Türk elləri: tuva-tocilər

Rusiya türkoloqları Altayda və Sibirdə yaşayan türk xalqlarından bəhs edərkən, adətən, onları bir-birindən müstəqil xalqlar kimi qələmə verməyə çalışırlar və bunu  daha çox subyektiv və əksər hallarda reallığı əks etdirməyən faktlarla sübut etməyə çalışırlar.
 Bunu Tuva Respublikasında yaşayan və cüzi dialekt fərqləri istisna edilməklə tuvalılarla eyni dildə danışan tuva-tocilərin müstəqil xalq kimi qələmə verilməsi də bir daha sübut edir. Tocilər də özlərini tuvalılar kimi tııva, tuıqa, tyıxa adlandırırlar.  Bu baxımdan tuva-tocilərin dili Tuva dilinin dialektlərindən biri olduğu şübhə doğurmur. Tocilər (Şərqi tuvalılar)  Şərqi Sayan dağlarının dağlıq (tayqa) və dağətəyi ərazilərində, Böyük Yeniseyin yuxarı axarlarında (Biy Xem) və Kiçik Yeniseyin Kaa-Xem  ətrafında yaşayırlar Tocilər Şimal-Şərqi Tuvanın 4,5 min kvadratkilometrlik ərazisində yaşayırlar. Ümumilikdə isə onlar Tuva Respublikasının 44,8 min kvadratkilometrlik ərazisində məskunlaşıblar. Bu da Tuva ərazisinin 26,2 faizini təşkil edirlər. Tuva-Tocidə yayda temperatur +17-35, qışda isə -18-50 dərəcə olur. Qədimlərdən tuva-tocilər bir neçə qohum soylara bölünüblər. Məsələn, onlardan Ak-Çoodu soyu Uluq dağ ətrafında, Xam-sıra çayı hövzəsində, Kara Çoodu soyu isə Oduqen dağı, Serliq çayı ətrafında yaşayıblar. Kol Todut, Ak və digər soylar isə müvafiq olaraq onlara qonşu ərazilərdə məskunlaşıblar.Dağlıq ərazidə yaşamaları səbəbindən onlar tuvalılardan təcrid olunmuş kimi görünürlər. Tuva-tocilərin etnogenezisnə gəlincə, məşhur türkoloq-alim Potapov onların etnik cəhətdən formalaşmasında samodiylərin, ketlərin, monqolların və türklərin mühüm rol oynadığını, hətta vaxtı ilə bu əraziyə Türküstandan – Mərkəzi Asiyadan irandilli xalqların köç etdiyini və tuva-tocilərin yalnız 19-cu əsrdə türkləşdiyini iddia edir. Amma bunun üçün tarixçi alim hər hansı bir fakt göstərə bilmir. Çünki belə bir fakt, sadəcə olaraq, yoxdur və ehtimallarla isə hansısa xalqın etnik cəhətdən formalaşdığını iddia etmək məntiqsizlik görünür. Tuva-tocilərin türk olduğu əslində şübhə doğurmur. Onların etnik cəhətdən formalaşmasında digər qeyri-türk xalqların iştirak etməsinə gəlincə, bu amil təbii qarşılanmalıdır. Çünki müxtəlif ləhcələrdə danışan və bir-birlərindən siyasi və iqtisadi səbəblərdən ayrı düşən türklər yeri gəldikcə bir ərazidən digərinə və ya ya geriyə köç edərək qan qohumları ilə qaynayıb-qarışmışlar.

Sayları

1931-ci ildə keçirilən siyahıyaalma zamanı tuva-tocilərin kompakt yaşadıqları Toci rayonunda 2115 yerli əhali (568 təsərrüfat) qeydə alınıb.1994-cü ildə Tuva-tocilərin dillərini və mədəniyyətlərini tədqiq edən tədqiqatçı alim D. M. Nasilov onların sayının 6000 nəfər olduğunu bildirib. 2002-ci ildə keçirilən siyahıyaalma zamanı isə Rusiya Federasiyasında 36 min nəfər tuva-tocilərin yaşadığı məlum olub.

Toci dili (dialekti) məktəblərdə, demək olar, tədris olunmur. Əvəzində tuva-tocilər yaşayan ərazilərdə ədəbi dil kimi Tuva dilindən istifadə edilir. Tuva-toci məktəblərində Tuva dili əsas dil kimi keçirilir. Bu da təbiidir. Çünki faktiki olaraq tocilərlə tuvalılar dialekt fərqi nəzərə alınmadan eyni dildə  danışırlar. Onu da deyək ki, tuva-tocilər arasından tanınmış mədəniyyət xadimləri çıxıb. Tanınmış yazıçı Stepan Sarıq-oola da tuva-tocilərin yetişdirdiyi simalardandır. Onun əsərlərində tuva-tocilərin həyatı geniş şəkildə əks olunub. Bu əsərlərində yazıçı tuva-tocilərin yaşayışlarını, gündəlik həyatlarını, özlərinə xas olan mədəni-məişətlərini olduqca böyük ustalıqla təsvir edib.  Stepan Sarıq-oolanı ona görə də xalq arasında məhəbbətlə tuva-tocilərin Çingiz Aytmatovu adlandırırlar. Stepan Sarıq-oolanın əsərlərində xalqının kədərləri, dərdi, sevinci, tarixi, şərəfli keçmişi insanın qəlbini riqqətə gətirən dərəcədə həsaslıqla təsvir olunur.

