Türkmənistan Rusiyanın hərbi yardımından imtina etdi

592

SSRİ dağılandan sonra onun varisi rolunda çıxış edən Rusiyanın keçmiş imperiyaya daxil olan və hazırda müstəqil dövlətlər kimi dünyanın siyasi arenasında öz varlıqlarını sürdürən respublikalar üzərində hərbi, siyasi və iqtisadi təsirini qoruyub saxlamaq cəhdləri davam etməkdədir. Bu baxımdan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Türkmənistana sonuncu səfəri və burada apardığı danışıqlar beynəlxalq aləmin xüsusi diqqət mərkəzində olub. Bu da əsassız deyil. Belə ki, hazırda Türkmənistan digər keçmiş ittifaq respublikaları ilə müqayisədə Rusiyanın bölgədə həyata keçirmək istədiyi çox saylı planlarına müqavimət göstərməkdə olan tək-tük dövlətlərdən biridir. Müstəqilliyini əldə etdiyi ilk günlərdən bir daha Moskvanın siyasi və hərbi təzyiqlərindən yaxa qurtarmaq üçün özünün neytrallığını elan edən Türkmənistan bununla da qarşı tərəfdən gələn təhlükələrdən özünü qismən sığortalamış oldu. Bu müstəvidə də 1991-ci ilin dekabr ayında SSRİ-ni yenidən bərpa etmək məqsədi ilə Moskva tərəfindən yaradılan Müstəqil Dövlətlər Birliyinə üzv olan Türkmənistan bununla belə, neytral siyasətini qoruyub saxlamaq üçün çevik siyasət yeritməyə başladı. Məhz belə bir siyasətin nəticəsində Türkmənistan Rusiyanın imperiyanın yenidən bərpa edilməsi yönündə atılan bir addım hesab edilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmadı və bununla da ölkənin Moskvanın hərbi təsiri altına düşməsinə imkan vermədi. Buna paralel olaraq, Türkmənistan Moskvanın yenidən ölkəni iqtisadi təsiri altında saxlamasına və bundan təzyiq kimi istifadə etməsinə də qarşı çıxaraq özünü gözləyə biləcək şantaj və təzyiqlərdən sığortalaya bildi. Eyni zamanda 2001-ci ildə öz qazını Rusiyaya satmaq barədə “Qazprom”la anlaşma imzalayan Türkmənistan bununla da öz “mavi yanacağını” dünya bazarına çıxarmaq üçün yeni qaz kəmərlərinin çəkilməsinə kimi müəyyən qədər vaxt qazanmış oldu. Düzdür, Türkmənistan Rusiyaya qazını dünya qiymətlərindən, demək olar, iki dəfə ucuz sataraq bununla da qarşı tərəfin bu “alverdən” böyük həcmdə gəlir götürməsinə imkan verdi. Lakin həmin vaxt Türkmənistanın öz qazını alternativ yolla dünya bazarına çıxarmaq imkanı da yox idi. Yəni, sadəcə olaraq, Türkmənistan öz qazını ucuz satmağa məcbur idi. Amma hadisələrin sonrakı gedişi Türkmənistanın həmin dövrdə düzgün siyasət yeritdiyini təsdiq etmiş oldu.
Xatırladaq ki, Rusiya 2001-2008-ci illərdə Türkmənistandan qazın min kubmetrini 150-180 dollara alır, xaricə isə 290-310 dollara satırdı. Nəticədə Rusiya 7-8 il ərzində Türkmənistan qazının alqı-satqısından təxminən 20-25 milyard dollar gəlir əldə etdi. Əlbəttə, o dövrdə belə Rusiyanın Türkmənistandan qaz alması yalnız iqtisadi məsələ deyil, həm də siyasi önəm daşıyırdı. Belə ki, 1995-2000-ci illərdə türkmən qazının “Nabukko” vasitəsilə Avropa bazarına çatdırılması və bu məqsədlə Xəzərin dibindən qaz kəmərinin inşa edilməsi nəzərdə tutulmuşdu. Rusiya buna yol verməmək üçün Xəzərin hüquqi statusunın müəyyən edilməməsi məsələsini gündəmə gətirdi. Eyni zamanda guya Xəzərin dibi ilə çəkiləcək qaz kəmərinin ekoloji fəlakətə səbəb olacağını iddia edən Rusiya bunun ardınca ildə 50 milyard kubmetr türkmən qazını almağa hazır olduğunu bəyan etdi. Bununla “bir güllə ilə iki dovşan vuran” Rusiya həm “Nabukko”nun reallaşmasına mane oldu, həm də ucuz türkmən qazını dünya bazarına çıxarmaqla bundan milyardlarla dollar gəlir əldə etdi. Məqsədinə nail olaraq Avropanı özündən qaz asılılığını daha da möhkəmləndirən Rusiya 2008-ci ildən başlayaraq, dünyada baş verən iqtisadi böhranı bəhanə edərək, Türkmənistandan qaz alışını azaltmağa başladı. 2009-cu ilin aprel ayında türkmən qazını Rusiyaya nəql edən qaz kəmərində müəmmalı şəkildə partlayış baş verdi və nəticədə Aşqabad bundan milyardlarla dollar itirdi. Kəmərdə partlayış olandan sonra qaz təchizatı dayandırıldı. Təchizatın dayandırılmasına görə o vaxt Türkmənistan Rusiyanı günahlandırdı. 2009-cu ildən başlayaraq Rusiya Türkmənistandan qaz alışını ildə 10 milyard kubmetrə qədər azaltdı. Sonrakı dövrlərdə də Rusiyanın Türkmənistandan aldığı qazın həcmi azalmağa başladı. 2015-ci ildə Türkmənistandan Rusiyaya qaz ixracı 4 milyard kubmetrə qədər endirilib. Bu ilin ilk günlərindən başlayaraq, Rusiya gözlənilmədən Türkmənistandan qaz alqısını dayandırdığını bəyan etdi. Bu da iki ölkə münasibətlərində yeni gərginliyin yaranmasına səbəb oldu. Belə ki, türkmən qazına ehtiyacı olmadığını bəyan edən Rusiya bunun ardınca Özbəkistanla ildə 5-8 milyard kubmetr qaz alqı-satqısı barədə anlaşma imzalamağa hazır olduğunu bəyan etdi. Rusiyanın bu addımı isə Moskvanın Türkmənistanı özünün hərbi-siyasi təsir dairəsinə daxil etmək üçün adıçəkilən ölkəyə təzyiq göstərməsi kimi dəyərləndirildi.

