“Türkiyə ilə müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük planlar var”

“2015-ci ildə il ilk xarici səfərimi qardaş Türkiyəyə edirəm. Bu, artıq gözəl bir ənənəyə çevrilib. Bu səfər imkan verdi ki, bu il görüləcək işləri bir daha müzakirə edək, birgə fəaliyyət planını təsdiq edək. Birgə bəyanatda əvvəlki dövrdə görülən və gələcəkdə görüləcək işlər əksini tapıb”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.
Prezident İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında müzakirə edilən məsələlər qardaşlıq əlaqələrini daha yüksəklərə çıxaracaq: “Bu gün dünyada Azərbaycan və Türkiyə qədər yaxın əlaqələrə malik olan başqa dövlətlər yoxdur. Bizim əlaqələrimiz tarixə və qardaşlığa söykənir. Türkiyənin Azərbaycanı “G20” toplantısına dəvət etməsi bizim üçün şərəfdir, ilk növbədə ona görə ki, bu dəvət qardaş Türkiyədən gəlib. Azərbaycana göstərilən bu diqqətə görə əziz qardaşıma minnətdaram. Əminəm ki, dostluq-qardaşlıq əlaqələrimiz bundan sonra da uğurla davam etdiriləcək. Bu gün bir çox məsələ müzakirə edildi, qərarlar verildi, nazirlərin öz aralarında görüşləri keçirildi. Əminəm ki, bütün bu məsələlərin həlli bizi daha yaxın edəcək”.

Müdafiə sahəsində əməkdaşlığa toxunan dövlət başçısı Azərbaycanın Türkiyədən xeyli silah aldığını söyləyib: “Azərbaycanda birgə hərbi məhsul istehsalı barədə fikir mübadiləsi apardıq. Müdafiə sahəsində əməkdaşlığın dərinləşməsi üçün böyük planlar var. Keçən il Azərbaycanda birgə hərbi təlimlər keçirildi və bir neçə gün davam etdi. Birgə təlimlər bundan sonra da mütəmadi keçiriləcək. Biz Türkiyənin böyük uğurlarına çox sevinirik, Türkiyə artıq güc mərkəzidir. Türkiyə nə qədər güclü olsa, Azərbaycan da o qədər güclü olacaq”.

“Ötən il danışıqlarda müəyyən irəliləyiş müşahidə olunub, ancaq …”

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsində Türkiyənin mövqeyi dəyişilməz olaraq qaldığını və Türkiyənin ədaləti, haqqı, beynəlxalq hüququ və öz qardaşını dəstəklədiyini vurğulayıb.

Prezident qeyd edib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan torpaqları uzun illərdir işğal altındadır: “Dünyanın ən üst qurumu olan BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib ki, Ermənistan işğalçı qüvvələri bu torpaqlardan çıxsın. Ancaq bu qətnamələr icra edilmir. Bu da onu göstərir ki, Ermənistan sülh istəmir. Əfsuslar olsun ki, ATƏT-in Minsk qrupu da bu işdə heç bir nəticə hasil edə bilmir. Fəaliyyət var, ancaq nəticə yoxdur”.

İ. Əliyev vurğulayıb ki, keçən il danışıqlar prosesində müəyyən irəliləyiş müşahidə olunub, ancaq Ermənistan təxribat xarakterli addımlar atdı, xüsusilə noyabr ayında işğal edilmiş torpaqlarda, Ağdam rayonu ərazisində geniş miqyaslı təlimlər keçirdi, Azərbaycanın mövqelərinə hücum çəkməsi zamanı Azərbaycan tərəfindən layiqli cavabla qarşılandı, düşmən yerinə oturduldu: “Ancaq bu, əlbəttə ki, danışıqlar prosesinə müsbət təsir göstərmir. Bu münaqişə yalnız ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edəcək. Buna nail olmaq üçün biz daha da güclü olmalıyıq”.

“Minsk Qrupunun səmimi olmadığını görürük”

“Prezident İlham Əliyevlə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi apardıq. Türkiyə bu məsələdə Azərbaycana dəstəyinin davam edəcək”. Bunu isə Azərbaycan və Türkiyə dövlət başçılarının Ankarada keçirilən görüşündən sonra mətbuat qarşısında çıxış edən Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan deyib.

“Dağlıq Qarabağ probleminin həlli ilə bağlı son məlumatları aldıq. Minsk Qrupunun səmimi olmadığını görürük. Onların dediklərini qəbul etməmiz mümkün deyil”, – deyə Ərdoğan vurğulayıb.

24 apreldə Çanaqqala zəfərinin ildönümü qeyd ediləcək

Azərbaycan və Türkiyə prezidentləri Çanaqqala zəfərinin 100-cü ildönümünü birlikdə qeyd edəcək. Bunu Azərbaycan Prezidenti Ankarada açıqlayıb.

Tədbirin aprelin 24-də keçiriləcəyini nəzərə çatdıran Azərbaycan dövlət başçısı bu tarixin seçilməsinə görə R. T. Ərdoğana təşəkkür edib: “Bu tarixin seçilməsinə görə sizə çox minnətdaram. Çox müdrik addımdır”.

Azərbaycan və Türkiyə arasında bir sıra sənədlər imzalanıb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində Azərbaycan və Türkiyə arasında bir sıra sənədlər imzalanıb.

İmzalanan sənədlərdən biri çirkli pulların təmizlənməsi və terrorizmin maliyyələşdirilməsinin qarşısının alınmasına qarşı məlumat bölüşdürülməsinin artırılması sahəsində əməkdaşlıq protokoludur. Sənəd Türkiyənin Maliyyə Cinayətlərinin Araşdırma Qurumunun sədri İbrahim Hakkı Polad və Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov tərəfindən imzalanıb.

Türkiyənin Gömrük və Ticarət Nazirliyi ilə Azərbaycan Dövlət Gömrük Komitəsi arasında əməkdaşlığı gücləndirmək məqsədilə ortaq komitə qurulmasına dair razılaşma protokoluna Türkiyənin gömrük və ticarət naziri Nurəddin Canikli və Azərbaycanın sənaye və iqtisadi inkişaf naziri Şahin Mustafayev imza atıb.

Daha sonra Türkiyə ilə Azərbaycan arasında yanvarın 15-də Ankarada keçirilmiş Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının nəticələri ilə bağlı birgə bəyanat imzalanıb.

Sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayiib Ərdoğan imzalayıblar.