Türklərin Homeri və sərkərdəsi Babur

713

Onun haqqında tarixdə çox yazıb, çox danışıblar və həmişə də əzəməti və şöhrəti qarşısında baş əyiblər. Bir vaxtlar, demək olar ki, bütün Hindistan qurduğu böyük bir imperiyanın tərkibində idi.

O, məşhur sərkərdə, bacarıqlı dövlət xadimi, siyasətçi, həm də orta əsrlərin ən böyük şair və ədiblərindən biri idi. O, təkbaşına Türk-Hind imperatorluğunu qurdu və özündən sonra tarixdə “Baburnamə” adı ilə qalan böyük bir ədəbi miras qoyub getdi. “Baburnamə” Qərbi bu gündə özünə heyran etməkdədir. Məhz “Baburnaməyə” görə onu Qərbdə hörmət və məhəbbətlə türklərin Homeri adlandırırlar.

Bu böyük insan kiçik bir ordu ilə özündən on dəfə çox olan orduları məğlub edən komandan, ən böyük gücün ağıl olduğunu söyləyərək, bununla tarixə düşən məharətli siyasətçi, Osmanlının ruhunu, mənəviyyatını, mədəniyyətini özünəməxsus şəkildə öz imperatorluğunda yaşadan dövlət xadimi, şair, tarixçi, elm adamı və bir sözlə, Türk İslam tarixinin ən böyük simalarından biri olan Qazi Zahirəddin Məhəmməd Babur idi. Tarixə gələcəkdə öz damğasını vuracaq bu böyük insan– Babur 1483-cü ildə indiki Özbəkistanın Əndican şəhərində anadan olub. Onun nəsil kökləri ata tərəfindən Türküstanın (Orta Asiyanın) böyük türk hökmdarı və dövlət xadimi Əmir Teymurun, ana tərəfindən isə Çingiz xanın soyuna qədər uzanıb gedir. Baburun atası həmin dövrdə Fərqanənin əmiri idi. Ancaq Babur 11 yaşına çatanda atası haqqın rəhmətinə qovuşdu. Beləliklə, tale 11 yaşında ikən Babura əmir kimi atasının yerində Fərqanəni idarə etmək nəsib etdi. Amma Baburun gənc və təcrübəsiz olmasından istifadə edən qohumları dayıları, əmiləri və digər yaxınları hakimiyyət uğrunda mübarizəyə başladılar. Onların hər biri Fərqanəni özünün idarə etməyə daha çox haqlı olduğunu iddia edirdi. Amma Babur çox gənc olsa da, özünü müdafiə etmək üçün uzun müddət yaxınları ilə savaşdı. Bu savaşların bəzilərində məğlub oldu, bəzilərində isə qələbə çaldı. Amma aramsız savaşlar Baburun ətrafındakıları yormuşdu. Onlar bu müharibələrin sonsuzluğa qədər davam etməyəcəyini və günlərin birində məğlub ola biləcəklərindən əndişə duymağa başlamışdılar. Digər tərəfdən, qarşı tərəfdəki düşmənləri olan Şeybani xanın adı ilə şeybanilər adlananlar da günü-gündən daha da qüvvətlənməkdə idilər. Ona görə də ətrafındakılar Babura qardaş qanı axıtmağa son qoymağı və qarşı tərəflə dil tapmağı, onlara hansısa güzəştə getməyi təklif edirdilər. Babur şeybanilərə güzəştə getməyin və ya onların qarşısında ağ bayraq qaldırmağın nə ilə nəticələnə biləcəyini yaxşı anlayırdı. Bütün hallarda, hətta könüllü şəkildə əmirlikdən imtina etsə belə, qarşı tərəf onları bağışlamayacaqdı. O yaxşı anlayırdı ki, Fərqanə əmiri olmaq uğrunda gedən savaşlar çox dərinliyə gedib və ələ keçiriləcəyi halda, ondan və tərəfdarlarından gələ biləcək təhlükəni aradan qaldırmaq üçün onları edam edəcəklər. Amma tərəfdarları bir məsələdə haqlı idilər: Mənasız qardaş qırğınlarına son qoymaq hökmən lazım idi. Ona görə də Babur çıxış yolunu özünə sadiq qüvvələrlə Fərqanəni tərk etməkdə gördü. Vaxtilə əcdadları olan səlcuqlar (oğuzlar) hakimiyyət davası uğrunda gedən döyüşlərdə bölgəni buraxaraq özləri üçün yeni torpaqlar tapmaq mqəsədi ilə Anadoluya üz tutmuş və buranı türk torpağı edərək böyük bir imperatorluq qurmuşdular. İndi də tarix təkrar olunurdu. Amma oğuz-səlcuk soyundan gələn bu qəhrəman Babur özünə sadiq qüvvələrlə Hindistana üz tutdu.

