Türkiyə idxalda 1,2 milyon dollar fərqlə Rusiyaya “uduzub”

0
497
Cari ilin ilk 10 ayı ərzində Azərbaycandan xarici ölkələrə 19,2 milyard dollar dəyərində məhsul satılıb. Ölkəyə gətirilən məhsulların dəyəri isə 7,3 milyard dollara bərabər olub. Dövlət Gömrük Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən apardığımız hesablamalar göstərir ki, ötən ilin analoji dövrü ilə müqayisədə bu ilin ilk 10 ayı ərzində ixracın həcmi 3,6%, idxalın həcmi isə 17,1% azalıb. Nəticədə son bir il ərzində xarici ticarət dövriyyəsi 7,8% azalaraq 26,5 milyard dollara qədər düşüb. 
Bu ilin ilk 10 ayı ərzində xarici ölkələrə 17,7 milyard dollar dəyərində xam neft, neft məhsulları və təbii qaz satılıb ki, bu da ümumi ixracın 92,4%-ni təşkil edib. Qeyd edək ki, neft, qaz və neft məhsullarının ümumi ixracdakı payı ötən ilin analoji dövründə builkindən bir qədər çox  – 92,5% olub. Bir il əvvəllə müqayisədə xam neft və təbii qazın ixracı azaldığı halda, neft məhsullarının ixracı artıb. Ötən ilin oktyabr ayı il müqayisədə xam neftin ixracı 3,4%, təbii qazın ixracı isə 57,2% azalıb. Bu dövr ərzində neft məhsullarının ixracı isə 20,4% artıb. Bu ilin ilk 10 ayı ərzində xarici ölkələrə Gömrük Bəyannaması (GB) ilə rəsmişlədirilən 20,2 milyon ton xam neft, 1 milyon 737,9 min ton neft məhsulları, 1 milyard 530,8 milyon kubmetr təbii qaz ixrac olunub. Xam neftin dəyəri 16,3 milyard dollar, neft məhsullarının dəyəri 1 milyard 183,8 milyon dollar, təbii qazın dəyəri isə 257,1 milyon dollar olub. Neft, qaz və neft məhsullarından başqa cari ilin 10 ayı ərzində xarici ölkələrə ən çox meyvə-tərəvəz (217,2 milyon dollar), həmçinin şəkər (193,1 milyon dollar) satılıb. Bunlardan başqa ixrac edilən məhsullar arasında bitki və heyvan mənşəli yağlar (161,1 milyon dollar), plastmassa və onlardan hazırlanan məmulatlar (129,8 milyon dollar), alüminium və ondan hazırlanan məmulatlar (70,1 milyon dollar), kimya sənayesi məhsulları (58,1 milyon dollar) və digər məhsullar üstünlük təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə ən çox artım isə plastmassa və onlardan hazırlanan məmulatlar (31,5%), kimya sənayesi məhsulları (26,2%) və meyvə-tərəvəzin (23,9%) ixracında qeydə alınıb.Tütün və tütün məmulatlarının

ölkəyə gətirilməsi üçün 10 ayda 326,5 milyon dollar vəsait ödəmişik

2014-cü ilin ilk 10 ayı ərzində xarici dövlətlərdən ölkəmizə ən çox maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri gətirilib. Satın aldığımız bu məhsulların ümumi dəyəri isə 2 milyard 57,5 milyon dollar təşkil edib. Bu, ümumi idxalın 27,9%-nə bərabərdir. Eyni zamanda ilk 10 ay ərzində 637,1 milyon dollar (ümumi idxalın 8,6%-i) dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib. Ötən 10 ay ərzində xaricdən 52 min 86 avtomobil gətirilib. Bunlardan 270-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş nəqliyyat vasitələri, 47 min 379-u əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 4 min 125-i yük avtomobilləri, 312-i isə xüsusi təyinatlı avtomobillər olub. Məlumat üçün bildirək ki, ölkəyə gətirilən avtomobillərin sayı 2013-cu ilin yanvar-oktyabr ayları ilə müqayisdə 38,5% azalıb. Belə ki, 2013-cu ilin ilk 10 ayı ərzində ölkəyə 84 min 791 avtomobil gətirilib. Qara metallar və onlardan hazırlanan məmulatların ölkəyə gətirilməsi üçün 773,2 milyon dollar (ümumi idxalın 10,5%-i) vəsait ödənilib və idxal malları arasında üçüncü sırada yer alıb. Ötən ilin analoji dövrü ilə müqayisədə bu məhsılların idxalı 7,9% azalıb. Bundan başqa 2014-ci ilin yanvar-oktyabr aylarında ölkəyə 842,8 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 228,5 milyon dolları buğdanın, 160,8 milyon dolları şəkərin, 76,3 milyon dolları isə yağların payına düşüb. Eyni zamanda tütün və tütün məmulatları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün 10 ayda 326,5 milyon dollar ödənilib və 2013-cü ilin analoji dövrü ilə müqayisədə 17,7% artıb. Əczaçılıq məhsulları üçün isə 10 ay ərzində 190 milyon dollar ödənilib.

İtaliya ixracda, Rusiya isə idxalda birinci olub

Hesabat dövrü ərzində ən çox məhsul Rusiyadan alınıb. Şimal qonşumuzdan alınan məhsulların dəyəri 1 milyard 37,8 milyon dollar təşkil edib və bu məhsulların ümumi idxaldakı payı 14,1%-ə bərabər olub. Rusiyada sonra ən çox Türkiyədən və Böyük Britaniyadan məhsul gətirilib. Bu ölkələrdən müvafiq olaraq 1 milyard 36,6 milyon (ümumi idxalın 14,08%-i) və 835,3 milyon dollarlıq (11,3%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Almaniya (551,5 milyon dollar), Çin (529,2 milyon dollar), ABŞ (464,2 milyon dollar), Ukrayna (339,5 milyon dollar), İtaliya (210,2 milyon dollar) və digər dövlətlər tutur.

Ötən illərdə olduğu kimi cari ilin ilk 10 ayı ərzində ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Yanvar-oktyabr ayları ərzində bu ölkəyə 4 milyard 372,6 milyon dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 22,8%-i İtaliyanın payına düşüb. Bundan başqa İndoneziyaya  1,94 milyard, Almaniyaya isə 1,71 milyard dollar dəyərində məhsul satılıb. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə İsrail (1 milyard 437,1 milyon dollar), Fransa (1 milyard 378,1 milyon dollar), Hindistan (686,1 milyon dollar), Tailand (667,2 milyon dollar), ABŞ (650,6 milyon dollar), İspaniya (647,3 milyon dollar) və digər dövlətlər gəlir.

Allahverdi Cəfərov

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here