“Türkiyə güclü dövlətdir və heç vaxt öz əraziləri hesabına yeni kürd dövlətinin yaradılmasına imkan verməyəcək”

577

Müsahibimiz Azərbaycan-Erməni araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlıdır.
– Qafar müəllim, Suriyada bölgədə təsir dairəsi uğrunda mübarizə aparan güclər arasında davam etməkdə olan münaqişənin sonunu necə görürsünüz? Bu münaqişədən qalib çıxan kim olacaq: başda ABŞ olmaqla Qərb dövlətləri, yoxsa Rusiya?
– Günümüzdə Suriyada, eləcə də İraqda baş verən hadisələr yalnız region ölkələri üçün deyil, həm də beynəlxalq aləm üçün xüsusi önəm daşıyır. Bu müstəvidə də istər Suriya, isətərsə də regionun digər ölkələrində baş verənlərə qlobal baxımdan yanaşmaq daha məqsədəuyğun hesab edilə bilər. Çünki bölgənin tarixi keçmişini, dünənini bilmədən burada baş verən hadisələr barədə birmənalı fikir söyləmək düzgün olmazdı. Konkret olaraq günümüzdə Suriyada baş verən hadisələrə gəlincə, yenə də buradakı vəziyyəti düzgün analiz etmək üçün adı çəkilən ölkənin tarixinə qısa nəzər salmaq lazım gəlir. Suriya vaxtı ilə Osmanlı dövlətinin tərkibində olub və əsrlər boyu türklər tərəfindən idarə edilib. Amma Osmanlını zəiflətmək, onu dağıtmaq istəyən Qərb ölkələri onun ərazisi hesabına yeni dövlətlər qurmaq planı hazırlamışdılar. Bu çərçivədə də zaman-zaman Osmanlını parçalamaq istəyən xarici güclər sonda istədiklərinə nail ola bildilər. Nəticədə, ötən əsrin 18-20-ci illərində Osmanlı əraziləri hesabına Suriya dövləti yaradıldı. Əslində bu dövlət süni şəkildə yaradıldı. Onun yaradılmasında isə bölgədə maraq dairəsi uğrunda mübarizə aparan imperialist güclər önəmli rol oynadılar. Süni şəkildə yaradılmış Suriya dövləti təbii ki, müxtəlif dövlətlərin təsiri altında idi və onların oyuncaq rejimi funksiyasını həyata keçirirdi. Ötən əsrin 40-50-ci illərində SSRİ ilə Qərb arasında bölgədə gedən təsir dairəsi uğrunda mübarizə Suriyada Moskvayönümlü güclərin hakimiyyətə gəlməsi ilə nəticələndi. Rusiya bundan istifadə edərək Suriyada hərbi bazasını yaratdı. SSRİ dağılandan sonra da bölgədə təsir dairəsi uğrunda mübarizə davam etdi. Günümüzdə Suriyada on minlərlə insanın ölümünə, yüzminlərin doğma vətənindən qaçqın və didərgin düşməsinə də səbəb məhz iri dövlətlər arasında bölgə uğrunda gedən mübarizədir. İlk vaxtlar Rusiya Suriyadakı hərbi bazasının varlığına arxayın olaraq orada baş verən toqquşmalara elə də ciddi yanaşmırdı. Lakin məsələ ciddiləşəndə Rusiya da hərəkətə keçməyə məcbur oldu. Suriyada baş verən son hadisələrə kimi orada yaşayan türkman əhalinin də varlığı çoxlarına məlum deyildi. Bölgədə baş verən hadisələr türkman varlığının, türkman probleminin də önə çıxarılmasına səbəb oldu. Təbii ki, Suriya Osmanlının ərazisi olub. Bu baxımdan Türkiyə də Osmanlının varisi kimi orada maraqlara malikdir. Üstəlik vaxtı ilə süni şəkildə yaradılan Suriya dövləti