Kabili özünə paytaxt elan etdi

Baburun Hindistana üz tutmaq niyyətində olması onun ordusuna çoxlu sayda gənc qüvvələrin axışmasına səbəb oldu. Onların arasında Türküstan çöllərində köçəri həyat keçirən çoxlu sayda türk və monqol vardı. Bu da Baburun ordusunun qısa müddətdə xeyli güclənməsinə gətirib çıxardı. Amma Hindistana yürüş üzərində Əfqanıstan dayanırdı. Bu ölkəni ələ keçirmədən Hindistana yürüş mümkün deyildi. Bunu yaxşı başa düşən gənc sərkərdə, 21 yaşlı Babur ordusu ilə Hindiquş dağlarını aşaraq 1504-cü ildə qəfildən Əfqanıstana daxil oldı və sürətli hücumla oranı ələ keçirdi. Əfqanıstanı nəzarəti altına alan Babur Kabil şəhərini öz dövlətinin paytaxtı elan etdi. Bu onun həyatında qazandığı ilk və ən böyük uğurlardan biri idi. Lakin qələbədən başı məst olan ordu xalqla kobud davranmağa və onlara münasibətdə özlərini qəddarcasına aparmağa başladı. Bu da tezliklə əfqanların bir nəfər kimi Babura qarşı üsyan qaldırmasına səbəb oldu. Üsyanın səbəblərini öyrənən Babur dərhal xalqı incidən və onlarla qəddarcasına rəftar edən əsgərlərin hamısını cəzalandırdı. Baburun bu ədaləti qarşısında yerli xalq üsyanı dayandıraraq onun ətrafında sıx birləşməyə başladılar. Babur da, öz növbəsində, Əfqanıstanı idarə edən məmurlarına yerli xalqla ədalətlə davranmağı tapşıraraq, əks halda buna əməl etməyənləri ən ağır şəkildə cəzalandıracağı barədə onlara sərt şəkildə xəbərdarlıq etdi. Bundan sonra Baburun Əfqanıstanda qurduğu ədalətli dövlətin sorağı hər yerə yayılmağa başladı. Babur yerli xalqın dəstəyindən istifadə edərək, Şeybani xanın üzərinə yürüş etmək qərarına gəldi. O, əfqanların yardımı ilə Şeybani xanın üzərinə yürüş edərək, onu məğlub etdi və dövlətinin ərazilərini Türküstana qədər genişlətdi. 1511-ci idə Babur qızğın savaşlardan sonra Səmərqənd və Buxaranı ələ keçirdi. Artıq o xeyli güclənmişdi və nə Türküstanda, nə də Çin və Hindistanda qarşısına çıxa biləcək bir qüvvə yox idi.

