Türkiyədə baş verən dağıdıcı zəlzələdən 21 il ötür

0
679

1999-cu il avqustun 17-də yerli vaxtla 03.02-də mərkəzi Kocaeli vilayətinin Gölcük rayonu olmaqla Türkiyənin Marmara bölgəsində baş vermiş 7.4 bal gücündə zəlzələdən 21 il ötür. Bu hadisə Türkiyə ərazisində tarix boyu meydana gələn ikinci ən güclü yeraltı təkan olaraq qiymətləndirilir.

Hesablamalara görə, ocağı yerin 17 kilometr dərinliyində olan zəlzələ 120 kilometrlik seysmik xəttin qırılmasına səbəb olub.

Təbii fəlakət zamanı bölgədə, eləcə də Türkiyənin sənaye şəhəri olan Kocaelidə demək olar ki, bütün tikililər dağılıb və ya ağır zədə alıb.

Rəsmi məlumatlara əsasən, həm əhali sıxlığı, həm də iqtisadi baxımından Türkiyənin əhəmiyyətli bölgəsinə təsir edən 17 avqust zəlzələsi nəticəsində 17 min 480 nəfər həlak olub, 23 min 781 nəfər müxtəlif bədən xəsarətləri alıb, 505 nəfər isə əlil qalıb.

Hadisə zamanı 285 min 211 ev, 42 min 902 iş yeri ağır zədələnib, 133 min 683 binanın çökməsi nəticəsində isə təxminən 600 min insan evsiz qalıb. Ümumiyyətlə, bu zəlzələ təxminən 16 milyon insana müxtəlif dərəcələrdə təsir göstərib.

Türkiyənin yaxın tarixinə dərindən təsir edən bu hadisə istər böyüklüyü, istər təsir etdiyi ərazi, istərsə də maddi və mənəvi itkilər baxımından ötən əsrin ən böyük zəlzələlərindən biri olaraq qiymətləndirilib.

Bu təbii fəlakətdən təxminən üç ay sonra noyabrın 12-də bölgədə 7.2 bal gücündə növbəti yeraltı təkan qeydə alınıb. Otuz saniyə davam edən bu zəlzələ nəticəsində Marmara bölgəsinin Düzce vilayətində 845 nəfər həlak olub.

Üç ay ara ilə baş verən bu iki yeraltı təkan İstanbulun cənub hissəsini də əhatə edən Marmara bölgəsindən keçən seysmik xəttin zədələnməsi və yaxud gələcəkdə qırılma ehtimalı ətrafında müzakirələrin artmasına səbəb olub.

Hadisədən 21 il keçməsinə baxmayaraq Türkiyənin bu bölgəsində yaşayan insanlar hələ də zəlzələnin təsiri altındadırlar. Onlardan bəziləri isə yeraltı təkanlardan sonra bölgədə havanın çirklənməsi səbəbindən müxtəlif ağciyər xəstəlikləri və xüsusilə nəfəsalmada problemlərlə üzləşiblər. azərtac