Türkiyə Bakı-Tbilisi-Qars dəmiryolu xəttini 4 yük maşını və 1 traktorla tikə biləcəkmi?

486
Dörd il əvvəl – 2010-cu ildə istismara verilməsi planlaşdırılan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası hələ də başa çatmayıb. 
Daha doğrusu tikintinin gecikməsi əhalisinin 90%-i ermənilərdən ibarət olan Gürcüstanın Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə uzanacaq 105 kilometrlik məsafədə müşahidə olunur. Qeyd edək ki, Bakıdan Qars şəhərinə kimi uzanacaq dəmir yolu xəttinin ümumi uzunluğu 826 kilometr təşkil etsə də tikinti işləri 105 kilometrlik məsafədə aparılır. Bakı-Tbilisi-Qars xəttinin 721 kilometrlik hissəsində dəmir yolu mövcuddur. Layihənin icrası çərçivəsində bu hissədə yalnız yenidənqurma və təmir işləri aparılmalıdır ki, bu da artıq başa çatıb. 2007-ci ildə imzalanan müqaviləyə əsasən 105 kilometrlik Qars-Axalkalaki xəttinin Türkiyə ərazisinə düşən 76 kilometrlik hissəsinin inşası Türkiyə tərəfinin maliyyə vəsaiti hesabına həyata keçiriləcək. Layihənin Gürcüstan ərazisinə düşən 29 km uzunluğundakı dəmir yolu xəttinin tikintisi isə “Marabda-Kartsaxi Dəmir Yolu” MMC tərəfindən Azərbaycanın ayırdığı kreditlər hesabına inşa olunmalıdır. Məlumat üçün qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi və reabilitasiya-rekonstruksiyası üçün  Azərbaycan tərəfindən 775 milyon ABŞ dolları kredit ayrılması nəzərdə tutulub. Bu kreditin 200 milyon ABŞ dolları illik dərəcəsi 1% olmaqla 25 il müddətinə, 575 milyon ABŞ dolları isə illik dərəcəsi 5% olmaqla 25 il müddətinə ayrılacaq. 30 sentyabr 2014-cü il tarixinə olan məlumata görə, layihələrin maliyyələşdirilməsinə başlayandan etibarən Dövlət Neft Fondu tərəfindən ümumilikdə 524,5 milyon ABŞ dolları, o cümlədən 2014-cü ilin ilk üç rübü üzrə 60,5 milyon ABŞ dolları “Marabda – Kartsaxi Dəmir Yolu” MMC-nin hesabına köçürülüb. Azərbaycan tərəfi üzərinə düşən maliyyə öhədliklərini əsasən yerinə yetirib və eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Azərbaycan ərazisindən keçən 540 kilometrlik hissəsində yenidənqurma işlərini başa çatdırıb. Lakin Gürcüstan və Türkiyə tərəfi üzərlərinə düşən öhdəliyi vaxtında yerinə yetirməyiblər. Gürcüstan tərəfi gecikməni dəmir yolu xəttinin mürəkkəb relyefə malik ərazilərdə keçməsi ilə əlaqələndirsə də Türkiyə tərəfi gecikmənin səbəblərini açıqlamayıb. Təxminən 20 gün əvvəl Türkiyə mətbuatında yer alan xəbərlərdən məlum oldu ki, gecikmənin səbəbi Bakı-Tbilisi-Qarsın Türkiyədən keçən hissəsinin tikintisi ilə bağlı həyata keçirilən tenderlərdə baş verən qanunsuzluqlardır. Türkiyə Hesablama Palatasının açıqladığı hesabatda bildirilirdi ki, Bakı-Tbilisi-Qars layihəsində Türkiyənin üzərinə düşən 76 kilometrlik məsafənin tikintisi üçün dövlət büdcəsindən ayrılan vəsait 2008-2013-cü illər ərzində dəfələrlə artırılıb və 3 dəfə tender keçirilib. Büdcədən ayrılan vəsait dəfələrlə artırılsa da, tikinti işləri başa çatdırılmayıb. Tenderdə qalib gələn şirkətə ayrılan ümumi vəsaitin 99,9%-i (537 milyon lirə) dəmir yolu xəttinin keçəcəyi ərazinin hazır vəziyyətə gətirilməsinə sərf olunub. Vəsaitin geri qalan 0,1%-lik hissəsi ilə tikintini başa çatdırmaq qeyri-mümkün olduğu üçün büdcədən əlavə ödənişlər olmalı və yenidən tender keçirilməlidir. Bu xəbərdən sonra Türkiyə tərəfi tikintinin davam etdiyimi və yaxın günlərdə başa çatacağını bəyan etdilər. Lakin dünən Qars şəhərinin valisi Günay Özdəmirin açıqlamaları tikintinin tezliklə başa çatacağının mümkünsüzlüyünü ortaya çıxarıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyə hissəsində aparılan tikinti işləri ilə tanış olan vali bildirib ki, təəssüflər olsun ki, 6 ildir 79 kilometrlik xəttin inşası başa çatmayıb: “Hazırda BTQ xəttinin Türkiyə hissəsində aparılan tikinti işlərində 4 yük maşını və 1 traktor işləyir”.Allahverdi Cəfərov