Uçot dərəcəsinin artması nələrdən xəbər verir?

38

Xəbər verildiyi kimi, Mərkəzi Bankın (AMB) İdarə Heyətinin 29 oktyabr tarixli qərarı ilə uçot dərəcəsi 7 faiz, faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 8 faiz səviyyəsində müəyyən olunub. Bununla da uçot dərəcəsi 0,5 faiz bənd,  faiz dəhlizinin yuxarı həddi 1 faiz bənd artıb,  aşağı həddi isə dəyişməz olaraq qalıb. İdarə Heyəti sentyabr ayında da uçot dərəcəsini son 5 ildə ilk dəfə artırıb. Həmin vaxt uçot dərəcəsi 6,25 faizdən 6,5 faizə, dəhlizin aşağı həddi 5,75 faizdən 6 faizə, yuxarı həddinin isə 6,75 faizdən 7 faizə yüksəldilmişdi.

AMB-nin açıqlamasında bildirilir ki, uçot dərəcəsinə dair qərar iqtisadiyyatda inflyasiya təzyiqinin qalması, ona təsir edən amillərin təsirinin dayanıqlığı, dünya bazarlarında qiymətlərin artımı, ticarət tərəfdaşı ölkələrində yüksək inflyasiya səviyyəsi və inflyasiya gözləntilərinin yüksəlməsi əsasında qəbul edilib. Vurğulanır ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar iqtisadiyyatın qısa və ortamüddətli dövrdə inkişaf perspektivləri, habelə inflyasiyanın risk balansında dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək.

Sənəddə deyilir ki, yenilənmiş proqnozlara görə, cari ildə orta illik inflyasiya 6,2-6,5 faiz, illik inflyasiya isə 9,5-10,5 faiz səviyyəsində gözlənilir. Rəsmi statistikaya görə yanvar-sentyabr aylarında orta illik inflyasiya 5,2 faiz, sentyabrda 12 aylıq inflyasiya isə 8,5 faiz təşkil edib.

AMB bəyan edib ki, inflyasiyanın xarici fonu qeyri-əlverişli olaraq qalır. Bu fon əsasən dünya birja əmtəələrinin sürətlə bahalaşması və qlobal təchizat zəncirində olan problemlərlə xarakterizə olunur. Dünya birjalarında qiymətlər sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə enerji məhsulları üzrə 2,1 dəfə, qeyri-enerji məhsulları üzrə isə 27,5 faiz artıb. Həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına görə, dünya üzrə ərzaq məhsulları son ildə 32,8 faiz, o cümlədən cari ilin sentyabr ayında 1,2 faiz yüksəlib. Eyni zamanda, daşınma-logistika xərclərinin artması və çatdırılma müddətinin uzanması dünyada inflyasiya proseslərinin güclənməsinin əsas səbəblərindən biri kimi çıxış edir. Cari ilin sentyabrında 1 konteynerin daşınma xərcləri ötən ilin eyni dövrünə nəzərən 4 dəfədən çox, xammalın və hazır məhsulun çatdırılma müddəti isə 2 dəfəyə yaxın artıb. Bütövlükdə, qiymətləndirmələrə görə inflyasiyanın beşdədördü qeyri-monetar amillər və bunun da təqribən beşdəikisi daxili xərc amilləri – dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasından irəli gəlir. Nəticə etibarilə iqtisadiyyatda inflyasiya təzyiqlərinin yüksəlməsi ölkədə bütün alt qruplar üzrə baş verir. Buraya ərzaq, qeyri-ərzaq və xidmətlərin qiymətləri daxildir.

Belə hesab edilir ki, dünya əmtəə bazarlarında, xüsusilə ərzaq məhsulları üzrə əhəmiyyətli qiymət artımları, başlıca ticarət tərəfdaşları olan ölkələrdən yüksək “inflyasiya idxalı”, beynəlxalq təklif və logistika zəncirində mövcud olan problemlərin inflyasiyaya artırıcı təsir artmaqda davam etməkdədir. Daxili amillərə isə başlıca olaraq qiymət və tariflərin liberallaşmasından irəli gələn qalıcılıq effektinin hələ də tam aradan qalxmaması aiddir. AMB belə qənaətdədir ki, bu proseslərin digər qiymət qruplarına – istehsalçı qiymətlərinə, aktivlərin dəyərinə zəncirvari təsiri və onların geriyə təsiri, inflyasiya gözləntilərinin yüksəlməsi risk balansında artırıcı amillərin rolunu gücləndirir.

Bütün bunlar isə onu deməyə əsas verir ki, iqtisadiyyatda inflyasiya təzyiqinin davam edəcəyi gözlənilən olduğundan AMB böyük ehtimalla faiz dəhlizinin parametrlərini dekabrda baş tutacaq sonuncu iclasda da artıracaq.

Uçot dərəcəsi mərkəzi bankların ölkənin digər banklarını pul kütləsi ilə təmin edərkən tətbiq etdiyi faiz dərəcəsidir. Sadə dillə desək, mərkəzi banklar kommersiya bankları və digər maliyyə təşkilatlarına uçot dərəcəsinə uyğun kredit verir, onlar isə öz növbəsində həm adi vətəndaşları, həm də müxtəlif şirkət və təşkilatları kreditlə təmin edir. Bu da onu deməyə əsas verir ki, uçot dərəcəsi azaldığı halda bankların kredit faizləri endiyi kimi, artdıqca da faizlər yüksəlir. Nəticədə faiz dərəcəsini artırmaqla inflyasiyanı azaltmağa, faizləri aşağı salmaqla deflyasiyanı aradan qaldırmağa nail olunur. Faiz dəhlizi isə Mərkəzi Bankın çərçivə alətlərinin (notlar, REPO əməliyyatı, depozitlərin cəlbi və s.) tətbiqi vasitəsilə sterilizasiya əməliyyatları və vəsaitlərin yerləşdirilməsi üçün istifadə olunur.

Bununla belə, inflyasiyanın artmasına, AMB-nin uçot dərəcəsini yüksəlməsinə baxmayaraq, bu, depozit faizlərinin artması ilə nəticələnmir. Belə ki, Mərkəzi Bankın məlumatına görə, ötən ayın əvvəlinə Azərbaycanda depozitlər və əmanətlər üzrə orta faiz dərəcəsi 8,54 faiz təşkil edib. Bu göstərici 2020-ci ilin əvvəlində 9,27 faiz, 2021-ci ilin əvvəlində isə 8,61 faiz olmuşdu.

 “İki sahil”