Lavrov niyə hərbi yardım təklif etdi?
Rusiyanın Türkmənistandan qaz alışını dayandırmasının arxasında siyasi oyunların dayandığı barədə çoxsaylı ehtimallar gündəmdə olmasına baxmayaraq, Moskvanın son addımını dünya bazarında Rusiya qazına tələbatın azalması ilə izah edənlər də vardı. Belə bir fikir vurğulanırdı ki, dünya bazarlarında Rusiya qazına tələbatın azalması və qiymətlərin ucuzlaşması Moskvanın türkmən qazının alışından imtina etməsində önəmli rol oynayıb. Lakin ortada digər bir maraqlı məqam da vardı. Bu da türkmən qazını almaqdan imtina edən Rusiyanın bunun əvəzində Özbəkistandan aldığı qazın həcmini artırması ilə bağlı idi. Belə vəziyyətdə Rusiyanın türkmən qazını almaqdan imtina etməklə qarşı tərəfə təzyiq yolu tutması ehtimalı daha ağlabatan görünürdü. Bütün hallarda Rusiyanın türkmən qazını almaqdan imtina etməsi ilə bağlı müəmmaya Xarici İşlər naziri Sergey Lavrovun Aşqabada səfəri zamanı aydınlıq gəldi.
Lavrov Prezident Qurbanqulu Berdıməhəmmədovla apardığı danışıqlarda Əfqanıstandan Türkmənistana gələn “təhlükə” məsələsini önə çıxararaq, bunun guya Rusiyanı da zərbə altında qoya biləcəyini iddia etdi. Bu müstəvidə də Lavrov “əfqan təhlükəsi”nə qarşı Rusiyanın Türkmənistan-Əfqanıstan sərhədlərini birgə qorumaq üçün hərbi yardım etməyə hazır olduğunu bəyan etdi. Əslində bu, Rusiyanın Türkmənistana müxtəlif bəhanələrlə, o cümlədən qondarma əfqan təhlükəsi altında ordu yeritmək və bu yolla adı çəkilən ölkəni yenidən imperiya caynağına keçirmək niyyətində olduğunu ortaya çıxardı. Lavrovla Berdıməhəmmədovun görüşündən sonra keçirilən mətbuat konfransında rusiyalı jurnalistin Rusiya Türkmənistana Əfqanıstanla sərhədin təhlükəsizliyini təmin etmək üçün hərbi yardım edə bilərmi? sualına nazirin cavabı belə oldu: “Rusiya Əfqanıstandan gələn təhlükədən narahatdır . Biz Türkmənistana sərhədlərini birgə qorumaq üçün hərbi yardım təklif etmişik. Əgər qarşı tərəf bu təklifi qəbul etsə, onda Rusiya hərbi yardım göstərməyə hazırdır”.
Beləliklə, Lavrovun son açıqlaması Rusiyanın türkmən qazının almaqdan imtina etməsinin arxasında siyasi və hərbi oyunların, bu yolla adıçəkilən ölkəyə təzyiq göstərmək niyyətinin dayandığı barədəki ehtimalları təsdiq etmiş oldu.

