Türkmənistan neytrallığını qoruya biləcəkmi?

460
Türkmənistan bölgədən Avropaya nəql ediləcək qaz kəmərində, NABUKKO-da  iştirak etmək niyyətindədir.  Təsadüfi deyil ki, məsələnin bu tərəfinə diqqəti cəlb edən politoloq Y. Siqov  yazır ki, hazırki vəziyyətdə Türkmənistanın  neytral qalması və hər hansı bir ittifaqda iştirak etməməsi Aşqabadın  regionda əl-qolunun açılmasına gətirib çıxarıb.
Xəzəryanı ölkə rəhbərlərinin yaxın vaxtlarda Həştərxanda keçirilməsi nəzərdə tutulan növbəti görüşü ərəfəsində Rusiya mətbuatında bölgənin gələcək taleyi barədə bir-birindən fərqli məlumatlar getməkdədir. Bu müstəvidə də Türkmənistan, Azərbaycan və Qazaxıstan kimi Xəzəryanı ölkələrin hansının sərbəst siyasət yeridə biləcəyi haqqında çoxsaylı ehtimallar səsləndirilməkdədir. İş orasındadır ki, Krımı işğal etdiyinə görə Rusiyanın Qərb tərəfindən çoxsaylı iqtisadi sanksiyalara məruz qalması Moskvanı  postsovet məkanı ölkələri arasında özünə yeni müttəfiqlər axtarmağa məcbur etməkdədir. Bu da, öz növbəsində, Rusiyanın diqqətinin strateji önəm daşıyan Xəzəryanı ölkələrə yönəlməsinə səbəb olub. Rusiya Xəzəryanı ölkələrin simasında özünə dost görmək və beynəlxalq aləmdə baş verən hadisələrə münasibətdə onların dəstəyini almaq üçün, belə demək mümkünsə, hazırda bütün cəhdlərini işə salıb. Xüsusilə, Rusiya son illərdə öz qazının uğurla Çin və İran bazarına çıxararaq, MDB məkanında və dünyada neytral ölkə kimi tanınan Türkmənistanı öz təsiri altına salmaq üçün müxtəlif cəhdlərə baş vurur. Buna səbəb Türkmənistanın bölgədən Avropaya nəql ediləcək qaz kəmərində, NABUKKO-da  iştirak etmək niyyətində olmasıdır. Təsadüfi deyil ki, məsələnin bu tərəfinə diqqəti cəlb edən politoloq Y. Siqov  yazır ki, hazırkı vəziyyətdə Türkmənistanın  neytral qalması və hər hansı bir ittifaqda iştirak etməməsi Aşqabadın  regionda əl-qolunun açılmasına gətirib çıxarıb. Bununla əlaqədar siyasi şərhçi Y.Siqov “CA-NEWS” internet saytında yazır: “Türkmənistan neytral ölkə kimi uzun müddət qalması mümkün deyil. Onun  gec-tez özünə müttəfiq seçəcəyi zərurəti qarşıya çıxacaq. Türkmənistan NABUKKO-ya vəd verir. Amma öz qazını bu marşrutla necə nəql edəcəyini bilmir. Ona görə də Türkmənistan qazının Avropaya nəqlinin reallaşacağına inanmaq çətindir. Lakin hətta belə bir vəziyyətdə belə, Türkmənistanın məsələ ilə bağlı regiona gələn Avropa Birliyi ( AB) emissarları ilə isti görüşlər keçirməsi və onlara müxtəlif vədlər verməsi bölgədəki bəzi dövlətləri qıcıqlandırır”.

Siqov Türkmənistanın  AB rəsmiləri ilə Avropaya qaz nəqli ilə bağlı isti danışıqlar aparmasından hansı dövlətin daha çox qıcıqlanmasını yazmasa da, bu ölkənin Rusiya olduğu  istisna edilmir. Belə ki, məhz Rusiya Türkmənistanın nəinki Avropaya qaz nəql edəcəyi ilə bağlı  danışıqlarda iştirak etməsindən narahatdır, hətta Aşqabadın Çinə qaz ixrac etməsini belə, həzm edə bilmir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Türkmənistan Rusiyaya ixrac etdiyi qazın həcmini ən aşağı səviyyəyə qədər endirib. Eyni zamanda neytral ölkə kimi Rusiyanın Qərbə qarşı oynamaq istədiyi hər hansı bir oyunda oynamaq istəmədiyini nümayiş etdirir. Təbii ki, Aşqabadın Rusiyanın  siyasi və hərbi-strateji maraqlarına cavab verən  ittifaqlarda iştirak etməməsi Moskvada narahatlıqla qarşılanır. Moskva ona görə də Aşqabadı öz təsiri altına salmaq və onu özünə möhtac etmək üçün müxtəlif təzyiq vasitələri axtarmaqdadır. Belə bir təsir vasitəsi isə “əfqan təhlükəsi” ola bilər.  Y. Siqov da “əfqan təhlükəsi”nin Türkmənistanı yardım üçün Rusiyaya müraciət etməyə məcbur edə biləcəyi qənaətindədir.

