Türkiyədən ABŞ-a sərt “soyqırımı” etirazı

Ankarada, Türkiyə Xarici İşlər Nazirliyində görüş keçirilib. Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Türkiyədəki səfiri Con Baası qəbul edib. Ankara qondarma erməni soyqırımının 100 iliyinə hazırlıqla bağlı mesajını verib.
Türkiyə 1915-ci il hadisələrinin 100 illiyi ilə bağlı ermənilərin başladığı kampaniyanın təsirlərinə qarşı hərəkətə keçib. Görüşdə erməni diasporunun 1915-ci il hadisələrini soyqırımı kimi qələmə vermə, ABŞ Nümayəndələr Palatasının gündəliyinə salınması cəhdlərləri ilə bağlı müzakirələr aparılıb.

Nazir qondarma soyqırımı iddialarının ABŞ-da gündəmə salınmasının iki ölkə arasındakı münasibətlərə mənfi təsir edə biləcəyini qeyd edib.

Çavuşoğlu ABŞ rəhbərliyinin Türkiyənin həssaslığını diqqətə almasını istəyib və erməni diasporunun cəhdlərinin ikitərəfli münasibətlərə zərər verməməli olduğu mesajını verib.

Ötən gün ölkə parlamentində çıxışı zamanı Mövlud Çavuşoğlu həmçinin İŞİD-lə mübarizə məsələsinə də toxunub. O deyib ki, terror təşkilatı və digər ekstremist qruplaşmalar tərəfində savaşan Türkiyə vətəndaşlarından azı 100 nəfəri ölüb.

“Kəşfiyyatın məlumatına görə, İŞİD tərəfində əməliyyatlarda Türkiyənin 600-dək  vətəndaşı iştirak edir, onlardan azı 100-ü döyüşlər zamanı ölüb”, deyə nazir bildirib.

O, əlavə edib ki, 7000-dən çox xarici vətəndaşın ölkəyə girişinə qadağa qoyulub, ekstremist qruplaşmalar ilə əlaqəli olmaqda şübhəli bilinən azı 1100 nəfər ölkədən çıxarılıb.  Rəsmi Ankara 2013-cü ildən başlayaraq əcnəbi silahlılarının ölkə ərazisindən, xüsusi ilə də aeroportlardan  keçməsinin qarşısının alınması üzrə tədbirləri gücləndirib.

Çavuşoğlunun sözlərində görə, Türkiyənin Suriya və İraqla sərhədinin 1000 km-dən çox uzunluğu var və əcnəbi silahlıların ölkə ərazisindən keçməsinin qarşısını  təkbaşına almaq  çox çətindir.  Çavuşoğlu Qərb ölkələrini bu məsələdə Türkiyə ilə sıx əməkdaşlıq etməyə çağırıb.