Türk ellərindən Hacı Bayram Arslantaş

52

Budur dünyanın halı

Bu gərdiş elə bir gərdişdir ki…
Nə gələni əksik olar, nə də gedəni.
Biri lüt gəlir,
Digəri isə gedir lüt.
Heç zaman əksik olmur ki, insanı…

Harun kimi sərvət yığsa da,
Qüreyş kimi bütə tapınsa da.
Gecə- gündüz torpağı öpsə də,
Nə gələni əksik olar, nə də gedəni.

Bir Veysəl gəlib getdi o görməyən gözüylə,
Bir Yunus gəlib getdi şirin-şəkər sözüylə.
Bir Yusif gəlib getdi Ay tək gözəl üzüylə,
Nə gələni əksik olar, nə də gedəni.

Bu gərdiş elə bir gərdişdir ki,
Nə gələni əksik olar, nə də gedəni.
Hamısı lüt gəlib,
Hamısı da gedər lüt.
Bu günə qədər heç zaman
Əksik olmaz ki, insanı.

                                     11 noyabr 1976,  Afyon

Anadolum

Dalğalanır göylərində ay- ulduzlu bayraq,
Hər yanı şəhid qanıyla suvarılmış torpaq.
Şeirlər yazılır adına yarpaq- yarpaq,
Yurdum, yuvam Anadolum.

Qoynundakı insanları ali bildin,
Kəsilməyən yaşlarını həmən sildin.
Ağuşunu cənnətə bərabər bildim,
Yurdum, yuvam Anadolum.

Sən mənim həm anam, həm də atamsan,
Sən mənim ölümsüzlüyə ucalan butamsan.
Sən mənimçün ələ düşməz Vətənsən.
Yurdum, yuvam Anadolum.

Bir kimsə sevməz ki, mən sevən qədər,
Namərdlə nə işin, olmasın kədər…
Səndə azadlığım sonsuza qədər
Yurdum, yuvam Anadolum.

                            5 mart 1973. Çetinqaya.

 Eşq mənə həsrətdi, mən də eşqə

Gözlərin bir ayrı bahardı sənin,
Çiçək-çiçəyiydi xəyallarımız
Öncə gözü qanlı ayrılıqlar
girdi aramıza,
sonra mən ağı dedim sətirlərimdə.

Qan qusdum səhərləri gözləməkdən səni.
Sovrulmuş xırman gəldi
Şeir tarlama.
Yağışlı gecələrin zülmət qaranlığında
Nəmli düşüncələrimə, bələnmiş
Yatağım mənə həsrət, mən də yatağıma.

Ağrı-acılar izimi buraxmır,
Yorulmuşam.
Zamansız gözləntilərin o tərəfində
Qəhər yüklənib vərəqlərimə,
Qələmim hüznlü,
Şairliyim də əsir olub sevdama.

Və yuxularımı bağışladım sənə,
Sən mənə həsrət, mən də sənə….
Eşq şeirləri süzülərdi dodaqlarımdan
Şəklin ovuclarımda ağlardım.
Elə bir dünyadayam ki!…
Tənhalığım saplanır dörd divara.
Nə olar, bir şey soruşma…
Eşq mənə həsrət, mən də eşqə.

                     1 mart 1975. Çətinqaya.

   Yazam

Bilirsinizmi?
Yazam mən.
Mənimlə başlayar həyat,
Canlanar təbiət.
Gələr çərşənbələr,
İlki havaya,
İkincisi suya,
Düşdümü axırıncısı torpağa,
Həyat verər təbiətə.

Qarlar əriyər,
Dərələrdən axar sular,
Tumurcuqlar açar,
Nəğmə deyər quşlar,
Böcəklər çıxar yuvalarından.
Yazam mən.
Bilirəm hər kəs məni sevər,
Mən də hər kəsi.

Çünki
Uşaq-müşaq,
Ana, ata,
Nənə, baba,
Bütün böcəklər eşikdə,
Bilinir ki…
Dörd gözlə gözlədiyimiz
Yaz gələcək.

