Türkiyə seçki ərəfəsində: vəziyyət necədir?

554

Avqustun 10-da Türkiyə tarixində ilk dəfə ümumxalq səsverməsi yolu ilə prezident seçiləcək. Dövlət başçısı postuna üç iddiaçı var: müxalif partiyaların ortaq namizədi İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu, hakim Ədalət və İnkişaf Partiyasının namizədi baş nazir Rəcəb Teyyub Ərdoğan, kürdlərin dəstəklədiyi Xalqların Demokratik Partiyasının namizədi Səlahəddin Dəmirtaş.

Türkiyədə yaşayan azərbaycanlı ekspert, Karabük Universitetinin müəllimi Ələskər Ələskərli “Media forum” saytının seçkiqabağı vəziyyətlə bağlı suallarını cavablandırıb.

– Təşviqat kampaniyasına start verilib. Gedişat nə göstərir?

– Digər seçki kampaniyaları ilə müqayisədə bu seçki kampaniyası nisbətən sönük keçir. Bunun bir neçə səbəbi var. Birincisi, ölkədə siyasi hərarət aşağı düşüb. Bildiyiniz kimi, bundan əvvəl, mart ayında bələdiyyə seçkiləri keçirilib. Həm müxalifət, həm də iqtidar bütün enerjisini, gücünü o seçkiyə sərf edib. Çünki o seçkinin nəticələri həm hakimiyyət, həm də müxalifət üçün çox önəmli idi. Hakim partiyanın bələdiyyə seçkilərindəki qələbəsi bir tərəfdən iqtidarın özünə olan inamını artırıb, digər tərəfdən də türk seçicisinin mövqeyini ortaya qoyub. Bələdiyyə və prezident seçkiləri arasında tam paralellik qurmaq doğru olmasa da, bütövlükdə onun nəticələri seçicinin tendensiyasını qiymətləndirmək baxımından  olduqca vacibdir. Bugünkü seçki kampaniyasının zəif keçməsinin bir səbəbi də budur. Necə deyərlər, alan aldı, satan satdı. Ona görə də elektoratın mövqeyi təxminən məlumdur. Həm siyasi elitada, həm də seçicilərdə bir yorğunluq hiss edilir.

Seçki kampaniyasının sönük keçməsinin digər səbəbi isə Ramazan ayı və yay tətili mövsümü ilə bağlıdır. Amma hər şeyə rəğmən bu seçki Türkiyənin ictimai-siyasi həyatında önəmli hadisədir və ölkədəki idarəetmə formasının dəyişdirilməsinin ilk addımı ola bilər.

– Ekmələddin İhsanoğluna müxalifətdən necə münasibət sərgilənir?

– Əgər kürd azlığın namizədini nəzərə almasaq, Ekmələddin İhsanoğlu müxalifətin ortaq namizədidir və təbii olaraq müxalifət partiyaları kampaniyalarını bu namizəd ətrafında həyata keçirir. Əsas müxalif partiyalarda – Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyalarında İhsanoğlunun namizədliyinə qarşı çıxan müəyyən narazı kəsim var. Bunu mətbuatda və müxtəlif tədbirlərdə açıq şəkildə səsləndirirlər. Lakin onların da vəziyyətlə barışmaqdan başqa yolları yoxdur.

-İhsanoğlunun namizədliyi açıqlandığı vaxtdan indiki vəziyyət arasında dəyişiklik varmı?

– Ekmələddin İhsanoğlu geniş xalq kütlələrinin çox yaxından tanıdığı bir şəxs deyil. Namizədliyi açıqlandıqdan sonra tanınma imkanı yarandı. Olduqca sanballı, parlaq, maarifçi görüşlərə sahib, realist və şübhəsiz ki, bilikli bir namizəddir. O, açıqlamalarını, tənqidi fikirlərini klassik siyasi liderlərə yad olan ədəb və hörmət çərçivəsində ifadə etməyə çalışır.

– Bəs o, prezidentliyə müxalif namizəd kimi nə qədər şanslı görünür, vəziyyət ona doğru dəyişə bilərmi?

– İhsanoğlunun qarşısındakı namizəd, yəni Rəcəb Teyyub Ərdoğan zəngin siyasi təcrübə qazanmış, xarizmatik və güclü liderdir. Uzun illər təkbaşına hakimiyyətin verdiyi siyasi gücə sahibdir. Partiyasının imkanları hər cəhətdən genişdir. Əlində hökumət resursları və media gücü var. Bunlar önəmli məqamlardır. Ən əsası isə türk seçicisinin özünəməxsus mövqeləri var. AKP (Ədalət və İnkişaf Partiyası) seçicilərinin əsas kütləsi üçün Ərdoğan Türkiyədə bir mərhələnin başlanğıcını qoyub və onu davam etdirmək lazımdır. Onlara görə bu elə prosesdir ki, onu müzakirə, mühakimə etmək ciddi zərər verə bilər. Partiya içindəki mühafizəkar kəsimin mövqeyi belədir. Üstəlik, hakim partiyaya görüş etibarilə yaxın olmasa da, onun siyasətinin müxtəlif yönlərini bəyənən təəssübkeş kütləsi var. Bu kəsim AKP üçün yaxşı səs potensialı sayıla bilər.

Mövcud qanunvericiliyə görə, prezident seçilmək üçün səslərin 51 faizini qazanmaq lazımdır. Əgər ilk turda bu nəticə əldə edilməsə, ikinci tur keçirilir. İkinci turda ilk səsvermədə ən çox səs almış iki namizəd seçkiyə qatılır və bu turda prezident sadə səs çoxluğu ilə seçilir. Əgər birinci turda nəticə əldə edilməsə, ikinci tura Ərdoğan və İhsanoğlu qatılacaq. Birinci turda öz namizədi (seçilmə şansı olmayan) olan kürd azlığın səslərinin ikinci turda AKP-yə getmə ehtimalı böyükdür. Əvvəlcədən namizədlərdən birinin mütləq qalib gələcəyini demək həm siyasi proqnozlaşdırma, həm də etika baxımından elə də doğru sayıla bilməz. Bu ehtimalları irəli sürən sosioloji araşdırma mərkəzləri var. Çox güman ki, onların proqnozları ilə yaxın günlərdə mətbuatda tanış olacağıq.

“Media forum