Türkmənistandan Azərbaycana qaz nəqli: Transxəzər layihəsi reallaşmasa da…

430

Xəbər verildiyi kimi, İslam Əməkdaşlıq Təşkilatının ötən həftə Aşqabadda keçirilən XV Zirvə Toplantısı çərçivəsində Türkmənistan, İran və Azərbaycan arasında təbii qazın alqı-satqısı və nəqlinə dair müqavilə imzalanıb. Bununla da Türkmənistan İran üzərindən Azərbaycana ildə 1,5-2 milyard kubmetr həcmində “mavi yanacaq” nəql edəcək. Müqaviləyə əsasən, İran Türkmənistandan qaz alacaq və eyni həcmdə qazı Azərbaycana ötürəcək.

İlk baxışda buna adi “svop” müqaviləsi kimi də yanaşmaq olardı, əgər, reallaşa bilməyən Transxəzər layihəsi olmasaydı… Transxəzər boru kəmərinin çəkilməsi və onun Xəzər dənizinin dibi ilə keçməsi ideyası ilk dəfə 1996-cı ildə ABŞ tərəfindən təklif edilmişdi. Bununla da həm Tükmənistan, həm də digər Mərkəzi Asiya ölkələrinin qazı  əvvəlcə Türkiyəyə, daha sonra isə  Avropaya çatdırıla bilərdi.  Lakin həmin vaxt Türkmənistandan qaz nəqlini davam etdirən region dövlətlərinin Xəzər dənizinin hüquqi statusunun həll olunmamasına və ekoloji təhlükələrə istinad edərək boru kəmərinin çəkilməsinə etiraz etmələri layihənin gündəmdən çıxmasına səbəb oldu. Qeyd etmək lazımdır ki, Transxəzər boru kəməri  həyata keçirilə bilinməyən “Nabukko” layihəsinin də əsas tərkib hissəsi idi.

Bununla belə, ötən müddətdə Türkmənistanın Avropaya qaz nəqli istiqamətində cəhdləri davam edirdi. Uzun müddət bu istiqamətdə ciddi irəliləyiş olmasa da 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını ekspertlər və dünyanın aparıcı kütləvi informasiya vasitələri Transxəzər layihəsinə “yaşıl işıq” yandıracağını bildirirdilər. “Financial Times” nəşrinin “Xəzəryanı dövlətlər bu dənizlə bağlı problemlərə son qoymağa hazırdırlar” sərlövhəli məqaləsində bildirilirdi ki,” görünür, vaxtilə Türkmənistanın dənizin dibi ilə Azərbaycanadək 300 kilometr uzunluğunda qaz kəməri inşa etmək təşəbbüsünün qarşısını alan Moskva indi bu niyyətindən əl çəkib”. Nəşr vurğulayırdı ki,  sözügedən Konvensiya Xəzəryanı ölkələrin karbohidrogen layihələri üçün maneələri aradan qaldıracaq.

Bununla bağlı Konvensiyanın 14-cü maddəsində deyilir ki, ölkələr Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilərlər.  Qeyd olunub ki, sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi üzrə marşrutun müəyyənləşdirilməsi sualtı kabellərin və boru kəmərlərinin keçəcəyi sektorların sahibi olan ölkələrlə razılaşdırılmalıdır. Başqa sözlə, Konvensiyaya görə, bundan sonra layihənin qərarını yalnız Azərbaycan və Türkmənistan verməli idi.

Lakin göründüyü kimi, Xəzər dənizinin hüququ statusu məsələsinin həll olunması da Transxəzər layihəsinin reallaşmasına kömək olmadı. Aydın məsələdir ki, Azərbaycan bu layihədə qaz tranzitini həyata keçirən ölkə rolunu oynayır. Qazın alıcısı isə Avropadır. Bu mənada layihənin baş tutması qaz alıcısı ilə qaz satıcısının ortaya qoyduqları siyasi iradədən keçir.

Bununla belə, Türkmənistan, İran və Azərbaycan arasında təbii qazın alqı-satqısı və nəqlinə dair müqavilə onu göstərdi ki, Xəzər dənizi olmadan da “mavi yanacağ”ın ixracına nail olmaq mümkündür. Düzdür, tərəflər əvvəllər də bu cür qaz mübadiləsi həyata keçiriblər. Ancaq 2016-cı ilin oktyabrında tərəflər qaz mübadiləsi barədə razılığa gəlsələr də, bu, cəmi 2 ili əhatə edib. Buna səbəb “Şahdəniz” yatağının ikinci fazasından hasilata başlanılması ilə Azərbaycanda qaz hasilatının artması idi. Lakin bu dəfə Avropada tələbatın artması vəziyyəti dəyişdirib. Azərbaycandan Avropaya qaz nəqlinə bu ildən başlanılmasına baxmayaraq yanvar ayından noyabrın 26-nadək Avropaya 7,09 milyard kubmetr təbii qaz ötürülüb.

İran isə bu müqavilə ilə  Türkmənistanla sərhəd ərazisinin təbii qazla təminatını yaxşılaşdıracaq. Söhbət ondan gedir ki, təbii qaz ehtiyatlarına görə dünyanın ikincisi olan İran infrastrukturun məhdud olması səbəbindən 1997-ci ildən Türkmənistandan qaz idxal edir. Lakin borc səbəbindən Türkmənistan 2017-ci ildən İrana qaz nəqlini dayandırmışdı.

İranın qaza görə borcunu hələ də ödəməməsinə baxmayaraq sözügedən müqavilə çərçivəsində bu ölkəyə yenidən qaz nəql edəcək Türkmənistan isə ixracda məhdud sayda olan mənbədən asılılığını azaldacaq. Bu baxımdan Azərbaycana İran vasitəsilə qaz ixrac edərək mənbələrini şaxələndirən Türkmənistanın nəhayət ki, dolayısı yolla Avropaya qaz nəqlinə başladığını da demək mümkündür. “İki sahil”