Hindistana yürüş

Son qələbələrdən sonra Babur Hindistana hərbi səfərin vaxtının gəlib çatdığını və buna mane ola biləcək bir gücün ona qarşı ola bilməyəcəyini anlamağa başlamışdı. Çünki arxadan, Türküstandakı düşmənlərindən gələ biləcək təhlükəni o aradan qaldırmış, həm də ordusunu xeyli gücləndirə bilmişdi. Ona görə də Babur çoxdankı arzularını həyata keçirmək məqsədi ilə Əfqanıstanı ələ keçirərək, burada öz dövlətini qurandan 15 il sonra 1519-cu il fevral ayında Hindistana hərbi səfərə çıxdı. Həmin il fevral ayının 4-də Baburun ordusu sallar vasitəsilə Sind çayını keçdi. Ordu ilk hücumda Pəncab və ətrafındakı əraziləri ələ keçirdi. Pəncabı ələ keçirəndən sonra Babur burada möhkəm qanun-qayda yaratdı və ədalətlə bölgəni idarə etməyə başladı. Bu da tezliklə yerli xalqın ona rəğbətlə yanaşmasına və dəstəkləməsinə gətirib çıxardı. Pəncabı ələ keçirəndən sonra bir müddət ordusuna istirahət verdi və yalnız bölgədə tam möhkəmləndiyinə əmin olandan sonra Babur Hindistanın digər əraziləri üzərinə də yürüşə çxdı. Ümumiyyətlə, Babur Hindistan üzərinə 5 dəfə hərbi yürüşə çıxıb. Bu yürüşlər zamanı o, Hindistanın böyük hissəsini öz nəzarəti altına almışdı. Onun sonuncu 5-ci hərbi səfəri Dehli üzərinə oldu. Həmin dövrdə Dehlidə İbrahim Lodi hökmdarlıq edirdi. İbrahim Lodi Baburdan gələn təhlükəni aradan qaldırmaq və onu birdəfəlik Hindistan torpaqlarından qovmaq məqsədilə o dövr üçün olduqca böyük hesab edilən bir ordu toplamışdı. Bu ordunun sayı 130 min nəfərdən çox idi. Bundan əlavə, İbrahim Lodinin ordusunda 1000-dən artıq döyüş fili vardı. Babur isə güclü düşmən qarşısında cəmisi 13 min nəfər əsgərə malk idi. Bəlkə də başqa sərkərdə olsaydı, özündən azı 10 dəfə çox olan düşmənlə döyüşə girməyə cəsarət etməzdi. Çünki bu, bilə-bilə özünü ölümün qucağına atmaq demək idi. Ancaq Babur düşməndən qorxan və çəkinən sərkərdələrdən deyildi. Bir vaxtlar əcdadı Alparslan Malazgirt ətrafında özündən 10 dəfə çox olan 200 min nəfərlik Bizans ordusunu yenərək Anadolunu əbədi olaraq türk yurdu etmişdi. İndi də Babur onun bu qəhrəmanlığını Dehli ətrafında davam etdirmək niyyətində idi.

İbrahim Lodi həm əsgərlərinə, həm də döyüş fillərinə çox güvənir və Baburu asanlıqla məğlub edəcəyinə şübhə etmirdi. O, Baburun azsaylı ordu ilə qabağına çıxmasından xəbərdar idi və hətta öncədən döyüş bitən kimi çalacağı qələbə ilə bağlı möhtəşəm bir mərasim keçirməyi qərara almış və bu məqsədlə xüsusi hazırlıqlar da gördürmüşdü. Amma həmin gün xoşbəxtlik sanki İbrahim Lodidən üz döndərmişdi və o bilmirdi ki, bu savaş onun üçün sonuncu olacaq…

Babur düşmən üzərinə azsaylı qüvvə ilə getdiyini və savaşın onlar üçün olduqca ağır keçəcəyini yaxşı anlayırdı. Lakin Baburun damarlarında axan türk qanı, varlığından süzülüb gələn türk döyüşgənliyi onu cəsarətlə düşmən üzərinə getməyə sövq edirdi. Eyni zamanda o da aydın idi ki, düşmənin döyüş filləri qarşısında tab gətirmək heç də asan olmayacaq.
Döyüşdən əvvəl Babur əsgərlərinin önünə çıxaraq:

– Bu döyüş bizim üçün asan olmayacaq, ancaq biz dəfələrlə məğlubedilməzliyimizi dünyaya nümayiş etdirdik, biz zəfər əsgərləriyik və bu ağır döyüşdə mən də sizinlə ön sıralarda olacağam,- dedi. Döyüş başlayan kimi İbrahim Lodu özünün əsas silahını, filləri meydana buraxdı. Mindən artıq fil bir andaca Baburun ön sıralarda vuruşan əsgərlərinin üzərinə cumdu. Baburun əsgərləri filləri ox atəşinə tutsalar da, onlar heç nəyə baxmadan irəliləyərək

