Ağlınıza gətirə bilərsinizmi ki…

446

1993-cü ilin Azərbaycan cəmiyyəti üçün hansı məna ifadə etməsi ilə bağlı xalq arasında da, siyasi çevrələrdə də fərqli fikirlər bugünədək səslənir. Ancaq o tarixin bir epizodu var ki, kimsə onun üzərində ən azı mübaisə açmağa maraq göstərmir. Hətta bir az da fəxrlə söylənilir ki, 1993-cü ilin may ayında Rus ordusu Azərbaycandan çıxarıldı. Bunun sonradan hansı nəticələr doğurduğunu, mərhum Elçibəyə hakimiyyəti bahasına başa gəldiyi, daha çox ərazi itirməyimizlə nəticələndiyi başqa bir müzakirənin mövzusudur. Sadəcə simvolik mahiyyət daşıyan bir idealın gerçəkləşməsiydi işğalçı rus ordusunun Azərbaycan dövlətinin iradəsiylə öz yuvasına çəkilməyi.
Ağlıma gəlməzdi ki, 2014-cü ilə gəldiyimizdə bu ifadəni işlədəcəyəm: Türk ordusu Azərbaycandan çıxarılır! Qibləsi soyuq şimala olanlar üçün əsil bayram təntənəsi sayıla bilər. Bu silahlı ordu deyil, bu bir təhsil ordusudur. Silahlı ordu tarixdə bir dəfə gəlib öz missiyasını yerinə yetirdi. Dəyərini hələ də vermədiyimiz Nuru Paşa dövlətimizin qurulmasını təmin edərək, bir müstəqil dövlət ideyasını bu günədək ruhumuzda daşımamıza vəsilə oldu. Qarabağ savaşında, ikinci müstəqilliyi qazanan ərəfədə cızılmış sərhədləri NATO çətiri altındakı ordu ilə aşmağın imkansızlığını düşünən Türkiyə fərdi qaydada öz hərbçiləri ilə Azərbaycan ordusunun formalaşmasına ciddi dəstək verdi. İldən-ilə bu zabitlər də ordumuzdan uzaqlaşdırıldı və yerlərini Rusiyaya məhrəm hərbçilər tutmağa başladı. Son vaxtlarda isə erməni işğalına şərait yaratmaqda şübhəli şəxslərin hərbi elitada önə çəkilməyi barmaq dişləməyə kifayət qədər əsas verir. Türk iş adamlarının da xeyli hissəsi müəyyən məhdudlaşdırmalara görə məmləkətimizdən uzaqlaşaraq başqa yerlərə sərmayə qoymağa başladılar. İndi isə Azərbaycan Türk məktəblərindən rəsmi qaydada imtina edir. Həm də elmi, pedaqoji, iqtisadi baxımdam faydalılığı düşünərək deyil, sırf siyasi xarakterli bir qərar alınmışdır. Həm də bu siyasi qərarın Türkiyənin baş naziri sayın Ərdoğanın avantürist bir tələbi üzrə alındığı kimsəyə sirr deyil. Münasibətlər pozulmasın deyə,Türkiyənin baş nazirinin Azərbaycan təhsilinin gələcəyini düşünmədən, Türkiyənin ölkədəki tək ciddi bağı olan bir ordunun, təhsil şəbəkəsinin, təhsil sisteminin çökdürülməsi istəyinə verilən tələsik bir cavaba bənzəyir bu qərar. Hətta Ərdoğan Ermənistanla sərhədləri heç bir şərtsiz açsaydı, Azərbaycana bu qədər vahim bir zərbə vura bilməzdi, Türkiyənin Azərbaycanda mövqeyini bu qədər sarsılda bilməzdi. Əlbəttə Azərbaycanda təhsil var, bağça var, orta məktəb var, texnikum, kollec var, universitet var. Azərbaycanda həm də təhsil yoxdur və bunlar da yoxdur. Və Tələbə Qəbulu uzrə Dövlət Komitəsi rəsmisinin hər il etiraf etdiyi kimi, təkcə yüksək nəticə göstərən Türk məktəbləri var. Son bir neçə ilin attestat imtahanlarının nəticələrinə baxsanız, hara gəlib yetişdiyimizi rahatlıqla dərk