Türkiyə tarixində ermənilərə qarşı heç bir soyqırımı baş verməyib

540
Türkiyə tarixində ermənilərə qarşı heç bir “soyqırım” baş verməyib. 
Bu sözləri Türkiyə Böyük Millət Məclisinin spikeri Cemil Çiçek bildirib. Onun sözlərinə görə, Türkiyəni hər cür yolla ləkələmək istəyən erməni diasporuna qarşı bütün dünyada müqavimət göstərmək niyyətindədirlər. C. Çiçək bildirib ki, Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün öz arxivlərini açıb. Əgər Ermənistanın belə arxivləri varsa, o da açsın.

“23 il əvvəl Dağlıq Qarabağın Xocalı qəsəbəsində tarixə qara ləkə kimi düşən soyqırımı baş verib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə rusların 366-cı motoatıcı alayı və təpədən-dırnağa qədər silahlanmış erməni silahlıları günahsız insanları vicdansızcasına qətlə yetiriblər. Xocalıda etnik təmizləmə aparılıb. Dünyanın gözü qarşısında sənədli-sübutlu soyqırımı cinayəti törədilib”. Bu sözləri isə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının parlamentdə keçirilən iclasında deyib. MHP sədri əllərində “Hamımız erməniyik” plakatını gəzdirənlərin Xocalı soyqırımını görmək istəmədiklərini bildirib: “Xocalı 23 ildir əzab içindədir. İllərdir soyqırımı nağılı danışan, uydurma iddialarını yalan və böhtan üzərində quran erməni lobbisi hələ də millətimizə qarşı intiqam həvəsindən vaz keçməyib. Ermənilər ilk növbədə, günahsız müsəlman-türk qanının bədəlini ödəməlidirlər. Bəs erməni olduqları ilə fəxr edənlər haradadırlar? Küçə-küçə plakat daşıyıb “Hamımız erməniyik” gurultusu qoparanlar hansı deşikdədirlər? Bunların ağzından ömür boyu bir dəfə də Xocalı kəlməsi çıxmayıb”.