ərazisində günümüzdə sayı 4 milyonu keçən türkman əhali yaşayır. Onların da maraqlarını qorumaq, problemlərini həll etmək Türkiyənin öhdəsinə düşür. Buna paralel olaraq Suriyada PKK-nın bir qolu olan PYD də fəaliyyət göstərir və onların terrorçuluq fəaliyyətləri Türkiyə üçün böyük təhlükədir. Türkiyə faktiki olaraq özünün sərhədləri yaxınlığında böyük bir təhlükə ilə üz-üzə qalıb və bu da Ankaranı bölgədə baş verən hadisələrə münasibətdə çevik siyasət yeritməyə, öz maraqlarını maksimum müdafiə etməyə məcbur edir. Qaldı ki, Suriyada münaqişənin nə vaxt başa çatacağını, bunu öncədən söyləmək çətindir. Bu münaqişədə kimin qalib gələcəyi, kiminsə məğlub olacağı məlum deyil. Amma ortada bir acı fakt var: Bu da məğlubun münaqişədən əziyyət çəkən mülki əhalinin olmasıdır. Baş verən münaqişə yüz minlərlə suriyalının doğma yurd-yuvalarından didərgin düşərək Türkiyəyə, o cümlədən Avropaya axın etmələri və bu zaman günahsız uşaqların, insanların faciəli şəkildə ölmələrinə yol açıb. Bütün bunlar hamımızın irəyini sızladır… Türkiyədə hazırda vətənini tərk etməyə məcbur olan 2,5 milyondan yuxarı suriyalı var. Başqa dövlətlər bu qədər qaçqının öhdəsindən gələ bilmir, amma Türkiyə bu insanlara əlindən gələn yardımları edir və edəcək.
-Belə bir fikir vurğulanır ki, Türkiyə İraqdakı və Suriyadakı türkmanlara vaxtında hərbi yardımlar etməyib və bu onların kürd millətçiləri və PKK-PYD terrorçuları qarşında əli silahsız qalmasına, onların özlərini müdafiə edə bilməməsinə gətirib çıxarıb. Sizcə Türkiyə ilk günlərdən Suriya və İraqdakı türkmanlara özlərini müdafiə etmək üçün hərbi yardımlar edə bilməzdimi?
– Türkiyənin İraq və Suriyadakı türkmanlara yardım etmədiyi barədə dəqiq nə isə söyləmək düz olmazdı. Türkiyə bölgədəki türkmanlara həmişə yardımlar edib. Amma heç kim deyə bilməz ki, bu yardımlar yalnız humanitar təyinatlı olub. Düzdür, Türkiyə bir müddət bölgədəki türk əhalinin, İraq və Suriya turkmanlarının problemlərini görməzliyə vurub, bu məsələdə gözləmə mövqeyi tutub. Bu da daha çox Türkiyənin qonşu ölkələrin daxili işlərinə müdaxilə etməmək siyasətindən irəli gəlib. Mən Türkiyədə İraq turkmanlarının liderləri ilə söhbət etmişəm. Onlar da hansısa məqamlarda Türkiyənin turkmanlara münasibətdə daha çevik siyasət yeritməməsindən narazılıq ediblər. Lakin turkman liderlər onu da dönə-dönə vurğulayırlar ki, əgər Türkiyənin dəstəyi və yardımı olmasaydı, bu gün Suriya və İraqda bir nəfər də olsun turkman əhali yaşaya bilməzdi.
-Yaxın Şərqdə “yeni dövlətin” Kürdüstanın ortaya çıxması üçün Qərb, o cümlədən Rusiya tərəfindən müxtəlif cəhdlərə baş vurulur. “Müstəqil Kürdüstanın” hansı dövlətlərin ərazilərində meydana çıxması mümkündür və ümumiyyətlə hazırki vəziyyətdə İraqın və ya Türkiyənin parçalanmasına cəhd edən dövlətlərin planlarının reallaşması nə qədər mümkün hesab edilir?
