Türkiyəli qonaqlar Qubaya səfər ediblər

62

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti Qubaya səfər edib.  Azərbaycan Milli Məclisinin deputatlarının da iştirak etdiyi səfər zamanı nümayəndə heyəti ilə Quba Rayon İcra Hakimiyyətində görüş keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonaqlara Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib. Bildirilib ki, iki qardaş ölkə arasındakı mövcud münasibətlər bütün sahələri əhatə etməklə yüksələn xətlə inkişaf edir və bu münasibətlər hər bir ölkəyə nümunə ola biləcək səviyyəyə çatıb.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Vətən müharibəsində Azərbaycanın qazandığı şanlı Qələbədən söz açıb, ölkələrimiz arasında imzalanmış Şuşa Bəyannaməsinin əlaqələrimizin geostrateji əhəmiyyətini bundan sonra daha da artıracağını qeyd edib.

Sonra nümayəndə heyəti Qubada Şəhidlər xiyabana gələrək, Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini anıblar.

Qonaqlar Qubada bu ilin may ayında istifadəyə verilən Azərbaycan-Türkiyə Qardaşlıq Parkı ilə də tanış olublar. Parkda rəmzi olaraq iki qardaş ölkənin bayraqlarındakı ulduz və ayparalar təsvir edilib.

Bildirilib ki, Azərbaycan və Türkiyəni bir-birinə tarixi, milli, dini və mədəni köklər bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, humanitar, hərbi və digər istiqamətlərdə uğurla inkişaf edir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir.

Qeyd olunub ki, Türkiyə Vətən müharibəsinin ilk günlərindən Azərbaycanın mübarizəsində daim onu dəstəkləyib. Qardaş ölkə Azərbaycanı dəstəkləməklə haqqın, ədalətin tərəfində olduğunu nümayiş etdirib.