“Türk xalqları arasında həmrəylik daha da güclənib”

459

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəbhədə baş verən son toqquşmalar Azərbaycanla həmrəy olan türk dövlətləri arasında da özünəməxsus şəkildə əks-səda verməkdədir. Bunu ötən gün onlarla Türkiyə vətəndaşının ermənilərlə döyüşdə iştirak etmək üçün Azərbaycan Müdafiə Nazirliyinə müraciət etməsi də bir daha sübut edir.

Müraciətdə Türkiyədən olan onlarla könüllü Ermənistanın cəbhədəki təxribat xarakterli addımlarını pisləyərək, Azərbaycan dövlətinə dəstək veriblər. Onlar Azərbaycan Silahlı Qüvvələrinin sıralarında ermənilərə qarşı döyüşmələrinə şərait yaradılması üçün MN-ə müraciət ediblər. Bu xəbəri Müdafiə Nazirliyindən də təsdiq ediblər.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl qazaxıstanlı jurnalist Daniyar Kasımov azərbaycanlı qardaşlarının dərdinə şərik olduğunu ifadə edib. O, “Qafqazinfo”ya verdiyi müsahibəsində erməni təcavüzkarlarına qarşı döyüşməyə və bu yolda şəhid olmağa belə, hazır olduğunu vurğulayıb.

 Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Türkiyədən olan onlarla könüllünün, həmçinin qazaxıstanlı jurnalistin Qarabağda döyüşməyə hazır olmasını müsbət qiymətləndirib. O deyib ki, türk könüllülərin Azərbaycanla həmrəy olaraq ermənilərə qarşı döyüşmək istəməsi Ermənistan üçün ciddi xəbərdarlıq siqnalı olmalıdır: “Bu o deməkdir ki, müharibə başlasa, Türkiyə Azərbaycan xalqının yanında olacaq və ermənilər də bu amili indidən nəzərə almalıdırlar”.

 Hərbi ekspert, Qarabağ müharibəsi iştirakçısı polkovnik Qabil Zamanlı da Türkiyə vətəndaşlarının ermənilərlə döyüşmək üçün Müdafiə Nazirliyinə etdikləri müraciətləri yüksək qiymətləndirdi. Qabil Zamanlı: “Bütün bunlar da onu göstərir ki, türk xalqları arasında həmrəylik daha da güclənib. Belə bir həmrəyliyi isə indidən ermənilər üzərində qələbənin açarı hesab etmək olar”,-dedi. ƏZIZ MUSTAFA