                           4 mart 2009. Mersin.

Doymadım Anadolumdan


Mən Anadolumda yaşadığım  zaman
Nə bilim hansı bir yerində
Neçə aşığa yastıq eylədim sinəmi.
Orada sevdim insanları.
Yurd oldum könlü xoşlara.
Bu sevgidəndir ki,
Ən gözəl çiçəklər bağrımda açdı.
Doymadım,
Heç doymadım ki, mən Anadolumdan.

Bəzən kədərləndim,
Sevindim bəzən də.
Doymadım
Heç doymadım ki, mən Anadolumdan.

Yüyürərkən sevdanın yollarında
Qasırğalarla qarşılaşdım.
Sevgini tanıdım orada.
Sevdim, sevildim
Bərabər güldüm, bərabər də ağladım.
Doymadım.
Heç doymadım ki, mən Anadolumdan.

Su içdim gözlərindən çanaq-çanaq.
Sərinlətdi məni dərələri.
Qəhərli yelləri əsərkən dağlarında
Qara buludları çətirim oldu.

Yürüdüm tozlu yollarında ayağı yalın.
Doymadım
Heç doymadım ki, mən Anadolumdan.

15 iyun 1998. Gemlik.

 Əlvida

Sevgilərlə gəldim sizə,
Sağlıqla qalın gedirəm, dostlar.
Əlvida artıq bizə.

Çalışdıq, çabaladıq,
Fikir bir, amal birdir.
Alacaq dedik, verəcək dedik,
İcmal, primanata, toplam dedik.
Bəzən ac qaldıq,
Bəzən böyrək, küftə yedik.
Sağlıqla qalın, gedirəm, dostlar.
Əlvida artıq bizə.

Doymadım, doya bilmədim hər birinizdən
Sizi tapşırıram sizə.
İnşallah əzilməyibsiniz,
Yaxşı qalıbsınız.
Sağlıqla qalın, gedirəm, dostlar.
Əlvida artıq bizə.

Dilim gəlmir ancaq!
Gedib geri dönməmək də var.
Gedib qayıdanda
Kimisə görməmək də var.
İnanın dünya boşuna.
Qəbul etmək lazımdır
bu həqiqəti
Sağlıqla qalın, gedirəm, dostlar.
Əlvida artıq bizə.

Ölüm gördük bərabər,
Toy eylədik bərabər,
Güldük bərabər,
Ağladıq bərabər.
Özüm nə qədər getsəm də,
Könlüm sizlərlə bərabər.
Gəldi artıq ayrılıq zamanı
Sağlıqla qalın, gedirəm, dostlar.
Əlvida artıq bizə.

9 yanvar 2000. Umurbey.



         Güllü qız

Aylarca, illərcə öncə
Anadolu çöllərində
Bir qız görmüşdüm.
Bilirsiniz,
Bəlkə də, demişəm.
Adını alıb.
Güllər kimi ətir saçan
Bu qızın Güllü idi adı.
O da görmüşdü məni.
Mən uşaq,
O uşaq.
İkimiz də bir-birimizə
Baxdıq uşaq sevgisiylə.
Baxışlarımız toqquşdu bir an.
İndi dərk edirəm ki,
Sevda deyərlərmiş o baxışlara.
Mən vurulmuşdum ilk dəfə
İllər öncə
Anadolu çöllərində.
İlləri təsbeh dənəsi kimi,
İndi sayıram barmaqlarımla.
Necə günlər idi, o günlər….
Həyatımın ən gözəl günləri
Qaldı Mazidə
Unutmadım, unuda da bilmirəm
Ağarmış saçlarımla bu gün
Düşünürəm hələ də Güllü qızı
Anadolu çöllərində.

                      15 yanvar 1975. Çətinqaya.

    Duyğu

Həqiqətən də sevimlidir gözlərin.
Həm dərk edirəm,
Həm də duya bilirəm.
Həm sevdiyini deyir,
Həm də sevəcəyini.
Elə baxır ki….
Baxışında belə,
Sirli bir məna var.