qabaqlarındakı bütün canlıları əzərək məhv etdilər. Baburun əsgərləri təlaş içində geri çəkilirdilər. Artıq elə güman edilirdi ki, qızmış fillərin qarşısını heç nə ala bilməyəcək və döyüşün taleyi İbrahim Lodunun xeyrinə həll olunub. Amma Baburun da sərəncamında düşmənin gözləmədiyi və ağlına belə gətirmədiyi bir silah vardı: Bu silah o dövr üçün yeni hesab edilən toplar idi. Fillərin hücumunun qarşısını yalnız top atəşləri ilə almaq olardı. Baburun ordusunda Osmanlı türklərindən olan və Osmanlı ordusunda təcrübə keçən Mustafa Ruminin komandanlığı altında topçu birliyi də vardı.

Baburun əmri ilə topçular dərhal fillərin üzərinə atəş açmağa başladılar. Top səslərindən, həmçinin ətrafı bürüyən alov və tüstüdən fillər hürkərək geriyə döndülər. Onlar yolları üzərlərindəki öz əsgərlərini ayaqlar altına alaraq qaçmağa başladılar. Bu da İbrahim Lodunun əsgərləri arasında çaşqınlığa gətirib çıxardı və onların döyüş səfləri pozuldu. Bundan istifadə edən Baburun əsgərləri düşmən üzərinə atıldılar. Qızğın döyüşdə düşmən ordunun komandanı və dövlət başçısı İbrahim Lodu öldürüldü. Beləliklə, 1526-cı il aprel ayının 29-da Babur ona dünya şöhrəti gətirəcək bir qələbə qazandı. Bu qələbənin sorağı bütün türk-islam dünyasında sevgi və coşqu ilə qarşılandı. Məşhur şair Şeyx Zeyn Hafi isə Baburun qələbəsinə həsr edilən “Zəfərnamə” adlı əsər qələmə aldı. Bu əsər bütün türk-islam hökmdarlarına göndərildi.

Dehli ələ keçirilir

Məğlub olan İbrahim Lodunun idarə etdiyi əraziləri də öz dövlətinin tərkibinə daxil edən Babur bunun ardınca Dehli üzərinə yürüş edərək oranı ələ keçirdi, sonra isə o, Aqra şəhəri üzərində də nəzarəti ələ aldı. Artıq bu məşhur türk sərkərdəsi 3-4 milyon kvadratkilometrə çatan böyük bir ərazini ələ keçirmişdi. Ona görə də Dehli və Aqranı da nəzarəti altına alandan sonra Babur Hind-Türk İmperatorluğunun yaradıldığını elan etdi. O, artıq əsas məqsədinə çatmış və indiki Hindistanın böyük hissəsini öz imperiyası tərkibinə daxil etmişdi. Babur bundan sonra dinc dövlət quruculuğunu həyata keçirmək niyyətində idi. Bu məqsədlə o, bütün diqqətini Osmanlı sultanları kimi ələ keçirdiyi ərazilərdə haqq və ədalətin bərpa edilməsinə, ölkəni indiki terminlərlə desək hüquqi yollarla idarə olunmasına yönəltdi. Çünki əks halda, düşmənləri əhalini ondan narazı salmağa və onun əleyhinə üsyanlar qaldırmağa sövq edəcəkdilər. İlk vaxtlar bu olduqca çətin idi və bəzi yerli keçmiş tayfa başçıları və əmirlər hər vasitə ilə xalqı Baburun əleyhinə qaldırmağa çalışır və ona dinc dövlət quruculuğunu həyata keçirməyə imkan vermirdilər. Belə bir vəziyyətdə orduda və sarayda da Babur əleyhinə narazılıqlar artmışdı. Ordu uzun və yorucu səfərlərdən yorulmuşdu və onlar israrla geriyə dönməyi Baburdan tələb edirdilər. Bunu görən Babur geriyə dönmək istəyən əsgərləri qarşısına çıxaraq:

