Üçtərəfli Bəyanat mühüm tarixi anlaşmadır

0
113

Üçtərəfli Bəyanat mühüm tarixi anlaşmadır

44 gün davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları Bəyanat isə ölkəmizin Vətən müharibəsindəki qələbəsinin hüquqi təsdiqi oldu. Regionun həm azərbaycanlı, həm də erməni əhalisinin mənafelərinə tamamilə uyğun tərtib edilmiş bu sənəd, daha doğrusu, razılaşma heç də bəzi dairələr  tərəfindən dərhal qəbul olunmadı. Belə ki, onlar bu sənədi nəticə baxımından – qan tökülməsinə son qoyulması, dinc həyata, bərpa proseslərinin nizamlanmasına keçid, humanitar problemlərin həlli baxımından deyil, geosiyasi oyunlar prizmasından interpretasiya etməyə çalışdılar. Şübhəsiz, bu, müasir dünyanın tələblərinə uyğun deyil.

Noyabrın 21-də Prezident İlham Əliyevlə görüşdən sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat qarşısında çıxış edərkən bir daha bu məsələyə aydınlıq gətirdi və bildirdi ki, bundan sonra da bu razılaşmaları şübhə altına almaq cəhdləri baş tutmayacaq: “Birincisi ona görə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri, yəni Rusiya, Fransa və Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ probleminin məhz hazırda 9 noyabr tarixli üçtərəfli birgə Bəyanatın inkişaf etdirilməsi və həyata keçirilməsi şəklində maddiləşən prinsiplər əsasında nizamlanmasının zəruriliyini dəfələrlə vurğulayıblar.” O, həmçinin qeyd etdi ki, bu sənəd həm də müxtəlif etnik və konfessional qrupları təmsil edən insanların birlikdə, sülh və təhlükəsizlik şəraitində yaşamaları üçün olduqca əhəmiyyətlidir: “Əgər bunu əsas götürsək, onda 9 noyabr tarixli razılaşmaları mənfi mənada interpretasiya etməyə və ya onları şübhə altına almağa az da olsa imkan verə biləcək heç bir səbəb görmürəm.”

Milli Məclisin deputatı Azər Badamov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, üçtərəfli Bəyanat, həqiqətən də olduqca mühüm tarixi anlaşmadır: “Cənab Prezidentimizin bildirdiyi kimi, bu sənəd hər şeydən əvvəl, regionumuzda təhlükəsizliyin möhkəmlənməsi işinə öz töhfəsini verəcək. O ki qaldı konkret mövzu ilə bağlı məsələyə… Artıq bu Bəyanatın bəndlərinin hazırlanmasında birbaşa iştirak etməyən Minsk qrupunun digər həmsədrləri gec də olsa, Bəyanatın mətninə öz müsbət münasibətlərini bildiriblər. Hətta bugünlərdə Fransa prezidenti Emmanuel Makron Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən, Azərbaycanın tərkib hissəsi olduğunu etiraf edib. Bu məqamda İlham Əliyevin Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşdə dediyi bu sözləri də xatırlatmaq yerinə düşərdi: “Əlbəttə, biz haqlı olaraq onlardan daha operativ reaksiya gözləyirdik. Lakin görünür, onların öz mövqelərini hazırlamağa imkan verməyən müəyyən amillər olub. Amma necə deyərlər, heç vaxt olmamaqdansa, gec olmaq yaxşıdır.”

Müsahibimiz, həmçinin bundan sonra “Dağlıq Qarabağ münaqişəsi” söz birləşməsini daha eşitməyəcəyinə ümid etdiyini bildirən  Rusiya Prezidenti Vladimir Putinin bu sözlərini də xatırlatdı: “…Bəyanatın icrasını ləngitməyə çalışan insanlar bunu başa düşməlidirlər ki, sazişin pozulmasının yalnız bir alternativi var – müharibə. Əgər, Allah qorusun, müharibə olarsa, onun qurbanlarının qanları bu razılaşmanı pozmağa çalışanların əllərinə bulanacaq.”

Yeri gəlmişkən onu da qeyd edim ki,  hazırda Ermənistanda etiraz aksiyaları davam edir. Bir çox etirazçılar üçtərəfli Bəyanatın pozulmasını tələb edir. Etirazçıların fikrinə görə, Nikol Paşinyanı devirdikdən sonra, onun yerinə gələcək şəxs Bəyanata əməl etməyə bilər. Şübhəsiz, belə çağırışlar siyasətçilərin qeyd etdikləri kimi, özünün ən ağır günlərini yaşayan Ermənistana yaxşı heç nə vəd etmir. Çünki bu sənəd regionun həm azərbaycanlı, həm də erməni əhalisinin mənafelərinə tamamilə uyğundur. Bir sözlə, Rusiyanın fəal dəstəyi ilə əldə olunan üçtərəfli Bəyanat münasibətlərin uzun müddətə normallaşdırılması üçün olduqca yaxşı zəmin yaradıb. Prezidentimizin dediyi kimi, “Mən də ümid edirəm ki, bundan sonra Dağlıq Qarabağ barədə danışanda yalnız inkişafla, müharibənin nəticələrinin aradan qaldırılması və vaxtilə öz aralarında düşmənçilik etmiş ölkələrin barışması ilə bağlı xəbərlər eşidəcəyik.”

Qvami Məhəbbətoğlu, “İki sahil”