Türkmənistan TAPİ qaz kəmərinin çəkilməsinə hazırlaşır

614

Türkmənistan öz qazının dünya bazarına nəqli sahəsində çoxşaxəli qaz kəmərlərindən istifadə edilməsi ilə bağlı cəhdlərini davam etdirməkdədir.

Bu çərçivədə də Aşqabad Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəmərini reallaşdırmaq üçün daha bir addım atmağa hazırlaşır. Belə ki, Aşqabad dekabrın 13-də TAPİ-nin inşasına başlamaq barədə ərazisindən qaz kəməri keçən ölkələrin razılığını alıb. Məsələ ilə əlaqədar “Ca-News” internet saytının yazdığına görə, Qurbanqulu Berdıməhəmmədovun Əfqanıstan prezidenti Əşrəf Qəni ilə söhbətində dekabr ayının 13-də TAPİ-nin təməlinin atılması barədə razılığa gəlinib. Berdıməhəmmədov Əfqanıstan prezidentini qaz kəmərinin təməlinin atılması mərasiminə dəvət edib. Yeni qaz kəmərinin təməlinin atılmasının böyik bir tarixi hadisə olacağını qeyd edən Türkmənistan prezidenti onun reallaşdırılmasının bölgənin mühüm iqtisadi, humanitar, sosial problemlərini həll edəcəyini, on minlərlə yeni iş yerlərinin yaradılacağını xüsusi qeyd edib. Berdıməhəmmədov kəmərin reallaşmasının həm də bölgədə sabitliyə, əmin-amanlığa, dostluğa, qardaşlığa yol açacağını xüsusi vurğulayıb. Qeyd edək ki, “Türkmenqaz” konserni tərəfindən inşa edilməsi nəzərdə tutulan yeni qaz kəmərinin çəkilməsi ilə bağlı işlərə rəhbərlik Türkmənistan Baş nazirinin müavini Baymurad Xocaməhəmmədova tapşırılmışdı. Lakin gözlənilmədən prezident Qurbanqulu Berdıməhəmmədov Xocaməhəmmədovu vəzifəsindən azad edib. Onun yerinə isə Türkmənistan prezidenti yanında Karbohidrogen ehtiyatlarından istifadə üzrə Dövlət Agentliyinin direktoru Yaxşıgəldi Kakayev təyin edilib. Belə güman edilir ki, Baymurad Xocaməhəmmədovun prezident tərəfindən tutduğu vəzifəsindən azad edilməsinin əsas səbəblərindən biri onun kəmərin reallaşması ilə bağlı həyata keçirilən tədbirlərdə buraxdığı hansısa səhvlər olub.

Yeri gəlmişkən qeyd edək ki, yeni qaz kəməri-TAPİ-nin uzunluğu 1800 kilometr olacaq. Bu qaz kəməri vasitəsi ilə ildə 33 milyard kubmetr türkmən qazını nəql etmək mümkün olacaq. Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəmərinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulub. Yeni qaz kəmərinin 200 kilometri Türkmənistan, 735 kilometri Əfqanıstan, 800 kilometri isə Pakistan ərazisindən keçəcək. Qaz kəməri Türkmənistan ərazisi vasitəsi ilə Əfqanıstanın Herat və Qəndəhar şəhərlərinə daxil olacaq, oradan da Pakistan və Hindistan sərhədində yerləşən Fazilka yaşayış məskəninə qədər uzanacaq.

Qaz kəmərinin qazla təmini isə Türkmənistanın qazla zəngin strukturlarından biri hesab edilən “Qalkınış”dan hasil ediləcək qaz hesabına həyata keçiriləcək. Böyük Britaniyanın “Gaffney”, “Cline & Associates” kompaniyalarının hesablamalarına görə, “Qalkınış”ın qaz ehtiyatları təxminən 21,2 trilyon kubmetrdir. “Qalkınış”ın neft ehtiytaları isə adı çəkilən kompaniyaların hesablamalarına görə, 300 milyon ton hesab edilir.

Kəmərin inşası onda iştirak edən dövlətlərə 7,9 milyard dollara başa gələcək.

