“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XVIII Beynəlxalq elmi-praktiki konfrans keçirilir

418

2019-cu il mart ayının 12-13-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XVIII Beynəlxalq elmi-praktiki konfranskeçiriləcək.

Konfransın rəsmi açılış mərasimi 12 mart tarixində saat 10.00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Elmi Şura otağında baş tutacaq. 2002-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən hər il ənənəvi olaraq təşkil olunan konfransın məqsədi türkologiya sahəsində aparılan araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və elmi informasiya mübadiləsidir. Konfrans türk xalqlarının bədii mədəniyyətinin araşdırılması sahəsində çalışan mütəxəssislər arasında elmi mübadilənin inkişafına xidmət edir. Azərbaycanın müxtəlif tədris və elmi müəssisələrinin əməkdaşları ilə yanaşı, Türkiyə, ABŞ, Macarıstan, Rusiya, Qırğızıstan, Qazaxıstan və Türkmənistan mütəxəssislərinin iştirakı ilə keçirilən konfransda türk xalqlarının bədii mədəniyyətinə dair 50-ə yaxın məruzə dinləniləcək.

Çağdaş dövrdə dünyada gedən qloballaşma prosesləri kontekstində türkdilli xalqların mədəni irsinin araşdırılması, bu sahədə qarşılıqlı əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin genişləndirilməsi məqsədlərini qarşıya qoyan beynəlxalq konfrans türksoylu xalqların mədəni inteqrasiyası prosesinə fayda vermək baxımından mühüm əhəmiyyət kəsb edir.