də Türkiyə Respublikası Karabük Universiteti İqtisadi və İdarəetmə Fakültəsi Beynəlxalq Əlaqələr Bölməsinin rəhbəri, hüququ elmləri doktoru, Qafqazşünas alim, dosent Ali Asker idi. Konfransla bağlı Ali Askerin təəssüratları ilə tanış olmaq məqsədilə ona bir neçə sualla müraciət etdik.

Məlumat üçün bildirək ki, Ali Asker əslən Quba rayonunun Alpan kəndində boya-başa çatıb. Azərbaycan Texniki Universitetini, Bakı Dövlət Universitetini bitirdikdən sonra Mərmərə Universitetində magistratura, daha sonra Ankara Universitetində doktorantura təhsilimi davam etdirib və ümumi dövlət hüququ sahəsində elmi dərəcə alıb. Uzun illər Türkiyənin müxtəlif strateji araşdırma mərkəzlərində Rusiya, Türk dünyası və Qafqaz üzrə elmi araşdırmalar aparıb. Hazırda Karabük Universiteti İqtisadi və İdarəetmə Fakültəsi Beynilxalq Əlaqələr Bölməsinin rəhbəridir.

– Bildiyimiz kimi, konfransın mövzusu “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri”nə həsr olunmuşdur. Ölkəmizin timsalında bu mövzunun aktuallığı barədə nə deyə bilərsiniz?

– Bəli, bu, olduqca aktual bir mövzudur. Xüsusilə müstəqilliyini yeni əldə etmiş ölkələrdə bu məsələlər böyük əhəmiyyət kəsb edir. Azərbaycanın dövlətçilik ənənələrinin kökləri daha dərinlərə gedir və tariximizdə müxtəlif dövlət təşəkküllərinin olduğunu bilirik. Bizim elmi cəhətdən işlənməsi lazım olan problemlərdən biri dövlət quruculuğundakı davamlılıq məsələsidir. Tarix boyunca dövlətlərin formalaşması və süqutu proseslərinə baxdıqda əksər hallarda sələf-xələf münasibətlərinin olduğunu görürük. Bu prosesləri tarixi biliklər və mənbələrə əsaslanaraq dərindən tədqiq etmək lazımdır. Azərbaycan ərazisinə tarixin müəyyən dövrlərində müxtəlif dövlətlər yer almışdır. Bu dövlətlər əksər hallarda biri digərini yıxaraq onun yerinə keçmişdir. Bütün bunlar obyektiv həqiqətlərdir. Vacib məsələlərdən biri yeni qururlan bir dövlətin özündən əvvəlki dövlətdən nəyi əxz etməsdir. Bunları tədqiq etdiyimiz zaman bir xalqın siyasi və ictimai mirasının bir dövrdən digər dövrə, bir dövlətdən başqa dövlətə necə ötürüldüyünü də müəyyən etmiş oluruq. Dövlətçilik tariximizin inkişaf prosesini və fasiləsizliyini bu şəkildə dərindən öyrənə bilərik. Zənnimcə, tarixin funksional rolü öz əhəmiyyətini bu şəkildə ortaya qoyur. Bu proses eyni zamanda günümüzdə milli özünü dərk baxımından çox vacibdir.

Azərbaycan türkləri bir millət kimi özünü təsdiq hadisəsini XX əsrin əvvəllərində milli dövlətlərini, yəni zərbaycan Xalq Cümhuriyyətini quraraq həyata keçiriblər. Lakin günümüzdə millətləşmə davamlı surətdə inkişaf edən, təkmilləşən, yeni məzmun və forma çalarlarını əks etdirən bir prosesdir. Ona görə də milli özünü təsdiq son dərəcə vacib və aktual bir hadisədir.

Yeri gəlmişkən, onu da qeyd edim ki, konfrans yüksək səviyyədə təşkil edilmişdir. Əsas mövzuya uygun olmaq şərtilə son dərəcə rəngarəng çıxışlar edildi. Habelə təklif edildi ki, bu konfrans mütəmadi olaraq iki ildə bir dəfə keşirilsin.

– Bəs konfransdakı çıxışınızda siz hansı mətləbləri dilə gətirdiniz?

– Mən din-dövlət münasibətləri əsasında Gürcüstanda aparılan islam dini siyasəti ilə bağlı məruzə etdim. Dinin ictimai və sosial həyatda oynadığı rol inkar edilməzdir. Bundan başqa, din və ibadət azadlığı insan hüquq və azadlıqları içində özünəməxsus yeri olan dəyərlərdir. Dünyəvi dövlətdə din işləri və dövlət işləri bir-birindən ayrıdır. Amma bununla bərabər dünyəvi dövlətdə insanların din və ibadət azadlığı təmin olunmalıdır. Burada başqa bir məhfum da diqqət mərkəzində olmalıdır. Bu məfhum hüquq və azadlıqların məhdudlaşdırılmasıdır. Yəni məhdudlaşdırmanın məqsədi, hüdudları, məhdudlaşdırma vasitələri… bütün bunlar son dərəcə həssas tənzimləmə tələb edən kategoriyalardır. Hər bir dövlətin ölkəsindəki dini həyata dair siyasəti var. Bu siyasət dini azlıqlarla bağlı olduğu zaman daha diqqətli hərəkət etmək lazım gəlir. Çünkü burada sadəcə dini hüquq və azadlıqlar deyil, eyni zamanda azlıq hüquqları da diqqət mərkəzində olmalıdır. Biz bununla bağlı Gürcüstanda sahə araşdırmalarına əsaslanan dərin bir elmi tədqiqat işi hazırladıq. Bu işdə müsəlman azlıqların hüquqları, habelə siyasi, sosial və ictimai problemləri, təhsil məsələləri, dil siyasəti və s. tədqiq edilmişdir.

