TürkPA Bakı Bəyannaməsini qəbul etdi

Ötən gün Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) V plenar iclası keçirildi. 
İclası açıq elan edən Milli Məclisin sədri Oqtay Əsədov beş ildən artıq fəaliyyət göstərən TürkPA-nın türkdilli xalqların daha da bir-birinə yaxınlaşmasında böyük rol oynadığını vurğuladı: “Assambleya çərçivəsində işbirliyi dövlətlərimiz arasında siyasi, iqtisadi, mədəni və digər əlaqələrin daha da dərinləşməsinə şərait yaratmışdır. TürkPA tarix, dil, mədəniyyət ümumiliyinin verdiyi imkanlardan istifadə edərək, xalqlarımızın və dövlətlərimizin ümumi problemlərinin açıq müzakirəsi üçün forum rolunu oynayır. Bu gün TürkPA dünyanın nüfuzlu regional qurumlarından biridir”. O. Əsədov quruma üzv olan hər bir dövlətin əldə etdiyi uğurun digər dövlətlərin də uğuru olduğunu qeyd etdi: “Bizim dövlətlərimiz siyasi, iqtisadi və hərbi cəhətdən nə qədər güclü olarsa onların ümumi işimizə verəbiləcəyi töhfə bir o qədər böyük olar”. İşğal olunmuş Azərbaycan torpaqlarının hələ azad olunmadığına diqqət çəkən sədr bu tip münaqişələrin beynəlxalq sülh üçün təhlükə daşıdığını bildirdi: “Təəssüf ki, həll edilməyən bir sıra münaqişələr kimi Dağlıq Qarabağ da beynəlxalq sülh və təhlükəsizlik üçün qorxu törədir, həm də regional inteqrasiya proseslərinin inkişafına mane olur. 20 ildən artıqdır ki, Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.  Bir milyon vətəndaşımız qaçqın və köçkün vəziyyətində yaşayır. Biz əminik ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında nizama salınması digər münaqişə ocaqlarının da aradan qaldırılmasına köməklik göstərə bilər”.

Daha sonra çıxış edən Qazaxıstan Parlamentinin sədri Habibulla Cakupov ölkəsinin Assambleyanın inkişaf etdirilməsi və onda iştirak edən dövlətlərin çoxtərəfli və ikitərəfli formatda fəaliyyətlərini dəstəklədiyini bildirdi. H. Cakupov Türkiyə və Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunacağını və Qazaxıstanın bu qardaş ölkələrə dəstək verəcəyini vurğuladı: “Qazaxıstan tərəfi özünün türk qardaşlarına, 2015-2016-cı illərdə BMT-nin Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyə Türkiyənin namizədliyini və 2017-2019-cu illərdə təşkilatın iqtisadi və sosial komissiyasına Azərbaycanın namizədliyini dəstəkləyir”. Qazaxıstanlı spiker parlamentlərarası əməkdaşlıq üçün uzun müddətli inkişaf strategiyasının olmasının vacibliyindən danışdı: “TürkPA çərçivəsində türkdilli dövlətlər üçün əməkdaşlığın inkişafının yol xəritəsi hazırlanmalıdır. Bu sənəddə parlamentlər arasındakı ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf yolları qeyd olunmalıdır”. TürkPA-da Macarıstana müşahidəçi statusunun verilməsi məsələsini xatırladan H. Cakupov Özbəkistan və Türkmənistanla da əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı: “Bütün türkdilli dövlətlərin inkişafı TürkPA-nın daha da güclənməsinə səbəb olacaq”.

Qırğızıstan Respublikasının Joqorku Keneşinin (parlamenti) sədri Asilbek Jeenbekov hər ötən il TürkPA-ya üzv dövlətlərin daha da gücləndiyinə diqqət çəkdi: “Bu bizim bərabər olmağımızın gözəl göstəricisidir. Bu işlərin daha da təkmilləşdirilməsi üçün bir-birimizə yardım etməmiz, dəstək olmamız çox vacibdir”. Bu ayın əvvəli Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türkiyənin Bodrum şəhərində keçirilən IV Zirvə toplantısına Türkmənistan Prezidentinin qatıldığını xatırladan A. Jeenbekov Özbəkistan və Türkmənistanın da TürkPA-ya qoşulacağına ümid etdiyini bildirdi: “Özbəkistan və Türkmənistan parlamnetlərinin TürkPA-ya qoşulması ilə təşkilatımızın daha da güclənəcəyinə inanırıq. Bu istiqamətdə Macarıstanın müşahisdəçi statusunda təşkilatımıza üzv olunmasının təqdirlə qarşılayırıq”. Çıxışının sonunda qırğızıstanlı spiker O.Əsədovun TürkPA-ya sədrliyi dövründə qurumun daha da güclənməsində əhəmiyyətli işlər görəcəyinə əmin olduğunu bildirdi.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Cəmil Çiçək türkdilli xalqlar arasında hazırda müşahidə olunan yaxınlığın keçmişdə mümkün olmadığına diqqət çəkdi: “İstər xalqlarımız, istər hökumətlərimiz fərqli regionlarda yaşasalar da tək millət olma düşüncəsi ilə tarix, mədəniyyət birliyi şəraitində yaşamaq niyyətindədir. Problemlərlə birgə mübarizə aparmaq, xalqlarımızın rifahına və regionlarımızın inkişafına daha çox fayda verə bilmək üçün aramızdakı qardaşlığı daha da möhkəmlətmək böyük əhəmiyyət kəsb edir”. Dağlıq Qarabağ münaqişəsinə də toxunan C. Çiçək Qafqazda sülhün bərqərar olması üçün Ermənistanın işğal olunmuş torpaqları azad etməsinin vacibliyini vurğuladı: “TürkPA olaraq Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməli və ermənilərin haqsız işğalına qarşı ortaq mövqe nümayiş etdirməkdən çəkinməməliyik. Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaqdır. Bu məsələdə Azərbaycana dəstəyimiz tamdır”. TBMM sədri Şimali Kipr Türk Cümhuriyyətinin TürkPA-da müşahidəçi statusunun verilməsi məsələsinin də tezliklə öz həllini tapacağına inandığını dilə gətirdi. TürkPA-nın türkdilli ölkələrin beynəlxalq arenada sözünü deyən güclü bir təşkilata çevrildiyini vurğulayan C. Çiçək Özbəkistan və Türkmənistanın da bu quruma qoşulmasının vacibliyindən söz açdı: “Aramızda olmayan qardaşlarımızın artıq bizə qoşulmasının vaxtı çatıb. Şübhəsiz bu qovuşma bizi daha da gücləndirəcək”.

Plenar iclasda TürkPA-da müşahidəçi statusu almaq üçün müraciət edən Macarıstan nümayəndə heyəti də iştirak edirdi. Macarıstanın sözügedən müraciəti qəbul edildikdən sonra bu ölkənin Milli Assamnleyasının vitse-spikeri Sandor Lezsak iclasda çıxış etdi. Macar parlamentari TürkPA-da müşahidəçi statusunun verilməsinə görə təşəkkür etdi: “Bu Macarıstanın türkdilli ölkələrlə əlaqələrinin inkişafında mühüm addım oldu. Bizim dostluq əlaqələrimiz bizim ortaq köklərimizdən qaynaqlanır”.

Qeyd edək ki, iclasın mətbuata bağlı hissəsində TürkPA-nın Bakı Bəyannəməsi qəbul olundu. İclasdan sonra keçirilən brifinqdə dörd ölkənin parlament sədrləri keçirilən iclasın çox səmərəli olduğu vurğuladılar.