– Yaxın Şərqin xəritəsinin yenidən çəkilməsi bölgəki ölkələrin parçalanaraq yerində yeni dövlətlər yaradılması planı çoxdan mövcuddur. Bununla bağlı ABŞ-ın “Böyük Ortadoğu projesi” planı var. Bu planda bölgə ölkələrinin parçalanması hesabına burada yeni dövlətlərin ortaya çıxarılması öz əksini tapıb. Ancaq bu neçə olacaq, onu demək çətindir. Bu müstəvidə də ən çox bölgədə yeni yaradılacaq dövlətlər arasında Kürdüstanın adı çəkilir. Hazırda de-fakto olaraq İraqın şimalında Kürdüstan dövləti mövcuddur. Lakin onlar öz müstəqilliklərini qəti şəkildə elan etməyə tələsmirlər. Niyə? Bu suala cavab almaq üçün mən Türkiyənin bir çox tanınmış siyasətçiləri ilə görüşdüm. Onlar bunu hazırda bölgədə baş verən hadisələr nəticəsində İiraqın şimalındakı kürdlərin öz müstəqilliklərini elan etmək üçün əlverişli məqam gözlədiklərini söylədilər. Bilirsiniz, iş orasındadır ki, ABŞ-ın “Böyük Ortadoğu projesi”nə görə kürd dövləti İran, İraq, Suriya və Türkiyə ərazilərinin hesabına yaradılmalıdır. Həmin ərazilər müxtəlif yollarla digər millətlərə mənsub olan əhalidən təmizlənir və onların yerinə kürdlər yerləşdirilir. PKK-PJD terrorçuları bu işdə Qərbin əlində əsas “kozır” rolunu oynayır.
-Türkiyədə kürdlərə kifayət qədər hüquqlar verilib, bu yetərli deyilmi?
-Əlbəttə, Türkiyə höküməti kürdlərə münasibətdə son illərdə kifayət qədər xoş məramlı addımlar atıb. Lakin xaricdəki güclər bölgədə sabitlik istəmir və PKK vasitəsi ilə kürdlər yaşayan əraziləri Türkiyədən qoparmaq istəyirlər. Türkiyə isə güclü dövlətdir və heç vaxt öz əraziləri hesabına yeni kürd dövlətinin yaradılmasına imkan verməyəcək. Türkiyə PKK-ya və onun qolu PYD-yə qarşı sərt mübarizə aparır. Ona görə də hazırda Türkiyədəki kürdlər yalnız muxtariyyət tələbi ilə çıxış edirlər. Yeri gəlmişkən onu də deyək ki, Türkiyə hökuməti kürdlərə kifayət qədər azadlıqlar verib, onlar ana dillərində təhsil ala bilirlər, özlərinin mətbu orqanları, televiziyaları var. Lakin hər dəfə Türkiyə qarşı tərəfə hansısa məsələdə güzəştə gedirsə, onlar o qədər də yeni iddialarla çıxış edirlər. Təbii ki, Türkiyə bununla razılaşa bilməz. PKK-nın şəhər qurumlarının məhvi ilə bağlı Türkyənin keçirdiyi hərbi əməliyyatlar nəticəsində dinc əhali zərər çəkib, 200 mindən yuxarı insan doğma yurd-yuvalarını tərk etməyə məcbur olublar. Ona görə yerli kürd əhali də PKK-nın Türkiyəni parçalamasına qarşıdır. Əhali Suriyada baş verənlərdən xəbərdardır. Əgər Suriyadakı münaqişə Türkiyənin ərazisinə sıçrasa, onda yüz minlərlə insan doğma-yurd-yuvalarını tərk etmək məcburiyyətində qalacaq. Ona görə kürd əhali də buna qarşı çııxr. Hətta Türkiyə parlamentində təmsil olunan və PKK sırasında vuruşan bəzi deputatlar da indiki vəziyyətdə Türkiyə ərazisi hesabına hansısa kürd dövlətinin qurulmasına qarşı çıxır və muxtariyyət tələbindən irəli getmənin doğru olmayacağını söyləyirlər. Yenə də qeyd edim ki, Türkiyə öz ərazilərinin bir hissəsinin yeni yaradılacaq Kürdüstan dövlətinin tərkibinə daxil edilməsinə yol verməyəcək. Hər halda Türkiyə kifayət qədər güclü dövlətdir və öz ərazi bütövlüyünü qorumağa qadirdir.
Əziz Mustafa