Həqiqətən də sevimlidir ürəyin.
Aydındır masmavi göy üzü qədər,
Dərin quyu kimi.
Qapılarını bağlamısan ancaq.
Ürəyinin açarlarının
Gizlədilməsində belə,
Sirli bir məna var.

Həqiqətən də sevimlidir dodaqların
Həm görürəm,
Həm də duya bilirəm.
Güləndə də gülürsən, ağlayanda da…
Sizə bir şeylər deyim:

Sözlərində belə
Sirli bir məna var.

1 aprel 1976. Afyon.

 

Gəzdim qarı

Şaftalı ətirli ağaclar arasıyla
Səfər edərkən Bursadan İstanbula,
Orxan Velinin “dənizi gördüyü” yerdə mən,
Gəmlikdə gördüm qarı.

Sevincin ağuşunda günəşli bir gündə,
Saf, təmiz havanı uda-uda,
Dolanbaclı yollardan enərkən mən,
Uludağda gördüm qarı.

Qiş fəsli, hava soyuq, bayırda ayaz,
Soğanlı dağının örpəyi bəmbəyaz.
Bütün aləm meyvəsini toplayarkən mən,
Zeytun budağında gördüm qarı.

Yuxusuz gecələrə xalı ikən gözlərim,
Saf könlümü əyləndirərkən eyvanda,
Gecə saat on ikini on keçəndə mən.
Dənizdə gördüm qarı.

Oyandı təbiət, fəsilsə bahar,
Dərin dərələrdə çağlayır sular.
Gəzir budaq-budaq nəğməli quşlar,
Pəncərəmdən mən
Gördüm qarı.

                             8 may 1993. Gemlik

 Sərçə

Budaqdan budağa uçar,
Yaza ilkin qanad açar.
Ovçulardan həmən qaçar,
Aman sərçə, canım sərçə.

Nəğmələrin necə şirin,
Ay kiçik, qanadlı pərim.
İşvə, nazda var öz yerin,
Aman sərçə, canım sərçə.

Pərvazlanan gözəl quşdun,
Yuvana yaralı düşdün.
Balalarınla görüşdün,
Aman sərçə, canım sərçə.

Dolaşırsan bağ-bağçada,
Yerin vardır hər taxçada.
Uyuyursan gül baxçada,
Aman sərçə, canım sərçə.

                         21 mart 1972. Çətinqaya.

 Gəl, keyfim, gəl

Kürəyimi verdim
Umurbəy yamaclarında Aytəpəyə.
Gəl, keyfim, gəl.
Həyatımın ən gözəl günlərini yaşayıram.
Çılğın könlümdən isə
Nələr keçir, nələr….
Köksümü açıram
Gəmlikdən əsən
Sevdalı körfəz küləklərinə.
Gəl, keyfim, gəl.
Bir tərəfimdə əsirlik çinar,
Bir tərəfimdə isə zeytun budağı.

Baxın, bu yaşıllığa,
Bu gözəl mənzərəyə baxın!
Bu cür gözəlliyə kim sevdalı olmaz ki…
Gün başını götürüb gedir,
Kumlayı gəzincə beləcə
Doymaq olmur seyr etməkdən körfəzi.
Hələ bir də
Dənizin şöləsi, şəfəqi vurdumu Anıtməzarı
Tarixə baş vurursan,
Orada bütünləşir xatirələr.
Gəl, keyfim, gəl.

Körfəzin bir başında Anıtməzar,
Qarşımda isə İmralı adası.
Nələr xatırladır insana, nələr.
Dəniz, tarix, mənzərə bütövləşir
Umurbəy yamaclarından.
Gəmlik körfəzində Mərmərə,
Gəl, keyfim, gəl.

                          13 yanvar 1999. Umurbəy.

 Türkiyə türkcəsindən uyğunlaşdıranı Ələsgər Talıboğlu