Türkiyə yenidən Qərbin strateji tərəfdaşına çevrilir

670

Rusiyanın Krımı işğal etməsindən sonra Qərb – Şərq münasibətlərində yenidən “soyuq müharibə” küləklərinin əsməsi tərəfləri vəziyyətdən çıxış yolu axtarmağa və öz qüvvələrini yaranmış hərbi-siyasi vəziyyətə uyğun şəkildə qruplaşdırmağa məcbur edir.

Bu müstəvidə də Qərb Rusiyadan gələn hərbi təhlükəyə qarşı NATO-nun daha çevik hərəkət etməsi üçün hərəkətə keçib. Bunu ötən gün Antalyada keçirilən NATO üzvü olan ölkələrin xarici işlər nazirlərinin görüşündə yeni təhlükələrə qarşı birgə hərbi tədbirlər işlənib hazırlanması məsələsinin müzakirə edilməsi də sübut edir. Müzakirələrdə Rusiyadan gələn hərbi təhlükənin kifayət qədər böyük olduğu və onun özü ilə gətirə biləcəyi fəsadlara qarşı bütün cəbhə boyu hazır olmanın vacibliyi xüsusi vurğulanıb. Qeyd edilib ki, təhlükə kifayət qədər ciddidir və bu məsələdə hər hansı gecikmiş addım beynəlxalq aləmi yeni müharibə alovlarına sürükləyə bilər. Əslində NATO xarici işlər nazirlərinin son görüşünün Antalyada keçirilməsi də təsadüfi deyil. Belə ki, SSRİ dağılandan sonra, belə demək mümkünsə, NATO-nun cənub cinahındankı strateji əhəmiyyətini itirən Türkiyəyə münasibətdə Qərbin siyasəti dəyişməyə başlamışdu. Xüsusilə Türkiyənin Avropa Birliyinə üzvlüyünə başda Almaniya və Fransa olmaqla, Qərbdə güclü müqavimət göstərilməsi və buna paralel olaraq pərdə arxasından adıçəkilən ölkənin parçalanması planının işə salınması təhlükəli hal aldı. Necə deyərlər, “soyuq müharibə”nin başa çatmasından və SSRİ-nin dağılmasından sonra Qərb-SSRİ qarşıdurması bu dəfə Qərb-İslam dünyası qarşıdurması ilə əvəz olundu. Bu çərçivədə də Türkiyənin parçalanmasını nəzərdə tutan PKK terrorçularına və kürd separatçılarına hərbi, maliyyə dəstəyi verilməsi, bölgənin xəritəsini yenidən dəyişdirmə cəhdləri uzun müddət idi ara vermirdi. Bu baxımdan ABŞ-ın İraqı işğal etməsi və Qərbin xüsusi xidmət orqanlarının əli ilə Liviyada, Tunisdə rəngli inqilabların həyata keçirilməsi, Suriyanın vətəndaş müharibəsi meydanına çevrilməsi Şərqə qarşı öncədən hazırlanmış planın tərkib hissəsi hesab edilir. Bununla belə, Avropanın Rusiyanın yanacaq-enerji vasitələrindən hədsiz dərəcədə asılı olması və bu məsələdə Türkmənistan və Azərbaycan qazının Türkiyə ərazisi ilə Qərbə nəqli məsələsinin gündəmə gətirilməsi Qərbin Ankaraya münasibətinin nisbətən yumşalması ilə müşahidə olunmaqdadır. Ötən il isə Rusiyanın Krımı işğal etməsindən sonra Kremlin Qərb üçün yenidən hərbi təhlükəyə çevrilməsi diqqətin yenidən Türkiyəyə yönəlməsinə gətirib çıxardı. Rusiya təhlükəsi, öz növbəsində, Türkiyəni Qərb üçün hərbi-strateji baxımdan yenidən önəmli ölkəyə çevirdi. Bunu ötən gün NATO baş katibi Yens Stoltenberqin  verdiyi açıqlama da bir daha sübut edir. Stoltenberq: “Rusiya hərbi yolla qonşu ölkələrin sərhədlərini dəyişdirməyə, yeni işğalçılıq cəhdlərinə baş vurur. Biz NATO-nun cənub cinahında yeni təhlükə ilə üzləşmişik. Ona görə də  yeni hərbi siyasi vəziyyətə uyğunlaşmaq və gözlənilən təhlükələrə qarşı hazır olmaq üçün adaptasiya dövrünü yaşamaq məcburiyyətindəyik”,-deyib.
Xatırladaq ki, hələ ötən ilin sentyabr ayında  NATO-nun Uelsdə keçirilən sammitində Rusiya təhlükəsinə qarşı hərbi alyansın çevik qüvvələrindən istifadənin ön plana çıxarılması qərara alındı. Bu məqsədlə də  NATO-nun “İti nizələr”(İti mızraqlar) güclərindən Rusiya təhlükəsinə qarşı istifadə edilməsi nəzərdə tutulub. Belə bir fikir vurğulandı ki, “İti nizələr” Qərb üçün gələ biləcək hərbi təhlükənin qarşısını almağa qadirdir. “İti nizələr”i, əvvəlcə, altı ölkə, o cümlədən Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Polşa və Fransa rəsmi şəkildə dəstəklədiklərini bəyan etdilər. Ötən gün NATO xarici işlər nazirlərinin Antalyada keçirilən  toplantısında Türkiyə də rəsmi şəkildə “İti nizələr”i dəstəklədiyini bildirdi. Bununla NATO-nun çevik hərbi gücü hesab edilən “İti nizələr”i dəstəkləyən ölkələrin sayı 7-yə çatmış oldu. Bütün bunlar isə Türkiyənin NATO üçün yenidən önəmli hərbi-strateji tərəfdaşa çevrildiyini göstərməkdədir.

