“Turp” kimi “nağıl”

0
606

O gün üçüncü sinifdə oxuyan nəvəm Ofelya dərsdən evə qayıdan kimi adəti üzrə yeməyini yedi. Bir qədər istirahət etdikdən sonra öz otağına keçib dərsləri ilə məşğul olmağa başladı. Bir azdan o, məni səslədi:

– Baba, bu məsələni həll etməkdə mənə kömək et də, mən bacarmıram…

– Ay mənim gözəl nəvəm, sən ki indiyədək məndən kömək istəməzdin, indi nə olub, olmaya müəllimə qulaq asmamısan.

– Yox, ay baba, vallah, mən müəllimi həmişə diqqətlə dinləyirəm…

Mən nəvəmin həll edə bilmədiyi məsələni gözdən keçirməyə başladım. Məsələnin məzmunu belə idi: “Sənubər və Aliyə damaları rəngləməklə fiqurlar çəkiblər. Fiqurlardakı damaların sayı 117 və 100-dür. Sənubərin çəkdiyi fiqurdakı damaların sayını yüzlüklərə qədər yuvarlaşdırdıqda Aliyənin fiqurundakı damaların sayı alınır. Hər birinin neçə dama rənglədiyini tapın”. Sözün düzü, bu məsələdən heç nə anlamadım. Odur ki, öz-özümə dedim: “Bu məsələni mən başa düşə bilmirəm, uşaqmı başa düşəcək? Axı bu, məntiq üzərində qurulmuş o qədər da sadə olmayan məsələdir”.

Məsələ üzərində 10-15 dəqiqə çalışdım, çalışdım, amma bir nəticə hasil olmadığını görüb uzun müddət riyaziyyat fənnini tədris etmiş və bu yaxınlarda təqaüdə çıxmış qonşuma müraciət etdim. O, məsələni bir neçə dəfə diqqətlə oxuyandan sonra qeyri-ixtiyarı dilləndi:

– A kişi, məsələnin mətni anlaşılmazdır, düzü, başa düşməkdə çətinlik çəkirəm.

Buna rəğmən, qonşumla baş-başa verib yenə baş sındırmaqda davam etdik. Təxminən yarım saat çalışdıq, çalışdıq amma bir nəticə hasil olmadı. Bu dəfə qonşum rəfiqələrinin birindən – Gülər xanımdan kömək istədi. Gülər xanım etiraz etmədi, durub bizə gəldi. Üçümüz baş-başa verib müxtəlif versiyalar üzərində baş sındırmağa başladıq. Çalışdıq, çalışdıq, amma məsələni həll edə bilmədik ki, bilmədik. Bu dəfə Gülər xanım daha bir nəfəri bu məsələyə cəlb etməyin vacibliyini söylədi. Hətta: “Bunu həll etsə, yalnız o həll edə bilər”, – dedi.

Bəli, az sonra Gülər xanım dediyi şəxsə – Qüdrət müəllimə zəng etdik. O: “Vallah, siz məsələnin mətnini oxudunuz, amma heç nə başa düşmədim. Bəlkə, özüm gəlib məsələni kitabdan oxuyum, həm də bir stəkan çay içim”, – dedi. Etiraz etmədik. Qüdrət müəllim çay içə-içə kitabdakı məsələni dəfələrlə oxudu, sonra cibindən qələm-vərəq çıxarıb həllinə girişdi. Təbii ki, mən də, qonşum da, Gülər xanım da onunla birgə baş sındırdıq. Amma çalışdıq, çalışdıq, yenə bir nəticə hasil olmadı. Beşinci stəkan çayını içəndən sonra Qüdrət müəllim əllərini qaldırdı: “Bağışlayın, bu məsələ mənlik deyil”. Hətta o, zarafından da qalmadı: “Vallah, mən özüm “Tarix-nadir” kitabını yarısına qədər oxumuşam, amma bu məsələni anlamıram. Siz necə anlayacaqsınız?” Qüdrət müəllimin Məşədi İbaddan (“O olmasın, bu olsun”un personajı) gətirdiyi bu sitatı hamımız gülüşlə qarşıladıq.

… Uzun sözü qısası, bu məsələnin həllinə daha kimləri cəlb etmədik? Bir də ayılıb gördüm ki, ev adamla doludur. Çalışdıq, çalışdıq, amma bir nəticə hasil olmadı ki, olmadı…

”Yorğunluğumuzu” almaq məqsədi ilə məsələnin həllinə cəlb olunmuş “heyəti”lə başqa söhbətlərə meydan açmışdıq ki, bayaqan bəri öz otağında dərsləri ilə məşğul olan nəvəm içəri girib soruşdu:

– Hə, nə oldu, baba?

Mən nəvəmə ehmallıca bayaqdan bəri olanları anlatdım. Nəvəm gülə-gülə dilləndi:

– Baba, bu ki lap “Turp” nağılına oxşadı. Amma səndən fərqli olaraq, baba turpu çıxarmağa nail olmuşdu.

Nəvəmə nə deyəcəyimi bilmədim. Sadəcə öz-özümə: “Gör nə gündəyəm ki, heç “Turp” nağılındakı baba kimi də ola bilmədim”, – dedim. Üzümü sizə tuturam, ay mənim oxucularım, bəlkə, siz mənə bu turpu çıxartmaqda, bağışlayın, məsələnin həllində kömək edəsiniz?

Qvami Məhəbbətoğlu