Türkiyə mediası: Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Novruz tonqalını alovlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Şuşada Cıdır düzündə bayram tonqalı alovlandırmaqları Türkiyə kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandırılıb.

Türkiyənin media qurumları xəbəri “Azərbaycan Prezidenti Əliyev Şuşada Novruz tonqalını alovlandırdı” və digər sərlövhələrlə təqdim ediblər. Bundan başa, məlumatlarda dövlətimizin başçısının Şuşa şəhərindəki çıxışından bəzi mühüm fikirlər də türkdilli oxuculara çatdırılıb. Prezident İlham Əliyevin “Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik” fikri bir çox media orqanları tərəfindən başlığa çıxarılıb.

Anadolu və DHA xəbər agentlikləri, “CNN Türk”, “Haber türk”, “TRT Haber”, “A Haber”, “Haber Global” telekanallarında, eləcə də “Yeni Şafak”, “Hürriyet”, “Cumhuriyet”, “Takvim” və s. qəzetlərin saytlarında da yerləşdirilən məlumatlar orijinal videomateriallar və fotolarla təqdim olunub.

Məlumatı təxminən beş dəqiqəlik orijinal vedeomaterialla təqdim edən Türkiyə mediası yazır ki, otuz ilə yaxın zaman kəsiyində işğal altında olan ərazilərimizin düşməndən rəşadətli döyüş yolu ilə azad edildiyini xatırladan Prezident İlham Əliyev deyib: “Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir!”

Mövzunu əhatə edən informasiyalardakı orijinal fotoların altyazılarında Prezident İlham Əliyevin çıxışlarından mühüm məqamlar türkdilli ictimaiyyətə təqdim olunub: “Bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi”.

Dövlətimizin başçısının “Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik” fikrini altbaşlıq kimi təqdim edən aparıcı mətbuat bu hissəni və məlumatı belə tamamlayır: “İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik. Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”