Türkmənistan Orta Asiyanın inkişaf etmiş dövlətinə çevrilir

Türkmənistanda iqtisadi sahədə həyata keçirilən uğurlu islahatlar və bu müstəvidə ölkənin sürətlə sənaye dövlətinə çevrilməsi istiqamətində atılan addımlar beynəlxalq aləmin də diqqətini özünə cəlb edib.
Bununla bağlı “The Diplomat” nəşrində Türkmənistanın əldə etdiyi uğurlara həsr edilən geniş məqalə çap olunub. Məqalədə deyilir ki, SSRİ dönəmində ittifaq respublikaları arasında ən zəifi hesab edilən Türkmənistan müstəqilliyini əldə etdikdən sonra tədricən bölgənin inkişaf etmiş dövlətlərindən birinə çevrilib. Məqalədə deyilir:“ Türkmənistan istər iqtisadi inkişaf sürətinə, istərsə də son illərdə qəbul etdiyi cəsarətli qərararlara görə, bölgədə bütün ölkələri geridə qoyub. Xüsusilə Aşqabad enerji, nəqliyyat və iqtisadi sahələrdə həyata keçirdiyi islahatlarla sürətli inkişaf yoluna qədəm qoyub”. “The Diplomat” bu baxımdan hazırda Türkmənistanın  öz iqtisadiyyatını üç istiqamətdə – qazın nəqlinə imkan verəcək yeni kəmərlərin çəkilməsi,  neft – qaz hasilatının artırılması və enerji istehsalının genişləndirilməsi  sahəsində qurduğunu yazıb.  “The diplomat” ın yazdığına görə, Türkmənistan hazırda öz  qazını üç istiqamətdə nəql etmək imkanlarına malikdir. Bunlardan biri, Orta Asiya qaz kəməridir. İkinci marşrut Türkmənistanı İranla bağlayır. Bu iki kəmərlə Türkmənistan ildə dünya bazarına 20 milyard kubmetr qaz ixrac edir. Üçüncü və ən önəmli marşrut isə Çin – Mərkəzi Asiya qaz kəməridir. Bu kəmərlə ildə Çinin 40 faiz qaza olan tələbatını ödəyəcək qədər qaz nəql ediləcək. Hazırda inşa edilməkdə olan Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) kəməridir ki, onunla da ilk qazın nəqlinə 2015-ci ildə başlanılacaq. 1753 kilometr uzunluğu olan və inşasına 7,6  milyard dollar xərclənməsi nəzərdə tutulan  qaz kəməri Türkmənistanın öz qazını dünya bazarına çıxarmasında önəmli rol oynayacaq”.

Türkmənistanın öz qazını dünya bazarına çıxarması istiqamətində həyata keçirdiyi tədbirlərdən biri də  Şərq-Qərb kəmərinin reallaşması ilə bağlıdır. Nəşrin yazdığına görə, bu kəmər reallaşacağı təqdirdə, Türkmənistan Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu ilə  Avropaya ildə 30-35 milyard kubmetr qaz ixrac edə biləcək. “The Diplomat” qəzeti həmçinin yazır ki, Türkmənistan 2013-cü ildə ölkəni Əfqanıstan və Tacikistanla birləşdirəcək yeni dəmir yolunun inşasına başlayıb.  2 milyard dollara başa gələcək bu dəmir yolu Türkmənistan üçün xüsusi önəm daşıyacaq: “Yeni dəmir yolunun inşası başa çatandan sonra Türkmənistan Mərkəzi Asiya, Yaxın Şərq və Cənub Şərqi Avropanı birləşdirən nəqliyyat qovşağına çevriləcək.  Coğrafi baxımdan İpək yolunun mərkəzində yerləşməsi isə,öz növbəsində, Türkmənistanı Çin və Türkiyəni, həmçinin Avropanı birləşdirən unikal nəqliyyat qovşağı olmaq imkanı verib. Bu isə gələcəkdə Türkmənistanın beynəlxalq səviyyədə siyasi, iqtisadi və strateji önəminin artması demək olacaq”.

“The Diplomat”  bu müstəvidə Türkmənistanın ixrac imkanlarının artmasının  ölkə əhalisinin də maddi həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxaracağını və  türkmənlərin  bölgədə ən yüksək maaş alan əhali təbəqəsinə çevriləcəyini də xüsusi qeyd edib: “ Dünyanın əksər tanınmış iqtisadçı ekspertləri, o cümlədən Beynəlxalq Valyuta Fondu Türkmənistanın həyata keçirməyi nəzərdə tutduğu qaz kəmərlərinin  reallaşmasından sonra ölkəyə böyük həcmdə pul gəlirlərinin daxil olacağı qənaətindədirlər.  On milyardlarla dollar isə Türkmənistanın daha da inkişaf edərək güclənməsinə yol açaraq onu  Orta Asiyanın iqtisadi baxımdan ən qüdrətli dövlətinə çevirəcək”.

Bununla belə, “The Diplomat” Əfqanıstanda baş verən hadisələrin, o cümlədən son aylarda iki ölkə sərhədində yaranan gərginliyin Türkmənistan üçün müəyyən problemlər doğura biləcəyini də istisna etməyib. Bununla bağlı nəşr diqqəti neytral ölkə olan Türkmənistanın özü istəmədən  Əfqanıstana münasibətdə xüsusi xətt yeritməyə məcbur olmasına cəlb edib. Bu müstəvidə də Türkmənistan iki ölkə sərhədindəki gərginliyi aradan qaldırmaq üçün həm diplomatik səyləri artırır, həm sərhədyanı əraziləri möhkəmləndirir, hər hansı təcavüzü dəf etmək üçün ordunun müasir hərbi silahlarla təmin edilməsi istiqamətində tədbirlər həyata keçirir.  “The Diplomat” yazır: “Bununla belə, Türkmənistanın güclü və inkişaf etmiş dövlətə çevrilməsi, yanacaq-enerji ehtiyatlarının satışından əldə ediləcək on milyardlarla dollar gəlirin  əhalinin maddi rifahı üçün şəffaf şəkildə xərclənməsindən və ölkədə demokratik və hüquqi islahatların həyata keçirilməsindən asılı olacaq”.

Bir sözlə,Türkmənistan öz qazının dünya bazarına bir neçə istiqamətdə nəqlinə nail olacağı təqdirdə,Xəzərin o tayındakı bizə qardaş ölkə dünyanın həsəd aparacağı ən varlı ölkə və ya obrazlı şəkildə desək, zənginliyinə görə ikinci Küveyt olacaq.ƏZIZ MUSTAFA