Türkiyə hökuməti Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində çoxlu sayda işçinin ölümü ilə əlaqədar 13 may tarixindən etibarən ölkədə 3 günlük matəm elan olunduğunu açıqlayıb. Matəmlə əlaqədar Türkiyədə və ölkənin xaricdəki nümayəndəliklərində bayraqlar yarıya qədər endirilib. Bu arada isə Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğan Somaya səfər edib. Təyyarə ilə mədən faciəsi baş verən əraziyə yollanan Baş naziri müşavir Fəxri Qasırğa, Ankara valisi Ələddin Yüksəl və digərləri yola salıb.
Baş nazir Ərdoğanla birgə müavinləri Bülent Arınç və Bəşir Atalay, daxili işlər naziri Efkan Ala, səhiyyə naziri Mehmet Müezzinoğlu, sabiq nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım da Somaya yollanıb.
Qeyd edək ki, ötən gün Türkiyənin Manisa vilayətinin Soma rayonundakı özəl kömür mədənində partlayış baş verib. Partlayışa mədəndəki elektrik trasformatorunda yaranmış qısaqapanmanın səbəb olduğu bildirilir.
Qəza, növbə dəyişimi vaxtı baş verdiyindən hadisə zamanı mədəndə iki qat çox fəhlə olub. Onların karbon monoksid qazından zəhərləndikləri bildirilir.
Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız mədən qəzasında ölənlərin sayının 275 nəfərə çatdığını açıqlayıb.
Ölən və yaralıların sayının artacağı istisna olunmur. Partlayış baş verən an şaxtada 787 insan olub. Xilasetmə əməliyyatı davam edir.
Somada baş verən partlayışla bağlı Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Abdulla Gülə başsağlığı məktubları göndərib. Məktubda deyilir: “Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar kədərinizi bölüşür,
eyes The.
sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.
Prezident İlham Əliyev həmçinin Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğana da başsağlığı məktubu ünvanlayıb.