Türkmənistan sərhədlərini
özü qoruyacaq
Lavrovun Aşqabada səfərindən sonrakı hadisələrin gedişi göstərdi ki, Türkmənistan Rusiyanın hərbi yardımını rədd edib. Bununla bağlı məsələyə münasibət bildirən Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Şöhrət Qədirov deyib ki, Aşqabad yenidən Moskvanın hərbi-siyasi təzyiqi altına, ondan asılı vəziyyətə düşməmək üçün hərbi yardım təklifini rədd edib. Şöhrət Qədirovun fikrincə, Türkmənistan neytral ölkədir və öz ərazisində xarici hərbi qüvvələrin yerləşdirilməsinə razılıq verə bilməz. Bu addım beynəlxalq aləmdə Türkmənistanın neytrallıq statusunu itirməsinə yol aça bilər. Digər tərəfdən də, Rusiya hərbçilərinin istənilən ad altında ölkəyə yeridilməsi dövlət müstəqilliyinin itirilməsi demək ola bilər. Türkmənistan isə heç vaxt buna gedə bilməz.
Buna paralel olaraq, Rusiyanın Türkmənistandan qaz alışını dayandırması və bundan qarşı tərəfə təzyiq vasitəsi kimi istifadə etməsi əslində əks nəticəyə gətirib çıxararaq Aşqabadın Moska ilə münasibətlərindəki ziddiyyətlərin daha da dərinləşməsinə gətirib çıxarıb. Türkmənistan “Qazprom”un bu ölkədən 25 il müddətinə qaz alacağı ilə bağlı anlaşmadan birtərəfli qaydada çıxmasını çətin ki, Moskvaya bağışlaya bilsin. Bundan əlavə, iki ölkə arasındakı ikili vətəndaşlıqla bağlı ziddiyyət də qalmaqda davam edir. Türkmənistan tərəfi ikili vətəndaşlığın ölkə Konstitusiyasına zidd olduğunu söyləyərək, ondan birtərəfli qaydada çıxdığını bəyan etsə də, Rusiya bununla razı deyil. Moskva iki ölkə arasında 2000-ci ildə imzalanan ikili vətəndaşlıq barədə anlaşma nəticəsində ikili vətəndaşlıq alan şəxslərlə bağlı məsələdə qanunun geriyə işləmədiyini iddia edir. Yəni Rusiya Türkmənistanın birtərəfli qaydada adıçəkilən anlaşmadan çıxana qədər ikili vətəndaşlıq statusu alanlara toxunmamağı təklif edir. Aşqabad isə bununla razılaşmır. Təbii ki, Aşqabadı ikili vətəndaşlıq haqqında anlaşmadan çıxmağa vadar edən səbəb Rusiya oldu. Belə ki, Rusiya Cənubi Osetiyadakı vətəndaşlarının təhlükəsizliyini müdafiə etmək bəhanəsi altında Gürcüstan ərazilərini işğal etməsi, eyni təhlükə ilə üzləşməmək üçün Aşqabadı addımlar atmağa məcbur etdi.
Beləliklə, Lavrovun hərbi yardım barədə təklifinin Aşqabad tərəfindən rədd edilməsi əslində məntiqi baxımdan olduqca düzgün addım hesab edilə bilər. Yeri gəlmişkən, onu da deyək ki, Türkmənistan hazırda Əfqanıstanla sərhədi möhkəmlətmək üçün müvafiq tədbirlər həyata keçirir. Ölkənin hərbi güclərinin böyük hissəsi və hərbi texnika məhz Əfqanıstanla sərhəd boyu yerləşdirilməkdədir. Türkmənistan bununla öz sərhədlərini özünün qorumağa qadir olduğunu nümayiş etdirir. Lakin hərbi ekspertlərin fikrincə, Rusiya öz təsiri altında olan bəzi taliban dəstələrini Türkmənistana hücuma təhrik edə və bundan bəhanə kimi istifadə edərək cənub sərhədlərini qorumaq adı altında hərbi güclərini adıçəkilən ölkənin ərazisinə yeridə bilər. Necə deyərlər, Türkmənstan üçün əsas təhlükə əslində Əfqanıstandan deyil, Rusiyadan gözlənilir. Bu baxımdan Türkmənistan bölgədə hadisələrin istənilən istiqamətdə inkişaf etməsinə öncədən hazır olmalıdır.

Əziz Mustafa