TAPİ-nin reallaşması asan olmayacaq

Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəmərinin reallaşması ilə bağlı razılıq 2010-cu il dekabr ayının 11-də Aşqabadda keçirilən Əfqanıstan, Türkmənistan, Pakistan və Hindistan dövlət başçılarının sammitində əldə edilib. Sammitdə iştirak edən dövlətlər TAPİ-nin çəkilməsi barədə dövlətlərarası çərçivə sazişi imzalayıblar. 2012-ci ilin may ayında Türkmənistanda keçirilən III Beynəlxalq Qaz Konqresində Hindistan və Pakistanla Türkmənistan arasında türkmən qazının alqı-satqısı barədə müvafiq sənəd imzalanıb. 2013-cü ilin iyul ayının 9-da isə Türkmənistanla Əfqanıstan arasında analoji anlaşma imzalanıb. Yeri gəlmişkən onu da deyək ki, 2018-ci ildə qaz kəməri ilə nəql ediləcək qazın həcminin 90 milyard kubmetrə çatacağı gözlənilir. Əldə edilən razılığa əsasən Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəməri ilə nəql ediləcək qazın 38 milyard kubmetrini Hindistan, təxminən 25-30 milyard kubmetrini Pakistan, bir o qədərini də Əfqanıstan alacaq. Bununla bağlı tərəflər arasında 30 illlik anlaşma imzalanıb.

Lakin mütəxəssislərin əksəriyyəti Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəmərinin reallaşa biləcəyini indidən şübhə altına alırlar. Belə bir fikir vurğulanır ki, Əfqanıstanda davam edən münaqişə və bu ölkədəki qeyri-sabit vəziyyət türkmən qazının Əfqanıstan ərazisi ilə Pakistana və Hindistana nəqlinə imkan verməyəcək. Digər tərəfdən də türkmən qazının yeni qaz kəmərilə nəqlində maraqlı olmayan bəzi ölkələrin də buna imkan verməyəcəyi, süni şəkildə bölgədə qarşıdurmaları körükləyəcəyi ehtimal edilir. Ümumiyyətlə Əfqanıstanda sabitlik bərpa edilmədən türkmən qazının adı çəkilən ölkənin ərazisi ilə Pakistana və Hindistana nəqli çətin ki, baş tutsun. Belə güman edilir ki, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəməri Əfqanıstanla sərhədə kimi çəkiləcək. Ancaq Əfqanıstanda sabitlik olmadığından qaz kəmərinin adı çəkilən ölkənin ərazisi ilə çəkilməsi mümkün olmayacaq. Yəni TAPİ-nin reallaşması ancaq Əfqanıstanda sabitliyin bərpasından sonra mümkün olacaq. Əfqanıstanda isə sabitliyin yaxın illərdə bərpa ediləcəyinə inam olduqca azdır.

Nəhayət, Türkmənistanın öz qazını Cənub-Şərqi Asiyaya nəql etməyə hazırlaşması əslində Transxəzər qaz kəmərinin reallaşmasını da şübhə altına alacaq. İş orasındadır ki, Türkmənistanın eyni zamanda həm Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəməri, həm Transxəzər qaz kəməri, həm də Türkmənistan-Çin qaz kəməri ilə böyük həcmdə qaz nəql etmək imkanları yoxdur. Xatırladaq ki, hazırda Türkmənistan-Çin qaz kəməri ilə ildə 40 milyard, İrana ildə 20 milyard kubmetr, Rusiyaya isə 10 milyard kubmetr qaz ixrac edir. Transxəzər qaz kəməri reallaşacağı təqdirdə isə bu kəmərlə də ildə 30-40 milyard kubmetr qazın Avropya nəql ediləcəyi gözlənilir. Amma hazırda Türkmənistanın ildə 60-70 milyard kubmetr qaz hasil edəcəyini nəzərə alsaq? adı çəkilən bütün istiqamətlərə çətin ki, nəzərdə tutulan qədər qaz ixrac etməyə Aşqabadın gücü çatsın.

ƏZIZ MUSTAFA