Türk xalqlarının gənc yazarları Bakıda toplaşırlar

Noyabrın 27-30-u bir sıra türk xalqlarının gənc şair və araşdırmaçı-yazarları Bakıda görüşəcək. Onlar Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə “Türk Dünyasının gənc yazarlarını birləşdirən qurumlar ara­sında məsləhət mühitinin yaradılması” adlı layihə çərçivəsində bir araya gələcəklər. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə baş tutan tədbirdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova (Qaqauz Yeri), Tatarıstan, İraq (Türkmaneli), Rusiya (Moskva) kimi ölkə, topluluq və şəhərlərdən müxtəlif türk xalqlarını təmsil edən istedadlı gənc şairlər, perspektivli araşdırmaçı-yazarlar iştirak edəcək.

DGTYB-nin İdarə Heyətinin üzvü Əfsanə Ələsgərlinin sözlərinə görə,  Layihə türk coğrafiyasını əhatə edən gənc yazar birlikləri (ümumən Türk Dünyasındakı ədəbi birliklər) arasında məsləhət mühitinin yaradılması, habelə Azərbaycanın gənc qələm sahiblərinin digər türk xalqlarından olan həmyaşıdları ilə fikir mübadiləsi aparmasına, gələcəkdə də ədəbi əməkdaşlığın güc­lən­di­rilməsinə xidmət edir.

Bu layihə çərçivəsində düzənlənəcək tədbirlər, açılacaq müzakirələr Türk Dünyası gənc yazarlarını bir-birlərini yeni keyfiyyətdə, yaxından tanıtmaq baxımından xüsusi önəm kəsb edir.

DGTYB-nin 2012-ci ilin sentyabrından başlayaraq, 2013-cü ilin fevralınadək davam edən “Gəldik, gördük, yazdıq” layihəsinin, ötən il  keçirilmiş “Türk Dünyası Gənc Yazarlarının Bakı Toplantısı” layihəsinin yekunları göstərdi ki, bizimlə eyni soydan olan yazarların bir çoxu qardaş xalqların kültürünə heç də arzu olunan səviyyədə bələd deyil. Beləliklə, sözügedən bu layihənin əsas qayəsi yaşadığı ölkədə, şəhərdə imzası və ictimai çalışmaları ilə müəyyən qədər tanınmış və konkret ədəbi qurumların təmsilçiləri olan perspektivli gənc (və yeni nəsil) yazarların respublikamıza səfərini təşkil etmək, yeri gəlmişkən, onları Azərbaycanın üzləşdiyi haqsız və elan olunmamış müharibə, bu müharibənin acı nəticələri ilə tanış etmək, ən əsası Türk Dünyası gənc ədəbi qüvvələri arasında məsləhət mühiti yaratmaq, davamlı işbirliyi qurmaqdır. Gələcəkdə bu layihə çərçivəsində, layihənin və DGTYB-nin təşkilat mandatına (missiyasına) uyğun nəşrin işıq üzü görməsi də nəzərdə tutulub.  Türk Dünyası gənc ədəbi qüvvələrini birləşdirən birliklər arasında yaradıcılıq münasibətlərinin inkişafı, sözsüz ki, həm Türk Dünyası ədəbiyyatının inkişafına, həm də gənc yazarların fəaliyyətinin yeni məzmun qazanmasına müsbət təsir edəcəkdir. Səfər çərçivəsində gənc türk yazarları Şəhidlər Xiyabanı və Fəxri Xiyabanı ziyarət edəcək, tanınmış yazıçılarla görüşəcək, müxtəlif ədəbi qurumlarla, bir sıra Azərbaycan yazarlarının ev muzeyləri ilə tanış olacaqlar. Tədbir çərçivəsində türk dünyası ədəbiyyat aləmində baş verən ədəbi proseslər, gənc nəslin ədəbiyyatda rolu və qardaş xalqların ədəbiyyatının tanıdılması və gələcəkdə əməkdaşlıqlar  istiqamətində (üç oturumdan ibarət) müzakirələr aparılacaq, çıxışlar, təkliflər dinləniləcək və “Yekun Bildiri” qəbul ediləcək. Layihə çərçivəsində bir neçə aydına “Türk Dünyasına Xidmət Ödül”ünün təqdimat edilməsi nəzərdə tutulub. Gənc türk yazarlarının Bakı səfəri çərçivəsində (29 noyabr) “Türk Dünyası Şeir Axşamı”nın keçirilməsi də planlaşdırılır. Gənc yazarların Bakıya səfəri çərçivəsində ilk iclas isə 28 noyabrda TÜSİAB Konfrans Zalında gerçəkləşəcək.

Qeyd edək ki, Dünya Gənc Türk Yazarlar Birliyi yarandığı gündən bu yana, istedadlı gənc yazarların üzə çıxarılması, onların imzalarının tanıdılması, eləcə də Türk Dünyası ədəbiyyatının təbliğinə yönəlik müxtəlif yerli və uluslararası layihələr həyata keçirir, şeir şölənləri təşkil edir, ədəbi toplular çap edir.