“Türkiyə, bu, sənə nə verəcək?”

590
“Türkiyənin öz qatı düşmənini yüksək dövlət bayramına dəvət etməyinin səbəbi başa düşülən deyil”. 
Bu fikirləri millət vəkili Aydın Mirzəzadə Türkiyənin yeni seçilmiş Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasiminə Ermənistan Prezidenti Serj Sərkisyanın da dəvət olunmasına münasibət bildirərkən qeyd edib. Deputat A.Mirzəzadə “Facebook” səhifəsində erməni dövlət rəhbərlərinin türk düşmənçilyini bir daha yada salıb: “Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır və rəsmi dövlət siyasətində Türkiyənin böyük bir ərazisinə iddia edir. Erməni dövləti bütün dünyada Türkiyəni uydurma “1915-ci il erməni soyqırımında” ittiham edir və artıq 20-dən çox dövlətin bu uydurmanı qəbul etməsinə nail olub. Erməni terror təşkilatları vaxtaşırı xaricdəki türk səfirliklərinə qarşı terror hərəkətləri ediblər və hələ də bu addımlarından əl çəkmirlər. Ermənistan tarix kitablarında və mədəniyyət əsərlərində Osmanlıya və Türkiyəyə qarşı olmazın ittihamlar irəli sürür. Elə S.Sarqsyan da Türkiyəyə “sevgisini” bir sıra antitürk bəyanatları ilə ortaya qoyubdur”.

A.Mirzəzadə qeyd edib ki, Türkiyənin Ermənistan rəhbərini inauqurasiyaya çağırmaqla nə əldə etmək istədiyi aydın deyil: “İndi Türkiyə Ermənistan rəhbərini inauqurasiyaya çağırmaqla nə eldə etmək istədiyi aydın deyildir. Heç diplomatik protokolda da düşmən və diplomatik əlaqələr olmayan ölkələrin nümayəndələrinin dövlətçilik tədbirlərinə dəvət edilmə praktikası yoxdur. İnauqurasiya ilk növbədə dostların məclisidir və orada Ermənistanın statusu heç də aydın deyildir.

Ermənistan isə Türkiyədəki prezident seçkilərinin nəticələrini ilk “təbrik” edənlərdən oldu. Moskavda erməni əsilli Rusiya vətəndaşı 43 yaşlı Artur Mirzoyan 17 avqust tarixində ov tüfəngi ilə Türkiyənin Rusiyadakı səfirliyinin binasının fasadındakı Türkiyənin gerbini hədəf alıb və iki güllə atıb.

Verilən məlumata görə isə hər iki güllə hədəfə çatıb”.