edə bilərsiniz. Bir neçə yaxşı alternativləri qorumaq üçün təhsildə daha əlverişli şərtlər yaratmaq əvəzinə otruşmuş, ölkənin üzünü ağardan bir təhsil şəbəkəsini çökdürmək, Azərbaycan üçün ciddi bir itkidir. Özlərinə qalsın kimisə təriqəti, kimnsə şeyxi, kiminsə Türkiyədəki siyasi hesablaşması. Bizi düşündürən azərbaycan uşağının, övladının harada və necə yetişməyidir, təhsili, təlimidir. Bizi düşündürən minlərlə yalandan damğa vurulub kənara atılan, gözdən çıxarılan öz ölkəsini sevən ləyaqətli bir nəsildir, gənclikdir.
Mərhum Heydər Əliyev hakimiyyətə gəldiyində ona qarşı müxalifət qanadında sərt mövqe sərgiləsəm də, müsbət işlərini soruşanda, tərəddüdsüz Türk məktəblərinin Azərbaycanın müxtəlif bölgələrində açılmasına şərait yaratmasını uzaqgörən və faydalı bir addım kimi qiymətləndirərdim. Heydər Əliyevin gördüyü uzaqlıq Azərbaycanın ən uc və strateji əhəmiyyəti olan bölgələrində bu məktəblərin mövcudluğunu ehtiva edirdi. İndi o uzaqlıq da bizim dar gözümüzlə bir daha görünməyəcək…
Bir neçə ay öncə Türkiyədən Bakıya gələn AKP-yə yaxın rəsmi şəxslərlə təsadüfən bir ziyafətdə masa arxasında söhbətim oldu. Soruşdular Türkiyədəki vəziyyətə və buradakı məktəblərlə bağlı məsələyə münasibətimi. Onlara da açıqca fikrimi bildirdim ki, siyasi İslam Türkiyəni elə bir çıxmaza soxacaqdır ki, az-çox qazandığınız uğurları da itirəcəksiniz. Türkiyədə olub-bitənlərin dalğasında buradakı məktəblərə zərər vurulması təkcə Türkiyə hökumətinin Azərbaycanın gələcəyinə xəyanəti olmayacaq, həm də Türkiyənin son qalasının bu məmləkətdə uçurulması olacaqdır. Adını nə qoyursunuzsa qoyun, fətullaçı olsun, turan yazqançı olsun, diyanətçi olsun, fərq etməz, ümumiləşmiş, simvollaşmış adı Türk məktəbidir. Əslində onlar da bu gürüşü doğru hesab edirdilər, ancaq təəssüflə, “iştə, politika bu…” deyərək köks ötürdülər.
Azərbaycana Rusiya basqısının gücləndiyi, İran təhlükəsinin səngimədiyi bir ərəfədə hansı ağılla bu adamlar Rusiyaya belə bir bayram xonçası təqdim edirlər? Ağlınıza gətirə bilərsinizmi ki, Putin Rusiyada hansısa nüfuzlu şəxslə savaşır və acığa o şəxsə yaxın olan başqa ölkələrdəki rus məktəblərinin bağlanması tələbini qoyur? Osmanlının çöküşünün əsl səbəbini yavaş-yavaş anlamağa başlayırıq. Sultan Süleymanın yerinə, mütləq kefli Səlim gəlməliydi, çünki, sultanın keyfi düşünməsini, məşvərətsiz qərar verməsini əngəlləyən mexanizm yox idi…
Bəzi nadanların mənim görüşlərimi təhrif etməsini aldırmadan Azərbaycan üçün faydalı olan hansı dəyərlər varsa və doğruluğuna inanıramsa, onu sözlə, yazı ilə də olsa qorumağı borc sayıram. Və əminəm ki, bundan sonra da Türkiyədən bura gələnlərin çoxusu elə bizə oxşamağa davam edəcəklər. Pullarını təhsilə deyil, kababxana, dönər biznesinə yatıracaqlar. Nəticədə ölkədə kababxanaların sayı artacaq. Çağ Öyrətim cızbızı, Özəl Türk qovurması, Qafqaz kotleti…
Bir yanda da təhsili çökmüş Azərbaycan Cümhuriyyəti…

Fazil Mustafa