Türkiyə-Rusiya münasibətlərində

səssiz gərginlik açıq

müstəviyə keçirilir

Türkiyənin yenidən NATO-nun cənub cinahında Qərb üçün önəmli hərbi tərəfdaşa çevrilməsinin isə Ankara-Rusiya münasibətlərinə də təsir göstərəcəyi şübhə doğurmur. Halbuki Rusiyanın Krımı işğal etməsinə kimi Ankara-Moskva münasibətləri tədricən iqtisadi, siyasi müttəfiqlik səviyyəsinə doğru inkişaf etdirilməkdə idi. Almaniya və Fransanın mane olması nəticəsində Avropa Birliyinə üzv olma arzuları boşa çıxan Türkiyə Rusiyanın simasında özünün yeni müttəfiqini görməyə başlamışdı. Bu çərçivədə də Rusiyanın maraqlarına xidmət edən rus qazının “Cənub axını” layihəsi vasitəsilə Avropaya nəqli barədə tərəflərin ortaq məxrəcə gəlməsi iki ölkə arasında yeni yaxınlaşmaya yol açmaqda idi. Lakin Rusiyanın Ukraynaya hərbi təcavüzü Ankara-Moskva münasibətlərində də soyuqluğa yol açdı. Ukrayanın ərazi bütövlüyünü dəstəklədiyini rəsmi şəkildə Türkiyənin dəfələrlə bəyan etməsi isə Moskvada narazılıqlara gətirib çıxardı. Ötən ayın 24-də Putinin qondarma erməni soyqırımının 100 illiyi münasibəti ilə keçirilən tədbirdə iştirak etməsi və öz çıxışında “soyqırımı” ifadəsini işlədərək Türkiyəni narazı salması  iki ölkə arasında davam edən pərdəarxası narazılıqların açıq müstəviyə keçirilməsi demək oldu. Moskva-Ankara münasibətlərində gərginliyin açıq müstəviyə keçirilməsini Türkiyə Baş Naziri Əhməd Davudoğlunun NATO xarici işlər nazirlərinin Antalya görüşündəki çıxışında da aydın görmək olar. Əhməd Davudoğlu sammitdəki çıxışında Krımın anneksiyasının yolverilməz olduğunu xüsusi vurğuladı. Baş Nazir buna paralel olaraq,  NATO ölkələrini hər vasitə ilə Ukraynaya hərbi, siyasi və maliyyə dəstəyi verməyə çağıraraq: “Ukraynaya özünün  təhlükəsizliyini təmin etmək üçün hərtərəfli dəstək verilməlidir. Biz Ukrayna ərazisinin anneksiyası ilə heç vaxt razılaşa bilmərik və Krımda yaşayanların (tatarların) yenidən hansı məhrumiyyətlərə və zülmlərə məruz qalmaqda olduğunu unutmamalıyıq”,-deyib.

Xatırladaq ki, NATO xarici işlər nazirlərinin Antalya sammiti ərəfəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rəsmi şəkildə açıqlama verərək, Rusiyanın Ukraynaya məxsus Krımı işğal etməsini və Gürcüstana münasibətdə həyata keçirdiyi siyasətə heç cür haqq qazandırmağın mümkün olmadığını vurğulayaraq, işğal faktını pislədi. Bu isə Moskvada açıq şəkildə narazılıqla qarşılandı.

NATO-nun  sıraları genişləndiriləcək

NATO xarici işlər nazirlərinin Antalya sammitində diqqəti cəlb edən bir məsələ də bu hərbi alyansın sıralarının genişləndirilməsi məsələsinin yenidən gündəmə gəlməsi oldu. Belə ki, sammitdə beynəlxalq aləmdə hazırda əmələ gələn hərbi siyasi vəziyyətlə əlaqədar NATO-nun sıralarının yeni üzvlər hesabına genişləndirilməsi ilə bağlı çağırışlar eşidildi. Belə bir fikir vurğulandı ki, hazırda NATO-ya üzv olmaq niyyətində olan ölkələrə, o cümlədən Çernoqoriya, Bosniya və Herseqovina, Makedoniya və Gürcüstanın bu hərbi quruma daxil olmaq xahişlərinə baxmaq və bunu müzakirə etmək lazımdır. Məsələnin artıq ciddi xarakter aldığını Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sammitin bağlanış mərasimində dediyi sözlər də sübut edir. Mövlud Çavuşoğlu: “Növbəti sammit 2016-cı ildə Varşavada keçiriləcək. Sammitdə  NATO-nun sıralarının yenü üzvlər hesabına genişləndirilməsi məsələsi müzakirə ediləcək. Yaxın gələcəkdə NATO-nun sıralarına Çernoqoriya, Bosniya və Herseqovina, Makedoniya və Gürcüstan qəbul edilə bilər”,-deyib.

NATO-nun sıralarının yeni üzvlər hesabına genişləndirilməsi isə Qərbin Rusiyaya qarşı yeni cəbhə açması demək olacaq. ƏZIZ MUSTAFA