Türkiyə ilə hərbi sahədə əməkdaşlığımız çoxistiqamətli və davamlıdır

0
29

44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu erməni faşistləri üzərində şanlı qələbə qazandı. Hərbi ekspertlərin fikrincə, belə zəfərlərdən sonra bir qayda olaraq, dövlətlər hərbi xərclərini azaldırlar. Amma Azərbaycan bu il də hərbi büdcəni artırıb. Belə ki,  ötən ilin hərbi xərcləri dövlət büdcəsinin ümumi xərclərinin 13,8 faizini təşkil edirdi. 2021-ci ildə isə bu rəqəm 18 faizdən bir qədər çoxdur. Dövlətimiz, eyni zamanda, ordumuzun peşəkarlığını da diqqət mərkəzində saxlayır. Cari ilin fevral ayının 1-dən 12-dək Qars şəhərində Türkiyənin və Azərbaycanın hərbi qulluqçularının iştirakı ilə keçirilən “Qış təlimi-2021” adlı təlimlər də buna hesablanıb.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, ümumiyyətlə, son illər Azərbaycan Ordusunun hərbi təlimlərini Türkiyə Silahlı Qüvvələrinin bölmələri ilə birgə keçirməsi əsgər və zabitlərimizin peşəkarlıqlarının daha da artırmalarında, eləcə də döyüş taktikalarını mənimsəmələrində böyük rol oynayıb: “Mən deyərdim ki, onların bu peşəkarlığı 44 gün davam edən Vətən müharibəsindəki Qələbəmizi təmin etdi. Eyni zamanda, 30 illik münaqişəni sona çatdıran bu qısamüddətli müharibə dünya hərb tarixinə misli görünməmiş savaş kimi düşdü. Artıq dünyanın tanınmış hərbi ekspertləri etiraf  edirlər ki, Azərbaycan həqiqətən XXI əsrin  yeni müharibə modelini ortaya qoyub. Bu modeli  öyrənmək,  yararlanmaq və  tətbiq etmək zəruridir. Yeri gəlmişkən onu da deyim ki, Vətən müharibəsi günlərində qardaş Türkiyə həm siyasi, həm mənəvi, həm də diplomatik dəstəyi ilə yanımızda oldu. Müdafiə nazirimiz, general-polkovnik Zakir Həsənovun sözləri ilə desək, Türkiyənin yanımızda olması bizi daha da qürurlandırdı, bizə əlavə güc verdi. Biz bu gücdən istifadə edərək işğal olunmuş torpaqlarımızı erməni vəhşilərindən təmizlədik, ərazi  bütövlüyümüzü bərpa etdik. Fərəhləndirici haldır ki, qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri gündən-günə möhkəmlənir. Şübhəsiz, bu əlaqələr sırasında hərbi sahədəki əməkdaşlığımız mühüm əhəmiyyət kəsb edir.”

Azərbaycan və Türkiyə arasındakı hərbi əməkdaşlıq haqqında sazişə, həm də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi illik plana uyğun olaraq hər iki ölkənin hərbi qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirildiyini xatırladan müsahibimiz “Qış təlimi-2021”i növbəti təlimlərdən biri kimi dəyərləndirdi: “Bir məsələni xüsusi vurğulamaq istəyirəm. Bu təlimlərə əsgər və zabitlərimiz müzəffər Azərbaycan Ordusunun hərbçiləri kimi qatılıblar. Yəni, təlimlər Vətən müharibəsindən sonra Ermənistanda baş verən daxili siyasi-iqtisadi gərginlik fonunda baş tutub.”

“Qış təlimi-2021”də qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib” sözləri ilə söhbətini davam etdirən müsahibimizin fikrincə, bu təlimlər bir daha dünyaya göstərdi ki, Azərbaycan və Türkiyə Silahlı Qüvvələri hər cür iqlim şəraitində hər bir  vəzifəni birgə icra etməyə hazır və qadirdirlər: “Məlum olduğu kimi, Türkiyə Silahlı Qüvvələri dünyanın ən qüdrətli ordularından biridir və bu gün də onun təcrübəsindən bəhrələnmək ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Təlimlər həm də Azərbaycan Ordusunda aparılmış islahatların nəticələrini bir daha diqqətdən keçirməyə imkan verir. Digər tərəfdən, Azərbaycan-Türkiyə birgə hərbi təlimləri sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Ola bilsin ki, gələcəkdə iki dövlətin marağında olan məsələlər də birgə yerinə yetirilsin. Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın  iştirakı ilə “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində fevralın 11-də keçirilən “Ali müşahidəçi günü”ndə vurğulanıb ki, iki qardaş ölkə arasında hərbi sahəni əhatə edən əməkdaşlıq çoxistiqamətli və davamlıdır.”

Müasir zəmanədə hər cür təhlükə və təhdidlərə hazır olmağın vacibliyini diqqətə çatdıran polkovnik Şair Ramaldanov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabitlərinin Pakistan İslam Respublikasının Kəraçi şəhərində və Ərəb Dənizi sektorunda keçirilən “AMAN-21” çoxmillətli Hərbi Dəniz Qüvvələri təlimində də müşahidəçi qismində iştirak etdiklərini vurğuladı. Bildirdi ki, otuzdan çox ölkənin Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə keçirilən təlimlər fevralın 16-da başa çatacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”