Türkmənistan Çin-Rusiya -Avropa üçbucağında

499
Türkmənistanın postsovet məkanında istənilən inteqrasiya proseslərində iştirak etməkdən imtina etməsi və bu müstəvidə də ölkənin Rusiyadan asılılığı kifayət qədər azaltmağa çalışması beynəlxalq aləmdə özünəməxsus fikir oyadır. 
İş orasındadır ki, Aşqabadın Rusiyadan asıllığı azaltma siyasəti yeritməsi və bu çərçivədə də yanacaq-energetika sahəsində Çin, Cənub Şərqi Asiya ölkələri və Avropa Birliri ilə əməkdaşlığı genişləndirməyə cəhd etməsi, əslində müəyyən istisnalarla Qərbin maraqlarına cavab verir. Təbii ki, Rusiyadan asılılığın azaldılması, ilk növbədə, türkmən qazının Çin, Cənub Şərqi Asiya ölkələri və Avropa Birliyinə (Transxəzər qaz kəməri) nəqlini nəzərdə tutan layihələrin həyata keçməsi ilə baş tuta bilər. Bunun da səbəbləri aydındır: Türkmənistan qaz ehtiyatlarına görə, dünyada Rusiya, İran və  Qətərdən sonra 4-cü yerdədir. SSRİ dağılandan sonra Türkmənistanın əsas “çörək ağacı” hesab edilən qazın alıcısı Rusiya idi. Bununla bağlı Türkmənistanla qaz alqı-satqısı barədə anlaşma imzalayan Rusiya faktiki olaraq  türkmən qazını dünya bazarı qiymətlərindən 2 dəfə ucuz qiymətə alır və bu “alış-veriş”dən üçqat qazanırdı. Eyni zamanda qaz asılılığından istifadə edən Rusiya yeri gələndə bu amildən Türkmənistana qarşı güclü təzyiq vasitəsi kimi istifadə edirdi. Belə bir vəziyyətdə isə Türkmənistan çıxış yolu kimi öz qazını Çinə və digər ölkələrə nəqlini nəzərdə tutan layihələrin reallaşdırılmasını gündəmə gətirdi. Çinə qazın nəqli layihəsini müəyyən qədər həyata keçirməyə nail olan Türkmənistan hazırda əsas diqqəti “Transxəzər” qaz kəmərinin və Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ)  layihələrinin reallaşdırılmasına yönəldib. Bu müstəvidə də Prezident Qurbanqulu Berdıməhəmmədov ölkənin neft-qaz kompleksi rəhbərlərinin qarşısına 2015-ci ildə TAPİ-nin çəkilməsinə başlanılması vəzifəsini qoyub. Buna paralel olaraq, Berdıməhəmmədovun göstərişinə əsasən 2016-cı ildə Şərq-Qərb (“Qalkanış” yatağının qərbindən Xəzər dənizi sahillərinə kimi vahid qaz kəmərinin çəkilməsi) daxili qaz kəmərinin inşası başa çatdırılmalıdır. Eyni zamanda 2016-cı ildə Türkmənistan-Çin qaz kəmərinin 4-cü qolunun da istifadəyə verilməsi nəzərdə tutulub. Təbii ki, “Transxəzər” qaz kəmərinin reallaşdırılması məsələsi də Türkmənistanın diqqət mərkəzindədir. Transxəzər qaz kəmərinin çəkilməsi ilə bağlı ortaya çıxan problemlərin həlli isə Türkmənistan baş nazirinin birinci müavini B. Xocaməhəmmədova tapşırılıb.  Transxəzər qaz kəmərinin reallaşması isə Türkmənistana nəinki yanacaq-energetika sahəsində, həm də siyasi sahədə Rusiyanın təzyiqlərindən xilasa yol açaraq, ölkənin beynəlxalq səviyyədə təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Lakin Transxəzər qaz kəmərinin reallaşması və Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsinə Rusiya və İran etiraz edir. Onlar bunun “ekoloji fəlakətə” yol aça biləcəyini iddia edirlər. Əslində Rusiya və İranı “ekoloji fəlakət” amilindən daha çox bu kəmərin işə düşməsi ilə Qərbin Rusiyanın qaz asılılığından qismən də olsa xilas ola biləcəyi, Avropa Birliyinin regiondakı təsirinin daha da artacağı məsələsi narahat edir.  Öz növbəsində Türkmənistan Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsinin digər Xəzəryanı ölkələrə heç bir aidiyyatı olmadığını və buna görə kimlərinsə razılığının alınmasına ehtiyac olmadığını nümayiş etdirir. Türkmənistan həm də qaz kəmərinin Xəzərin Azərbaycan və Türkmənistana aid olan hissəsindən çəkiləcəyini bildirərək, onun ekoloji baxımdan təhlükəli olması barədə deyilənlərin reallığı əks etdirmədiyi qənaətindədir. Bununla belə, Türkmənistanda hesab edirlər ki, “Transxəzər” qaz kəmərinin çəkilməsi, onun təhlükəsizliyinin təmin edilməsinə Qərbin təminat verməsindən asılıdır. Qərb isə “Transxəzər” qaz kəmərinin reallaşmasında maraqlı olsa da, onun təhlükəsizliyinə təminat əvəzinə susmağa üstünlük verir.

Yaranmış vəziyyətdə Türkmənistana təzyiq etmək üçün Rusiya gələn ildən bu  ölkədən qaz alınmasını dayandırmaq niyyətindədir. Xatırladaq ki, Rusiya ildə Türkmənistandan  10-12 milyard kubmetr qaz alır. Yaxın illərdə İran da Türkmənistandan qaz alışını dayandırmaq niyyətindədir. Qeyd edək ki, İranın Türkmənistandan alacağı qaza ehtiyacı yoxdur. Sadəcə, İran Türkmənistandan ildə 9-10 milyard kubmetr qaz almaqla “Transxəzər” qaz kəmərinin çəkilməsinə  mane olmaq istər. Amma görünür İranda da artıq “Transxəzər” qaz kəmərinin çəkilməsi təhlükəsinin olmadığı qənaətindədirlər. Yoxsa, İran da Türkmənistandan qaz alınmasının dayandırılacağı barədə xəbərdarlıq etməzdi. Amma İran və Rusiyanın Türkmənistandan alacağı qazdan imtina etməsi Aşqabad üçün də ciddi əhəmiyyət daşımır. Belə ki, İran və Rusiyanın imtina edəcəyi 20-22 milyard kubmetri qazı Türkmənistan-Çin qaz kəməri ilə nəql etmək imkanına malikdir. Türkmənistanın nəql edilən qaza görə gələcəkdə Çindən asılı vəziyyətə düşəcəyinə gəlincə, Aşqabadda bu amili də çox güman ki, nəzərə alıblar. Çünki Türkmənistan gələcəkdə belə bir təhlükə ilə üzləşməmək üçün həm “Transxəzər”, həm də TAPİ qaz kəmərlərinin inşasını sürətləndirmək niyyətindədir. Necə deyərlər, Türkmənistan hazırda öz qazını müxtəlif istiqamətlərdə dünya bazarına nəql etmək üçün Rusiya-Çin-Avropa Birliyi üçbucağında çox incə siyasət yeritməkdədir. Bunun isə ölkənin təhlükəsizliyinin təmin edilməsində müəyyən rol oynayacağı şübhə doğurmur.

 

Əziz Mustafa