Türkiyəli naziri Hollandiyadan çıxaran şəxslə bağlı maraqlı faktlar

433

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Rotterdamdakı Türkiyə konsulluğuna buraxılmaması və Hollandiyadan çıxarılması hadisəsi geniş müzakirə olunur.  Lent.az xəbər verir ki, Türkiyə mediası hadisələrin bu formada inkişaf etməsində Rotterdamın Mərakeş əsilli bələdiyyə sədri Əhməd Əbu Talebin əsas rol oynadığını yazırlar. Məhz bələdiyyə sədri türkiyəli nazirin iştirakı ilə iqitin keçirilməsi xəbərini alan kimi Rotterdamdakı Türkiyə konsulluğunun ətrafında fövqəladə vəziyyət elan ediləcəyini yazmışdı.

Əhməd Əbu Taleb son illərdə Hollandiyada ən çox gündəmə gələn siyasətçilərdəndir. Fəhlə partiyasının üzvü olan bu şəxs miqrant olsa da müsəlmanlara qarşı sərt ritorikası ilə seçilir. O, hələ 15 yaşında olarkən ailəsi ilə birgə Mərakeşdən Hollandiyaya köçüb. Maraqlıdır ki, 2015-ci ildə Fransada “Charlie Hebdo” qətliamı zamanı o müsəlmanlara xitab edərək, “ifadə azadlığını bəyənmirsinizsə, rədd olub gedə bilərsiz”, demişdi. O, dəfələrlə Avropaya uyğunlaşa bilməyən müsəlmanların mütləq geri qaytarılmalı olduğunu bildirib.

Almaniyada səfərdə olmuş Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kaya, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Berlindən Niderlanda yerüstü nəqliyyat vasitəsi ilə səfər edəcəyini bəyan etmişdi.

 

Xəbər verildiyi kimi, Fatma Betül Kayanın avtomobili Türkiyənin Rotterdamdakı Baş Konsulluğuna yollanarkən Niderland polisi tərəfindən saxlanılıb. Nazirin səfərini işıqlandırmaq üçün Rotterdama səfər edən  “Anadolu” və TRT-nin jurnalistlərinə də Baş Konsulluq istiqamətində hərəkət etmək qadağan olunub.