Məşğuliyyətləri

Tuva-tocilər tayqa şəraitində yaşadıqları üçün tarix boyu ovçuluqla, maralçılıqla, yabanı meyvə və giləmeyvə, o cümlədən küknar qozaları toplamaqla  məşğul olublar. Belə bir həyat tərzi onların əslində yaşayış uğrunda mübarizəsi anlamına gəlir. Çünki qısa yayda uzun sürən və olduqca sərt keçən qışdan sağ və salamat çıxmaq, acından ölməyərək sağ qalmaq tuva-tocilərin yayda özlərinə necə azuqə toplamasından asılı olub. Amma qışda da tuva-tocilər ovçuluqla məşğul olublar və belə bir həyat tərzi əsrlər boyu onların adi həyat tərzinə çevrilib. Yalnız ötən əsrin  20-ci illərindən sonra kolxoz və sovxoz quruculuğu prosesi tuva-tocilərin həyatında müəyyən dəyişikliklərə səbəb oldu. Lakin kənd yerlərində bu günün özündə belə tuva-tocilər dədə-babalarından yadigar qalan yaşayış tərzlərini müəyyən qədər yaşatmaqda davam edirlər.

Tuva-tocilər iki mədəni təsərrüfat qrupuna bölünürlər. Onlardan biri Biy-Xem çayı vadisində və Tocidə yaşayan heyvan saxlamaqla və ovçuluqla, digəri isə maralçılıqla və ovçuluqla məşğul olanlardır. Maralçılıqla və ovçuluqla məşğul olan tocilər həm etnik, həm də mədəni baxımdan Tofa türklərinə çox yaxındırlar. Bu çərçivədə də toci dialekti ovçu-maralçı və ovçu heyvandarlar danışıqlarına bölünür. Amma bu onların hamısının özlərini tuva adlandırmasına mane olmur. Mərkəzi və Qərbi Tuvada yaşayanlar tociləri toju kijilər (kişilər), tojular-toci adamları adlandırırlar.

Tuva-tocilərin geyimləri də bölgədəki digər xalqlarındakından fərqlənmir. Tuva-tocilər komalarda- alaçıqlarda yaşayıblar.  Qışın sərt soyuğuna davam gətirmək üçün alaçıqların üstü yayda tozağacı, qışda isə heyvan dəriləri ilə örtülüb.

Bayramlar

Tuva-tocilərin özlərinəməxsus bir neçə bayramı var. Bunlardan biri, yeni il bayramı olan Şaqaadır. Bundan əlavə, yun emalı, dini, toy, uşağın anadan olması, idman, oxatma, kureş (güləş), atoynatma bayramları da tuva-tocilər arasında geniş yayılıb. Tuva-tocilər arasında şifahi xalq yaradıcılığı, qəhrəmanlıq eposları, əfsanələr, tapmacalar, atalar sözləri geniş yayılıb. İndiyə kimi qəhrəmanlıq eposlarını nağıl edən nağılçılar mövcuddur.

Din dəyişmə və assimilyasiya

Tuva-tocilərdə şamanizm əsas din sayılır  Şamanlar  özləri isə müxtəlif kateqoriyalara bölünürlər. Məsələn, əcdad şamanları, torpaq və su ruhları şamanları, göy şamanları, qəzəbli ruh (albıs), qəzəbli əzab ruhları şamanları bu xalq arasında geniş yayılıb. Yalnız min illər boyu nəsilliklə şamanlıqla məşğul olan şamanlar əsl şamanlar hesab edilirlər. Tuva-tocilərə görə dağın, gölün, çayın, hətta ağacların belə öz ruhları var. Tuva-tocilər arasında təbii artım sürətlə azalmaqdadır. Əgər ötən əsrin ortalarında tuva-tocilər arasında təbii artım 100 nəfərə görə 6,3 nəfər hesab edilirdisə hazırda bu rəqəm cəmisi 1,9 nəfərdir. Tuva-tocilərin saylarının azalmasına bir səbəb də onların ruslar tərəfindən sürətlə assimilyasiya olunmasıdır. Ruslar tuva-tocilərin assimilyasiyasını  sürətləndirmək üçün onların ana dillərində deyil, rus dilində təhsil alması siyasətini həyata keçirirlər. Bölgədə dövlət dili kimi yalnız rus dili işlədilir. Bu da tuva-toci ləhcəsində  (dilində) danışanların saylarının sürətlə azalmasına gətirib çıxarıb. Bundan əlavə SSRİ dağılandan sonra xristian missionerlər tərəfindən yerli əhalinin xristianlaşdırılmasına( pravoslav) başlanılıb. Bu da xristianlaşdırılan tuva-tocilərin övladlarına türk deyil, rus adları vermələri ilə müşahidə olunmaqdadır. Belə davam edəcəyi təqdirdə, yaxın 25-30 ildə tuva-tocilər tarixin səhnəsindən silinib getmək təhlükəsi ilə üzləşəcəklər…

Əziz Mustafa