Türkiyə-Suriya sərhədində döyüşlər davam edir

512
Türkiyə-Suriya sərhədində İŞİD gücləri ilə kürd silahlı dəstələri arasında toqquşmalar səngimək bilmir. 
Türkiyənin sərhədində yerləşən Şanlıurfa vilayətinin Suruç rayonu ilə üzbəüz mövqedə İŞİD döyüşçüləri ilə Peşmərgə kürd qüvvələri arasında döyüşlər dünən gecədən etibarən daha da şiddətlənib. Döyüşlərdən qaçan Suriya vətəndaşları Şanlıurfanın Suruç rayonundan Türkiyə ərazisinə daxil olmağa çalışırlar. Qaçan suriyalıların Türkiyəyə girişinə hələ ki, icazə verilmir. Sərhədə toplaşan Şanlıurfa kürdləri isə gələn suriyalıların Türkiyə ərazisinə buraxılmasını gözləyirlər. Türkiyə-Suriya sərhədində hərəkətlilik davam edir, təhlükəsizlik tədbirləri də gücləndirilib.

Son məlumatlara görə, kürd əsilli suriyalıların “İslam Dövləti”nin (İŞİD) hücumlarından qaçaraq, Türkiyəyə sığınmaq istəyi növbəti qarşıdurma ilə nəticələnib.

Türkiyə-Suriya sərhədinin Şanlıurfa vilayətinin Suruç mahalı hissəsindən keçmək istəyən kürdlərin gözlədilməsi bölgə əhalisinin etirazı ilə qarşılanıb.

Təxminən 100 nəfərlik qrup polis və əsgərlərin üzərinə daş atmağa başlayıb. Nəticədə vətəndaşlarla təhlükəsizlik gücləri arasında qarşıdurma yaranıb. Hərbçilər və polislərin kütləni  bibər qazı və təzyiqli su ilə dağıtmağa çalışdığı xəbər verilir. Bundan sonra sərhədə toplaşan izdiham oradan uzaqlaşmaq məcburiyyətində qalıb.

Məlumata görə, Suriya tərəfindən sərhədə yaxınlaşan 50 yaşlarındakı bir qadın minaya düşüb. Qadın Suruç dövlət xəstəxanasına aparılıb.

Sərhəd xəttindəki gərginlik davam edir. Suriyalı qaçqınların isə hələ də sərhədin Suriya tərəfindən Türkiyəyə keçmək üçün gözlədiyi bildirilir. Toqquşmlardan sonra Türkiyə qadınların və uşaqların ölkə ərazisinə daxil olmasına icazə verib.

Bu arada isə Türkiyənin Baş Naziri Əhməd Davudoğlu Suriya ilə sərhəddəki gərginliyə toxunub.

“Suriya və İraqdakı vəziyyətlə əlaqədar ölkəmizə pənah gətirən qardaşlarımıza qucağımızı, ürəyimizi açmışıq. Sərhəd ərazilərdəki vilayətlərin valilərinə göstəriş də vermişik. İlk hədəfimiz bu qardaşlarımıza olduqları yerdə yardım edə bilmək üçün sərhəddə yardım işlərini həyata keçirməkdir”, – Əhməd Davudoğlu belə deyib.