Türkiyə parlamentində Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ qaldırılıb

0
432
Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili Əli Özgündüz Türkiyə Böyük Millət Məclisindəki (TBMM) çıxışında ötən ilin iyun ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun Azərbaycana qaytarılması üçün Türkiyənin hərəkətə keçməsini istəyib. Ə. Özgündüz Kəlbəcərə analarının məzarlarını ziyarətə gedən hər iki azərbaycanlının erməni əsgərləri tərəfindən tutulduğunu, bir nəfərin isə işgəncə ilə öldürüldüyünü nəzərə çatdırıb.
“Bu, hazırda Azərbaycan üçün çox önəmli məsələdir. Biz bir millətik deyirik. Azərbaycan və Türkiyə vətəndaşları bir millət, iki dövlətdir deyirik. Dolayısı ilə, hazırda əgər bir millətiksə, bizim millətdən 2 nəfər qondarma bir məhkəmə tərəfindən ittiham olunaraq biri ömürlük, digəri isə 22 il həbsə məhkum olunub. Türkiyə Xarici İşlər Nazirliyi bu məsələ ilə maraqlanmalıdır. Yəni Azərbaycanla münasibətlərimiz sadəcə sözdə deyil, gerçəkdən qardaşlıq münasibətləridir deyiriksə, bunu göstərmək üçün önəmli vasitələrdən və imkanlardan biri Xarici İşlər Nazirliyimizin əlindədir”, – deyə Əli Özgündüz vurğulayıb.

Millət vəkili əlavə edib ki, işğal olunmuş ərazilər BMT qərarlarına görə Azərbaycan torpaqlarıdır: “Öz torpağında anasının məzarını ziyarət etməyə gedənlər bu şəkildə uydurma məhkəmədə ağır cəzalara məhkum edilir. Bu iki türk qardaşımızın bir an öncə Ermənistan həbsxanalarından qurtarılması və ölkələrinə azad dönmələri üçün Türkiyə hökumətinə önəmli vəzifə düşür”.

Ə. Özgündüz Türkiyə xarici işlər nazirini məsələni beynəlxalq səviyyədə qaldırmağa və addımlar atmağa çağırıb: “Ən bəsit şəkildə insan haqlarının pozulmasına görə dünya ayağa qalxır. Biz də dünyanı ayağa qaldırmalıyıq. Azərbaycan bizi özünə böyük qardaş bilir. Azərbaycanı bu məsələdə tək buraxmamalıyıq. Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdirsə, bu gün Azərbaycan kədərdədir. Bu gün Quliyevin və Əsgərovun ailələri kədərdədir. Həsən Həsənov işgəncə nəticəsində ölüb. Ona Allahdan rəhmət diləyirik. Bu parlamentin iqtidarıyla, müxalifətiylə biz bu məsələdə Azərbaycanın yanındayıq. Azərbaycanlı qardaşlarımızın bu haqlı tələbini dəstəkləyirik”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here