– Sizinlə uzun yollar gəldik, heç kimə nəsib olmayan qələbələr qazandıq, siz mənə, mən də sizə inandım. İndi isə siz geri dönmək istəyirsiniz. Amma bunu da bilin ki, siz geri dönsəniz belə, mən təkbaşına bu torpaqlarda qalacağam və sona kimi də düşmənlə savaşacağam,-dedi. Onun bu sözlərindən sonra əsgərlər geri dönmək fikirlərindən vaz keçməli oldular. Baburun nəzarəti altına aldığı ərazilərdəki əhali ilə olduqca isti münasibətlər qurması xalq arasında ona rəğbətin artmasına gətirib çıxardı. Lakin düşmən də yatmamışdı. Baburla döyüşdə məğlub olmalarını həzm etməyən bəzi yerli hind racələri ona qarşı üsyan qaldırdılar. Bu üsyanlardan ən təhlükəlisi Racput xanlığını ələ keçirən Rana Sanqanın qaldırdığı qiyam idi. Bunu anlayan Babur böyük bir qüvvə ilə Sanqa üzərinə yürüdü. 1527-ci il mart ayının 27-də Kavna ətrafında baş verən döyüşdə Sanqanın qaldırdığı üsyanı yatırdı. Bundan sonra heç kim Babura qarşı üsyan qaldırmağa cəsarət etmədi. Bu da Babura ölkədə sabitliyi bərpa etməyə imkan verdi.

“Baburnamə” türklərin

“İliada və Odisseya”sı olur

Baburu digər sərkərdə və dövlət xadimlərindən fərqləndirən onun həm də mahir bir şair və tarixçi olması idi. Cağatay türkcəsində yazdığı şeirlər xalq arasında Babura daha bir böyük şöhrət gətirmişdi. Türküstan çöllərindən başlamış Hindistana qədər uzanan böyük bir ərazidə Baburun yazdığı şeirlər xalq arasında dillər əzbəri idi. Babur klassik şeirin, demək olar ki, bütün növlərində yazıb. Onun qələmə aldığı qəzəllər, rübailər, o cümlədən sadə xalq türkcəsində yazdığı lirik şeirlər insanı sanki sehrləyir.

O həmin dövrdə məşhur şair Əlişir Nəvaidən sonra Orta Asiya türklərinin ən sevimli şairi idi. Ümumiyyətlə, Baburun şeirləri Anadoluya qədər gəlib çatmış və o, Osmanlıda yaşayan bütün insanların sevimlisinə çevrilmişdi. Babur şeirlərini həm doğma ana dili olan türk dilində, həm də o dövrün adət-ənənələrinə uyğun olaraq farsca yazıb. Baburun ədəbi yaradıcılığında “Baburnamə” adını alan əsəri xüsusi yer tutur. O bu əsərində gəzdiyi, gördüyü yerlərin təsvirini vermiş, bununla əlaqədar öz xatirələrini şirin dillə qələmə almışdı. Təsadüfi deyil ki, “Baburnamə” əsəri bu böyük türk sərkərdəsi, dövlət xadimi və ədəbiyyatçısına qılıncı ilə qazandığı qələbələrdən daha çox şöhrət gətirdi. “Baburnamə”də Orta Asiya xalqlarının, Əfqanıstanın və Hindistanın tarixi öz əksini tapıb. Xüsusilə XV-XVI əsr Orta Asiya, Əfqanıstan və Hindistan tarixini öyrənmək baxımından bu əsər əvəzsiz bir tarixi sənəd, tarixi əsər hesab edilir. “Baburnamə”nin dünya şöhrəti qazanmasını bu əsərin dünyanın, demək olar ki, bütün dillərinə tərcümə edilməsi və hər yerdə böyük rəğbətlə qarşılanması da sübut edir.

