“Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı “Ölülər” lə başlayıb

0
331

Qədim Şəki şəhəri daha bir beynəlxalq festivala ev sahibliyi edir. “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalında öllkəmizlə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin teatr kollektivləri iştirak edir.

Festivallar şəhəri kimi tanınan Şəki şəhəri bu dəfə qapılarını teatrsevərlərin üzünə açdı. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında “Üç məkan” II Şəki Beynəlxalq Teatr Festivalı başladı. Festival işirakçıları əvvəlcə teatr sənətinə həsr olunan sərgiyə baxdılar. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov 144 illik tarixi olan Azərbaycan teatrının keçdiyi şərəfli yola nəzər saldılar. Qeyd olundu ki, beynəlxalq tədbirin Şəki şəhərində keçirilməsi hec də təsadüfi deyil. Çünki Azərbaycan dramaturgiyasının banisi kimi peşəkar teatrın inkişafında müstəsna rolu olan Mirzə Fətəli Axundov məhz bu şəhərdə doğulub. Böyük marağa səbəb olan festivalda öllkəmizlə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, İran, Ukrayna və Birləşmiş Ərəb Əmirliklərinin teatr kollektivləri iştirak edir. Ölkəmizdən isə beynəlxalq tədbirdə Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Kukla Teatrı, Şəki və Gəncə Dövlət Dram teatrları ilə təmsil olunur. Festival müddətində teatrsevərlərə 12 tamaşa təqdim olunacaq. 8-i Şəkidə, 3-ü Mingəçevirdə, 1-i isə Bakı şəhərində göstəriləcək. İlk olaraq Dövlət Akademik Milli Dram Teatrının yaradıcı kollektivi tamaşaçılara Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanan səhnə əsərini təqdim etdilər. Quruluşçu rejissoru xalq artisti Azərpaşa Nemət olan tamaşada görkəmli bəstəkar Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada səsləndirildi.