Məsələ ilə bağlı. Y. Siqov yazır: “Əfqanıstanda ABŞ qoşunlarının olduğu vaxt iki ölkə sərhədində sakitlik idi. Amma son aylarda  Əfqanıstan-Türkmənistan sərhədində vəziyyət gərginləşməyə başlayıb. “Əfqan təhlükəsi”nin artması qarşısında Türkmənistan özünü necə müdafiə edəcək? Türkmənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ( KTMT) üzv deyil. Aşqabad özünü də “əfqan təhlükəsi”ndən müdafiə etmək imkanına malik deyil. Belə olan vəziyyətdə Türkmənistan özünü gözlənilən təhlükədən müdaifə etmək üçün kənardan hərbi yardım xahiş etmək məcburiyyətində qalacaq”.

Xatırladaq ki, Rusiya mətbuatında və rəsmi səviyyədə qaldırılan “əfqan təhlükəsi” Özbəkistanın üzünü Moskvaya çevirməsinə və lazım gələcəyi halda talibandan gözlənilən hücuma qarşı hərbi yardım göstərilməsi barədə Moskva ilə analoji anlaşma imzalamasına gətirib çıxarmışdı.

 

Çin Türkmənistanı müdafiə edə bilər

Rusiyanın “əfqan təhlükəsi” adı altında qaldırdığı hay-küyə baxmayaraq, Türkmənistan məsələyə münasibətdə təmkinli mövqe nümayiş etdirməkdədir. Xatırladaq ki, son bir neçə ayda Türkmənistan sərhədi bir neçə dəfə əfqanlar tərəfindən pozulub. Nəticədə bir neçə türkmən əsgər sərhəddə vəzifə borcunu yerinə yetirərkən həlak olub. Məsələ ilə əlaqədar Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Kabilə səfər edərək, Əfqanıstan rəhbərliyi ilə görüşüb və məsələni onlarla müzakirə edib. Türkmənistan buna paralel olaraq, sərhədin qarşı tərəfindəki ərazilərdə yaşayan etnik türkmənlərin rəhbərləri ilə də görüşərək, onlarla iki ölkə sərhədində yaşanan son gərginlikləri müzakirə edib. Bunun da nəticəsi olaraq, Əfqanıstanın Türkmənistanla sərhəd ərazilərində yaşayan türkmənlər lazım gələcəyi halda, Türkmənistana taliblərdən və digər silahlı dəstələrdən gələ biləcək təhlükənin qarşısını almaq üçün əldə silah Aşqabada dəstək verəcəklərini rəsmi şəkildə bəyan ediblər. Yeri gəlmişkən onu da deyək ki, Özbəkistanla müqayisədə Türkmənistan Əfqanıstanda yaşayan soydaşlarından ölkə üçün təhlükə görmür və onlarla daha isti münasibətlər qurub.

Lakin  Siqovun “CA-NEWS” internet saytında Türkmənistanın bundan sonra da bitərəf qalmasının mümkün olmayacağını yazması və Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxan sammiti ərəfəsində Aşqabadı “əfqan təhlükəsi” ilə qorxutması və toplantı zamanı Aşqabadın öz mövqeyini dəyişməyə məcbur olacağını və kimi müdafiə edəcəyinə aydınlıq gətirəcəyini yazması ortaya bəzi ehtimalların çıxmasına səbəb olub. Güman edilir ki,  Rusiya Türkmənistanı neytrallıq siyasətindən əl çəkməyə məcbur etmək üçün Əfqanıstan tərəfindən Türkmənistana hansısa kiçikmiqyaslı hücumlar təşkil edə bilər. Ola bilsin ki, Moskvada  bundan sonra Türkmənistanın hərbi yardım üçün Rusiyaya müraciət edəcəyini düşünürlər. Lakin Moskvanın bu ümidləri doğrulmaya da bilər. Belə ki, Türkmənistan öz qazını Çinə nəql edən kəməri işə salmaqla faktiki olaraq dünyanın ən böyük dövlətlərindən biri olan Çinin  simasında özünə böyük bir müttəfiq əldə edib. Çinin isə qaz kəmərinin təhlükəsizliyini təmin etmək üçün hər hansı təcavüzə qarşı Türkmənistana istənilən səviyyədə yardım göstərə biləcəyi ehtimal edilir. Görünür, Rusiyada Türkmənistanın köməyinə gələ biləcək Çin faktorunu unudublar…

Əziz Mustafa