Türkiyə-Azərbaycan birliyinin növbəti uğuru

0
38

Ermənistanın hərbi təxribatlarına cavab olaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsi şanlı qələbəmizlə sona çatdı. Belə ki,  müzəffər Azərbaycan Ordusu işğalçı Ermənistanın silahlı qüvvələrini darmadağın edərək, düşməni ağ bayraq qaldırmağa məcbur etdi və bununla da tarixi  zəfərə imza atdı. Belə bir şanlı qələbənin əldə olunmasında ölkəmizə siyasi və mənəvi dəstək verən Türkiyənin də önəmli rolu oldu.

Göstərilən siyasi və mənəvi dəstək barədə hər bir çıxışında, müsahibəsində söz açan Prezident İlham Əliyev noyabrın 10-da Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu, Milli Müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edərkən bir daha həm döyüş meydanındakı, həm də diplomatik müstəvidəki uğurlarımızdan söhbət açmışdır. Dövlətimizin başçısı bildirmişdir ki, bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı. Ona görə də dövlətimizin başçısı bu zəfəri iki ölkənin müştərək qələbəsi kimi xarakterizə edərək, onu həm də Türkiyə-Azərbaycan birliyinin növbəti uğuru adlandırmışdır.

Əgər xatırlayırsınızsa, Bakının erməni daşnaklarından azad edilməsinin 100 illiyi ilə əlaqədar təşkil olunmuş hərbi paradda qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən demişdi ki, biz Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün atılan bütün addımları dəstəkləyəcəyik. İşğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatlarının ilk günlərindən, ilk saatlarından Türkiyə beynəlxalq hüquq normaları və prinsipləri əsasında öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın yanında oldu.

Şübhəsiz, belə siyasi və mənəvi dəstək olmasaydı, Azərbaycanın haqq savaşı başqa bir məcraya yönəldilə bilərdi. Bu məqamda Prezident İlham Əliyevin bu fikrini də xatırlatmaq yerinə düşərdi: “Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi.” Ali Baş Komandanımızın belə düşünməsinə əsaslı səbəb də vardır. Dövlətimizin başçısı yaxşı bilirdi ki, onsuz da Ermənistanın məqsədi bu münaqişənin coğrafiyasını genişləndirməkdən ibarətdir: “Çünki görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər. Döyüş meydanında biz onları məğlub edirik”.

Yeri gəlmişkən, qeyd edək ki, bugünədək iki qardaş ölkə arasında 250-dən çox  sənəd imzalanıb. Bu sənədlər təhsildən tutmuş enerji layihələrinə qədər müxtəlif sahələri əhatə edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP layihələri təkcə bizim ölkələr üçün deyil, bütün bölgə üçün mühüm layihələrdir və bunu birlikdə həyata keçirməyimiz bizim birliyimizdən, qardaşlığımızdan və dostluğumuzdan xəbər verir.

Bir sözlə, son illər ərzində Azərbaycanın siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişafında Türkiyənin rolu və əvəzsiz xidmətləri vardır. Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi hər iki ölkənin birgə səyləri ilə bu gün ən yüksək səviyyədədir. Bu münasibətlərin daha da genişləndirilməsi nəzərdə tutulub. Artıq tanınmış siyasətçilər də bildirirlər ki, dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət etməklə yanaşı, siyasi və iqtisadi proseslərə də istiqamət verən mühüm amilə çevrilib.

Qvami Məhəbbətoğlu, “İki sahil”