– Sizcə, müsəlman azlığı faktoru Gürcüstanın Türkiyə və Azərbaycanla olan münasibətlərinə təsir edirmi?

– Azərbaycanın Gürcüstana münasibətlərində soydaşlarımızın problemləri həmişə gündəlikdə duran məsələlərdən biri olmuşdur. Bu faktor Azərbaycan baxımından dini deyil, milli kimliklə əlaqədar şəkildə diqqətə alınır. Gürcüstanın Türkiyə ilə münasibətlərində isə bir qədər fərqlilik müşahidə edilir. İki dövlət arasındakı münasibətlərinə ibadətxana, kilsə və məscidlərin təmiri ilə bağlı müəyyən anlaşmazlıqlar mövcuddur. Lakin bunlar daha çox texniki xarakterli məsələlərdir əslində. Bunların həlli çətin deyildir. Düzdür, bu kimi məsələlər ikitərəfli münasibətlərin inkişafına təsir göstərə bilər, lakin heç vaxt həlledici faktor ola bilməz.

– Belə bir vəziyyətdə üç ölkə arasındaki münasibətlərin əhəmiyyəti qısa bəhs edə bilərik?

– Cənubi Qafqaz bölgəsi tarix boyunca böyük dövlətlərin diqqətini çəkmişdır. Xüsusilə XIX əsrdən etibarən regionda Rusiya, Türkiyə və İran arasında qızışan mübarizə bu torpaqların siyasi taleyini müəyyənləşdirən vacib faktorlardan olmuşdur. Çar Rusiyasının dağılmasından sonra Cənubi Qafqaz bölgəsində tarix səhnəsinə çıxmış üç respublika – Azərbaycan, Ermənistan və Gürcüstan qısa müddətli müstəqillik mərhələsindən sonra Sovet hakimiyyəti altında mövcudiyyətlərini sürdürmüşdür. Cənubi Qafqaz bölgəsinin siyasi tarixinin ən mühüm hadisəsi isə XX əsrin axırlarına doğru Sovet İttifaqının dağılması və müstəqil respublilkaların ortaya çıxması olmuşdur. Bu mərhələdə böyük güclərin təsiri ilə bölgə ölkələri arasında bir tərəfdən rəqabət, çəkişmə və münaqişə, digər tərəfdən əməkdaşlıq, inteqrasiya və ittifaq prosesləri yaşanmışdır. Bu proses bu gün də davam etməkdədir. Üç Cənubi Qafqaz ölkəsindən biri olan Ermənistan isə həmişə olduğu kimi bu gün də münaqişə və qeyri-stabilliyin mənbəyi kimi çıxış edir.

Üçtərəfli münasibətlərin inkişafı heç bir başqa dövlətə və ya ittifaqa qarşı deyildir. Bu münasibətlərin inkişafı başda iqtisadi inteqrasiya, nəqliyyat, dəmir yolları, enerji, habelə regional təhlükəsizlik sahəsində texniki və tətbiqi layihələrin hazırlanaraq həyata keçirilməsinə xidmət edir. Dörd qonşusundan üçünə qarşı ərazi iddiaları irəli sürən, Azərbaycan torpaqlarının təxminən beşdə birini işğal etmiş, bölgədəki qeyri-stabilliyin mənbəyi olan təcavuzkar Ermənistanın regional layihələrdə yer almaması son dərəcə normaldır. Beynəlxalq hüquq normaları və prinsiplərini rədd edən, bunun müqabilində heç bir məcburedici beynəlxalq hüquqi mexanizmlərin təsiri ilə qarşılaşmayan Ermənistan, bundan sonra da heç bir şəkildə bölgə layihələrinə daxil edilməməlidir. Yaxın tarixi keçmişimizdə yaşanmış, Türkiyənin öz üzərinə risk və məsuliyyət götürərək “erməni açılımı” adlandırılan güzəştli siyasətinin bu baxımdan heç bir faydası olmadığı hamı tərəfindən bilinən həqiqətdir. Üç dövlət arasında yaşanan, etnik, dini və mədəni sahələrdə mövcud olan bir sıra məsələlər, milli və dini azlıqların problemləri mədəni-tarixi memarlıq abidələrinin təmiri və istifadəyə verilməsi və s. kimi məsələlərin həllində konkret addımlar atılması ölkələr arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə yeni təkan verəcək, bölgə xalqları arasında qarşılıqlı etimadın artmasına yol açacaq.

Qvami Məhəbbətoğlu