Türkiyə kosmik stansiya inşa etməyi planlaşdırır

428

Türkiyə kosmik stansiyanın inşa edilməsinə dair qərar qəbul edib. apa-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.

 

“Kosmik stansiyanın inşa edilməsinə dair qanun layihəsi artıq parlamentə təqdim edilib”, – deyə B.Yıldırım Eskişehir əyalətində helikopter ehtiyat hissələrinin istehsalı zavodunun açılış mərasimində bildirib.

 

Onun sözlərinə  görə, qərar kosmik və aviasiya texnologiyalarının, təbii sərvətlərin aşkarlayaraq əhalinin rifahı üçün istifadə edilməsi hesabına ölkədə inkişaf və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə qəbul olunub.

 

Türkiyənin baş naziri həmçinin NATO ölkələrinin birgə layihəsi olan “F-35” beşinci nəsil qırıcı-bombardmançı təyyarələrin istehsalı layihəsini şərh edib.

 

“Təyyarənin füzelyajının mərkəzi hissəsi ABŞ-la yanaşı Türkiyədə, TUSAŞ şirkəti tərəfindən də istehsal ediləcək. Şirkət artıq istehsala başlayıb. Türkiyədə həmçinin hücum və kəşfiyyat pilotsuz uçan aparatların istehsalı da davam etdirilir”, – deyə o əlavə edib.