Türkiyə Suriyaya əsgər göndərəcəkmi?

478

Bu gün Türkiyə parlamentində İŞİD-ə qarşı mübarizədə koalisiya gücləri tərəfində ölkənin iştirak edib-etməməsi  ilə bağlı yekun qərar qəbul ediləcək. Lakin Türkiyənin İŞİD-ə qarşı mübarizə üçün öz əsgərlərini Suriyaya göndərməsi ehtimalı kəskin fikir ayrılıqları ilə müşahidə olunmaqdadır. Məsələ ilə bağlı hökumətin tənqid edilməsinə cavabında Prezident Ərdoğan: “Heç bir dövlət hansısa niyyətlərini həyata keçirmək üçün Türkiyədən oyuncaq ölkə kimi istifadə edə bilməz. Türkiyə belə bir ölkə deyildir”,-deyib.

 Bu arada isə NATO-nun yeni baş katibi Ştoltenberq bəyan edib ki, İŞİD-dən gələ biləcək hər hansı bir təhlükəyə qarşı Türkiyəyə hərtərəfli dəstək verəcəklər. O bununla bağlı yaxın günlərdə Türkiyəyə səfər edəcəyini də söyləyib.

Türkiyənin parlamentdə təmsil olunan siyasi partiyalar arasında da məsələyə münasibət birmənalı deyil. Məsələn, Milli Hərəkat Partiyası ( MHP) baş katibinin müavini Emin Haluk Ayhan: “Türkiyənin İŞİD-lə bağlı koalisiyada iştirakı barədə qərar ABŞ dövlət katibi tərəfindən verilib. AKP Türkiyəni qüdrətli dövlət olmaqdan məhəllə münaqişələrində iştirak edəcək aciz dövlət olmağa sürükləyib”,-deyib.

Cümhuriyyət Xalq Partiyası ( CXP) rəsmisi Akif Hamzaçebi: “Türkiyə bölgənin ən önəmli ölkəsi, Suriya və İraq da tarixi qonşularımızdır. İŞİD-ə qarşı mübarizəyə qoşulacağımız təqdirdə, bunun gələcəkdə ölkəmizin regiondakı nüfuzuna zərbə vuracağı şübhə doğurmur”.

 Xalqların Demokrat Partiyasının (XDP) Şırnakdan olan millət vəkili Hasib Kaplan hökumətin İŞİD-ə qarşı mübarizə ilə bağlı koalisiyada iştirak etməsinə qarşı çıxaraq, bu məsələdə tələsik qərar qəbul edilməsinin əleyhinə çıxdığını bildirib.

 Azərbaycanda da Türkiyənin İŞİD-ə qarşı mübarizəyə qoşulmasına münasibətdə ehtiyatlı yanaşma mövcuddur. Məsələyə münasibət bildirən politoloq Vəfa Quluzadə: “ Türkiyə nə edəcəyini çox yaxşı bilir. Məsələ ilə bağlı risklər də ortada var. Ancaq Türkiyə qüdrətli dövlətdir və özü üçün ola biləcək təhlükələri dəf etməyə qadirdir”,-deyib.

Millət vəkili, politoloq  Rasim Musabəyov: “İŞİD Türkiyə üçün ciddi təhlükəyə çevrilib və qardaş ölkə ona qarşı mübarizədən kənarda qala bilməz. Amma, təbii ki, məsələ ilə bağlı risklər mövcuddur. Çox güman ki, Türkiyə İŞİD-lə mübarizəyə qoşulacağı təqdirdə, bu riskləri nəzərə alacaq”.

1Oktyabrın 2-də Türkiyə parlamentində keçiriləcək qapalı iclasda Suriyadakı münaqişəyə hərbi müdaxilə ilə bağlı mümkün tədbirlər müzakirə olunacaq.

Bu barədə Hakim Ədalət və İnkişaf Partiyasının fraksiya rəhbərinin müavini Mustafa Əlitaş bildirib.

 “Parlamentə təqdim ediləcək mandatın müzakirəsi bağlı qapı arxasında keçiriləcək”, deyə deputat bildirib.

 Məlumata görə, iclasda “İslam Dövləti” terror qruplaşmasının Suriyadakı qüvvələrinin və PKK-nın ölkəyə yaratdıqları təhlükəyə cavab ola biləcək hərbi tədbirlər müzakirə olunacaq.   Bu tədbirlərin xarakteri hələlik açıqlanmır.

 Qeyd edək ki, ötən gün Türkiyənin Baş Naziri Əhməd Davudoğlu Silahlı Qüvvələrin komandanlığı ilə görüşündə Suriyadakı vəziyyətə ölkənin  mümkün reaksiyasını müzakirə edib. Görüşdə Türkiyənin güc strukturlarının rəhbərləri iştirak edib.

 İŞİD Türkiyəni təxribata çəkir

“İslam Dövləti” terror qruplaşmasının silahlıları Suriyanın Hələb şəhərində 20 türk hərbçisini əsir götürüb.

Bu barədə Livanın “Əl Mayəddin” telekanalı məlumat yayıb. Məlumata görə, əsir götürülən hərbçilər Osmanlı imperiyasının hökmdarlarının əcdadı Süleyman Şahın məqbərəsini qoruyurmuşlar.

Türkiyənin Baş Nazirinin müavini Bülənt Arınç bundan əvvəl məqbərənin “İslam Dövləti” silahlılarının mümkün hücumlarından qorunmasının vacibliyini qeyd etmişdi. O, həmçinin Suriya və İraqa hərbi müdaxiləni nəzərdə tutan mandatın artıq Türkiyə parlamentinə təqdim olunduğunu  bildirmişdi.

 Qeyd edək ki, Süleyman Şahın məqbərəsi Hələb şəhəri yaxınlığında, Cabir qalasının yanında yerləşir. Türkiyə əsgərləri 1921-ci ildə imzalanmış müqaviləyə əsasən məqbərəni qoruyur.