Baburun həm tarixçi, həm ədəbiyyatçı, həm də şair kimi məşhur olmasını onun ədəbi irsinin ABŞ, Fransa, Almaniya, İtaliya, Türkiyə, Almaniya, Pakistan, Hindistan, Qazaxıstan, Özbəkistan və digər dövlətlərdə, bir sözlə, bütün ölkələrin şərqşünaslıq mərkəzlərində tədqiq edilməsi də bir daha sübut edir. Baburnamə bir neçə dəfə fransız dilinə tərcümə edilib. 1980-85-ci illərdə YUNESKO tərəfindən Parisdə “Baburnamə” ən nəfis şəkildə yenidən nəşr edildi. Məşhur fransız şərqşünası Lui Bazen 1980-ci ildə Parisdə fransız dilində nəşr edilən “Baburnamə”yə yazdığı ön sözünə belə başlamışdı: “Baburun bu əsəri ( “Baburnamə”) daha çox şəxsi tərcümeyi-halını əks etdirsə də, o, islam ədəbi dünyasının ən dəyərli və nadir nümunələrindən biridir”. Baburun Kabildə dəfn edildiyi bağ hazırda Baq-i Babur ( Babur bağı) adı ilə məşhurdur. Ümumiyyətlə, “Baburnamə” üç hissədən ibarətdir. Birinci hissədə Mavərrünəhrdə XV əsrdə baş verən hadisələr qələmə alınıb. İkinci hissədə Əfqanıstanda baş verən hadisələr, üçüncü hissədə isə Şimali Hindistan, onun əhalisi, təbiəti barədə olduqca maraqlı məlumatlar verilib. Babur bu əsərində böyük şair Əlişir Nəvai və onun yaradıcılığı haqqında da məhəbbətlə bəhs edib və onun dühası qarşısında baş əydiyini nümayiş etdirib. Babur öz xalqını çox sevirdi. O, həmişə doğma vətənə, indiki Özbəkistana, ata yurduna qayıtmaq həsrəti ilə yanırdı. Onun ən böyük xidmətlərindən biri də məhz özbək ədəbiyyatının və poeziyasının inkişafına əvəzsiz xidmətlər göstərməsidir. Hindistanın məşhur dövlət xadimi Nehru Babur haqqında belə yazır: “Babur insana xoş təsir bağışlayan intibah dövrünün ən cəsarətli bir şəxsiyyətlərindəndir. O, incəsənəti, ədəbiyyatı sevir və bundan böyük bir zövq alırdı”.

Məşhur ingilis alimi və tədqiqatçısı, “Baburnamə”ni ingilis dilinə tərcümə edən Annet Susanna Beveric: “Bu əsər Qibbon və Nyutonun kəşfləri qədər əhəmiyyətlidir”,-deyə yazırdı.

Digər ingilis şərqşünası, Baburun şeirlərini ingilis dilində dərc etdirən E. Denisson Ross yazırdı: “Baburun məmurları bütün ədəbi dövrlərin ən dəyərli cəlbedici və romantik əsərlərindəndir. O bu əsəri özünün ana türk dilinin müxtəlif ədəbi janrları əsasında yazıb”

Ümumiyyətlə, Qərb şərqşünasları “Baburnamə”ni Homerin məşhur “İliada və Odisseya”sına bərabər tuturlar. Baburun özünü isə dünya ədəbiyyatında yalnız Homerlə müqayisə edirlər.

Dünya şöhrətli dövlət xadimi, sərkərdə və ədəbiyyatçı olan Babur 1530-cu il dekabr ayının 25-də Aqra şəhərində haqqın rəhmətinə qovuşdu. Son nəfəsində dediyi isə bu sözlər oldu: “Məni çox sevdiyim Kabilə aparın və orada dəfn edin”.

Ancaq bu böyük türk sərkərdəsi və dövlət xadimi özündən sonra əbədiyyətə qədər davam edəcək əvəzsiz bir ədəbi irs və qəhrəmanlıq məktəbi qoyub getdi. O, vəfat edəndə cəmisi 47 yaşı vardı və necə deyərlər, hələ ömrünün ən çiçəklənən müdrik dövrünə qədəm qoymuşdu. Bəlkə də, əgəl ona imkan versəydi, Babur hələ daha çox zəfərlər əldə edəcək, ədəbi aləmi valeh edən şeirlər, əsərlər, yeni baburnamələr yazacaqdı. Baburun xatirəsi bu gün də milyonlarla türkün qəlbində yaşamaqdadır. Onun ana vətəni olan Özbəkistanda xatirəsi əbədiləşdirilib, bir neçə şəhərdə heykəlləri qoyulub və hər il anadan olduğu il doğma vətənində xüsusi mərasimlə qeyd edilir.
ƏZIZ MUSTAFA