Üç yeni tamaşanın məşq prosesi gedir…

561

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşaların məşq proseslərinə start verilmişdir.

Böyük İngilis dramaturqu U.Şekspirin anadan olmasının 450 illik yubileyi çərçivəsində müəllifin “III Riçard” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerasının nümayişi yeni – 87-ci mövsümə təsadüf edəcəkdir. Səhnə əsərinin quruluşçu rejissoru Xalq Artisti Cənnət Səlimova, quruluşçu rəssamı Rusiya Akademik Gənclər Teatrının baş rejissoru Stanislav Benediktov (Moskva), xoreoqrafı RF-nin Əməkdar İncəsənət Xadimi Sergey Qrisaydır (Sankt Peterburq).

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları Xalq Artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, Əməkdar Artistlər Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Şövqi Hüseynov, Elşən Rüstəmov, Nofəl Vəliyev, Seyidşah Məmmədov, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov, Elnur Hüseynov və başqaları ifa edəcəklər.

Ikinci tamaşa Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq S.Əliyevin real faktlar əsasında səhnələşdirdiyi “Şeytan ailəsi” pyesidir. Eyniadlı pyes əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Gəncləri və yeniyetmələri bu cür qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandıracaqlar. Tamaşa yeni mövsümün ilk günlərində teatrın kiçik səhnəsində nümayiş etdiriləcəkdir.

Növbəti tamaşa teatrın azyaşlı tamaşaçıları üçün nəzərdə tutulmuşdur. Pərvin Nurəliyevanın səhnələşdirdiyi “Qoğalın nağılı” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamaşada Günel Məmmədova, Zülfiyyə Alhüseynova, Roza İbadova,   Anar Seyfullayev, Araz Pirimov, Ramil Məmmədov, Müşfiq Əliyev, Eşqin Quliyev əsas rolları canlandıracaqlar.

Tamaşaların maraqlı səhnə həlli, yerində işlənilən musiqilər və aktyor seçimi uğurlu nəticənin təmin olunmasından xəbər verir.

Hər üç yeni tamaşa yeni mövsümdə tamaşaçıların ixtiyarına veriləcəkdir.