Türkiyədən Orta Asiyaya Xəzər üzərindən yükdaşımalar asanlaşdırılır

371

Türkiyədən Orta Asiya, xüsusilə də Qazaxıstan istiqamətində yük maşınları ilə daşımalar üçün Xəzər üzərindən marşrutda əlverişli şəraitin yaradılması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) diqqət mərkəzində saxlanılır.

QSC-dən verilən məlumata görə, Azərbaycan Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının tərkibinə daxil olan AXDG Azərbaycan ərazisindən tranzitlə keçən yüklər üçün bir pəncərə sisteminin yaradılması, vahid və endirimli yükdaşıma tariflərinin tətbiq edilməsi və keçid prosedurlarının sadələşdirilməsi istiqamətində müvafiq qurumlar ilə birgə işləyir. Yük maşınlarının daha tez və vaxtında daşınması məqsədi ilə, AXDG Bakı-Aktau istiqamətində bərələrin mütəmadi səfər qrafikini təsdiq edib. Qeyd etmək lazımdır ki, həftədə 2 reys nəzərdə tutulmasına baxmayaraq, limanda yığılmış yük maşınlarının sayını nəzərə alaraq, AXDG, Ələt limanından Aktau istiqamətinə bərələrin növbədənkənar reyslərini də təşkil edir.

Qeyd edək ki, bu ilin 4 dekabr tarixində Xəzərdə son 10 il ərzində olmayan ən güclü qasırğa baş verib ki, bu da bərələrin hərəkət qrafikinə çox ciddi təsir edib. Belə ki, son günlərdə bərələrin ardıcıl olaraq Aktau limanına yola salınmasına baxmayaraq, 6-9 dekabr tarixlərində 4 ədəd bərə Aktau limanına gəlib, lakin hava şəraitinin kəskin olması səbəbindən Aktau limanı qapalı elan olunub və bərələr körpüyə yan ala bilməyərək, lövbərdəhavanın düzəlməsini gözləməli olublar. Təbiidir ki, qeyd olunan hal, bu müddət ərzində limanda yeni yük maşınlarının toplanmasına səbəb olub. Lakin Türkiyəyə məxsus yük maşınlarının vaxtında və təhlükəsiz daşınması AXDG üçün ən mühüm məsələlərdən biri olduğunu nəzərə alaraq, hava şəraitinin düzəlməsi ilə bərələrin yenidən təyin olunmuş qrafik ilə hərəkət etməsi təmin olunur. Onu da vurğulamaq lazımdır ki, Aktau limanında bərələr üçün 1 ədəd yanalma körpüsünün olması və bu körpünün qasırğa və yüksək dalğalardan qorunmaması vəziyyəti bir qədər də çətinləşdirib. Hal-hazırda AXDG-nin iki bərəsinin boşaldılması Aktau limanındakı yanalma körpüsündə yaranan texniki nasazlığa görə ləngiyir.

Bundan əlavə qeyd etmək istərdik ki, yük maşınlarının daşınmasına daimi nəzarəti təmin etmək məqsədi ilə AXDG-də xüsusi işçi qrupu və qaynar xətt yaradılıb. Limana girişdən öncə kassa yerləşdirilib və daşıma qiymətlərini və şərtlərini özündə əks etdirən lövhə quraşdırılıb.